"Azərbaycan xalqı bu bəlanın nə olduğunu yaxşı bilir" - Allahşükür Paşazadə
“Dünyanı lərzəyə gətirən terror hadisələri bizi hədsiz narahat edir. Terrordan, təcavüzdən əziyyət çəkmiş Azərbaycan xalqı bu bəlanın nə olduğunu yaxşı bilir”.
Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İsveçin Stokholm şəhərində “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda elmi konfransda çıxışı zaman deyib.
A.Paşazadə bildirib ki, ötən əsrin sonlarında erməni ekstremistləri tərəfindən əzəli Azərbaycan torpaqlarında etnik təmizləməyə məruz qalmış, Xocalı soyqırımını yaşamış azərbaycanlıların həyəcan təbili, təəssüflər olsun ki, dünya birliyi tərəfindən vaxtilə lazımi diqqətlə qarşılanmadı: “Biz terrorun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir, beynəlxalq terrorizmə qarşı aparılan mübarizəni dəstəkləyirik. Uca Yaradanımızın yaratdığı müqəddəs dəyər olan insan həyatına qəsd edənlərin dini və milli mənsubiyyəti yoxdur. Terror bəşəriyyəti təhdid edən ümumi bəladır və bu bəladan yalnız birgə səylərlə qurtula bilərik”.
QMİ sədri bildirib ki, son günlər Livanda, Sinayda, ələlxüsus, Avropanın mərkəzində - Fransada baş verən terror aktları bir daha sübut edir ki, mədəniyyətlərarası, dinlərarası dialoq sahəsində hələ çox iş görülməlidir: “Arzu edərdim ki, dünya birliyi – siyasi liderlər, beynəlxalq təşkilatlar, dini rəhbərlər birləşərək multikultural dəyərlərin zəfərini, ümumi evimizdə sabitlik və əmniyyəti təmin etsinlər. Bütün bunların fövqündə, milli-mənəvi dəyərlərinə sadiq, demokratik dünyəvi dövlət olan Azərbaycan öz multikultural dövlət modelini qloballaşan dünyaya təqdim edir”.
A.Paşazadə əlavə edib ki, Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib: “Ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir. Bu bizim fəxarət, qürur mənbəyimizdir. Azərbaycanda din-dövlət münasibətləri düzgün qurulub. Milli, dini tolerantlıq, multikulturalizm dövlət səviyyəsində dəstəklənir”.
Şeyxülislam vurğulayıb ki, Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar heç bir ayrı-seçkilik olmadan dövlətin diqqət və himayəsini eyni dərəcədə üzərilərində hiss edirlər: “Bu müdrik siyasətin əsası dünyaca tanınmış öndərimiz Heydər Əliyevin zamanında qoyulub. Bu siyasət Prezidentimiz İlham Əliyev cənabları tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir. Şükürlər olsun, dövlət başçımızın müdrik dövlətçilik siyasəti sayəsində Azərbaycan iqtisadi, siyasi və mənəvi cəhətdən Qafqazın lider dövlətinə çevrilib. Müasir Azərbaycan dini dəyərlərə ən yüksək ehtiramın, dini abidələrə - məscidlərlə yanaşı, xristian və yəhudi dini məbədlərinə dövlət səviyyəsində qayğı və himayənin nümayiş etdirildiyi nümunəvi məkan kimi dünyada tanınır. Əlbəttə ki, bütün bunlar ölkəmizdə daxili birliyimizi, sabitliyimizi, vətəndaş həmrəyliyimizi güclü edir”.
1001 dəfə oxundu