Vətən müharibəsi Şəhidlərindən bəhs edən kitab çıxıb
44 günlük Vətən müharibəsində şanlı qələbənin qazanılmasında igidlik göstərərək şəhid olmuş oğullarımızın döyüş
yolundan bəhs edən "Zəfər Yolunda" kitabının təqdimatı keçirilib.
Gundeminfo.az-ın məlumatına görə, kitab şəhidlik zirvəsinə ucalmış Cəbrayılın qəhrəman oğullarına həsr edilib.
Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, başçının birinci müavini, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Cəbrayıl rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, kitabın müəllifləri İsmayil İmanzadə və Tariyel Abbasov, rayon ziyalısı Əlirza Xələfli, şəhid ailələri iştirak edərək, öz təəssüratlarını bölüşüblər.
Millət vəkili Ceyhun Məmmədov çıxışında şəhidlik məqamının müqəddəsliyindən danışaraq, Vətən şəhidlərinin adının belə bir kitabda əbədiləşdirilməsinin, zəfər tariximizə yazılmasının yetişməkdə olan nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, onların sabahın mərd və cəsur Vətən müdafiəçiləri olmasını qeyd edib. O, kitabın hazırlanmasında zəhməti olan hər kəsə təşəkkürünü bildirib.
Oxucuların ixtiyarına verilən bu kitab şəhidlərin ruhuna böyük ehtiram, onların daim qəlblərimizdə əbədi yaşayacağına sübutdur. Kitabda adları keçən qəhrəmanların hər biri ölümsüzlük qazanmış qəhrəmanlardır. Onlar həm də hər bir gəncə əyani nümunədir.
Allahdan şəhidlərimizə rəhmət diləyirik.
528 dəfə oxundu