Parlamentin ilk iclasına Zeynəb Xanlarova sədrlik edəcək
Noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin ilkin nəticələrinə görə, 776 namizəd arasından 125 mandatı qazananların siyahısı açıqlanıb. Modern.az saytı 125 qalib arasında ən cavan və ən yaşlı deputatın kim olduğunu müəyyənləşdirib. Milli Məclisə seçilən ən cavan deputat hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Naqif Həmzəyevdir. 1983-cü il təvəllüdlü (32 yaş) Naqif Həmzəyev 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin seçicilərini növbəti 5 il müddətində parlamentdə təmsil edəcək.
Milli Məclisin ən qocaman deputatı isə xalq artisti, bitərəf Zeynəb Xanlarovadır. 1936-ci il təvəllüdlü (79 yaş) Zeynəb Xanlarova növbəti 5 il müddətinə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilib. Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, parlamentin ilk iclasını ən qocaman deputat açır, yeni seçilən deputatların siyahısını oxuyur və sədr seçilənədək birinci iclası aparır. Beləliklə, Zeynəb Xanlarova V çağırış Milli Məclisin ilk iclasına sədrlik edəcək. Onun təklifi ilə Hesablayıcı Komissiya və bu barədə qərar qəbul edildikdən sonra sədr seçiləcək.
Xatırladaq ki, 2005-ci ildə III çağırış Milli Məclisin ilk iclasını Murtuz Ələsgərov aparıb. 2010-cu ildə IV çağırış Milli Məclisin ilk iclasını ən yaşlı deputat Cəlal Əliyev açmalıydı, lakin o xəstə olduğundan parlamentə gəlməmişdi. Bu səbəbdən də IV çağırış Milli Məclisin ilk iclasını parlamentin digər yaşlı deputatı Fəttah Heydərov (1938-ci il təvəllüdlü) açmışdı. Çox güman ki, Zeynəb Xanlarova bu dəfə də iclası açmaq səlahiyyətini Fəttah Heydərova güzəştə gedəcək...
1043 dəfə oxundu