Hikmət Hacıyev generalla ön cəbhəyə getdi – FOTOLAR
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Prezident köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ön xətdə yerləşən bir sıra hərbi hissələrdə olublar.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.
Düşmənlə üzbəüz yüksək dağlıq şəraitdə döyüş növbətçiliyi aparan şəxsi heyətin xidməti ilə maraqlanan H.Hacıyev komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini müşahidə edib.
Sonra Horadiz şəhərində yerləşən Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib.
Ön xətdə olan qonaqlar döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb. Görüş zamanı Ali Baş Komandanın salamlarını şəxsi heyətə çatdıran H.Hacıyev Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi və hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı cənab Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası istiqamətində fəaliyyətlərin davam etməsindən danışaraq bu məsələlərin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu da xüsusi vurğulayıb.
Sonra ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçularla birgə nahar edilib və çay süfrəsi arxasında söhbət aparılıb.
Cəbhəboyu kəndlərdən birində yerli sakinlərlə görüşən H.Hacıyev ölkə başçısının salamlarını onlara çatdırıb və əhalinin qayğıları ilə maraqlanıb. Yaradılan şəraitdən məmnunluqlarını ifadə edən kənd sakinləri onların minnətdarlığının ölkə rəhbərliyinə çatdırılmasını xahiş ediblər.
763 dəfə oxundu