Azərbaycanlı həkimlər doğulmamış uşağı əməliyyat etdilər VIDEO
Azərbaycanda doğulmamış körpə əməliyyat olunub.
GUNDEMİNFO.AZ yazır ki, ans-in məlumatına görə, ana bətnində olan qız uşağının ağ ciyərində əməliyyat Azərbaycan Tibb Universitetinin cərrahiyə korpusunda baş tutub. Torakotsentez və ya döş boşluğundan mayenin götürülməsi proseduru nadir əməliyyatlardan deyil. Lakin bu dəfə həkimlərin işini pasiyenti hələ doğulmaması çətinləşdirib. Dölün ağ ciyərlərində patologiyanın olduğu ultrasəs müayinəsi zamanı (USM) müəyyən olunub. Bu cür patologiya ölümlə nəticələnə bilərdi. Uşaq üzərində əməliyyat yarım saat ərzində aparılıb.
Tibb universitetinin ginekologiya və mamalıq bölməsinin baş həkimi Turab Canbaxışovun sözlərinə görə, bu əməliyyat çox böyük risk idi: “Döş qəfəsinin punksiyasından sonra, 3-4 gündən sonra ürəyin əks istiqamətə sürüşdüyünə görə o öz yerinə qayıtdı. Ürək fəaliyyəti bərpa olundu, ciyərlər açıldı və inkişaf etməyə başladı. Biz uşağı itirə bilərdik, amma dünya ədəbiyyatına əsaslanaraq qabağa getdik”.
Ana və uşağın doğuş zamanı təhlükəsizliyini qorumaq üçün mütəxəsislər qeysəriyə əməliyyatı keçirməyə qərar veriblər.
Balaca Zahidənin artıq bir ayı tamam olub və qızcığaz tamamilə sağlamdır. Lakin buna baxmayaraq həkimlər mütəmadi olaraq onun səhhətini yoxlayırlar: uşağın boyunu, çəkisini ölçürlər, reflekslərini yoxlayırlar. Ən əsası isə ürək və ciyərlərinin fəaliyyətini nəzarətdə saxlayırlar.
Bir aylıq Zahidə valideynləri ilə
Universitetin neonatologiya bölməsinin baş həkimi Səadət Yaqubova isə deyir ki, onların bu cür uşaqlarla iş təcrübəsi var. “Təcrübə göstərir belə ağır patologiya ilə doğulan uşaqlar həyatının ilk günlərində dünyasını dəyişirlər”.
Körpənin anası Azadə Quliyeva da özünü yaxşı hiss edir, amma əməliyyat haqda eşidəndə qorxduğunu da qizlətmir.
“Kifayət gədər böyük müddətə baxmayaraq hamı mənə hamiləliyi pozmağı tövsiyyə edirdi. Amma mənim üçün ən əsası bu uşağı, qüsurla olsa belə dünyaya gətirmək idi, onun sağ doğulmasını istəyirdim. Bu bizim ilk uşağımızdır və mən bunu edə bilməzdim. Xoşbəxtlikdən hər şey yaxşı qurtardı və mən Allaha və hamıya təşəkkür edirəm ki, balamı qucağıma sağ salamat ala bildim”.
Bu cür pozuntuların səbəbləri çoxdur, amma ən geniş yayılanı zəif immun sistemidir. Artıq Azərbaycanda da belə patologiyaların qarşısını almaq mümkündür. İlk uğurlu əməliyyatdan sonra bu cür prosedurların geniş yayılacağı gözlənilir.
1276 dəfə oxundu