“Türkologiya” jurnalının 2021-ci il üçün 1-ci sayı işıq üzü görüb
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının 1-ci sayı (2021) nəşr olunub.
Gundminfo.az xəbər verir ki, jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimovun verdiyi məlumata görə, “Türkologiya” jurnalının 1-ci sayında türkologiyanın müxtəlif sahələrinə dair Azərbaycan, türk, ingilis və rus dillərində elmi məqalələr dərc olunub. O, qeyd edib ki, jurnalın bu sayında İmre Paçainin “Macar dilinin qafiyəli təkrirlərində türk təsirinin əksi”, Xalidə Metenin “Ümumtürk dastanlarında “qırx ərən”, “at” və “silah” motivləri”, Möhsün Nağısoylunun “Orta əsr Azərbaycan-türk əlyazmalarının bəzi imla xüsusiyyətləri” adlı məqalələri başda olmaqla bir çox orijinal araşdırmalara yer verilib.
Junralın 1-ci sayının klassik irs, dilçilik, ədəbiyyat və folklor, yazılı abidələr, müzakirə və diskussiya, türkoloji mərkəzlər rubrikalarında Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan və Macarıstanın elmi mərkəzlərindən göndərilmiş maraqlı elmi araşdırmalar dərc edilib. Məqalələrdən S.İ.İqilikova, M.M.Malbəkov, S.Ş.Mədiyev. “Dilin tarixi lüğətində on iki illik təqvimdə heyvan adları (Musel)” (Qazaxıstan); Yılmaz Özkaya. “Tərcüman” qəzetində çuvaşlar və İsmail Qaspıralının qeyri-müsəlman türklərə baxışı” (Türkiyə); Yelena Oqanova. “Müasir Rusiyada türk dilinin öyrənilməsi (universitet təhsili)” (Rusiya) və s. nümunə göstərmək olar.
Elmi həyat, resenziyalar, personalia və nekroloqlar rubrikalarında isə türkologiyada əlamətdar hadisələrə, önəmli nəşrlərə və görkəmli şəxsiyyətlərə dair maraqlı yazılar dərc edilib.
Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 2 dəfə nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.
740 dəfə oxundu