Başlıbel qurbanları ekshumasiyadan sonra yenidən Kəlbəcərdə dəfn edildi - VIDEO

Başlıbel qurbanları ekshumasiyadan sonra yenidən Kəlbəcərdə dəfn edildi -
İTV telekanalı 1993-cü ildə Kəlbəcərin Başlıbel kəndində ermənilərin törətdiyi qətliamın şahidləri ilə birgə həmin kəndə yollanıb.

Gundeminfo.az xəbər verir ki, 1993-cü ildə Kəlbəcər işğal olunanda kənddən çıxmağa macal tapmayan sakinlər mağaralarda gizləniblər.

Sonradan erməni vandalları onları taparaq insanlıq faciəsi törədiblər.

Kənd ucqar olduğundan sakinlər işğaldan gec xəbər tutublar. Bu zaman isə artıq gec olub...

Kəlbəcərin işğaldan azad olunmasından sonra müəyyən edilib ki, 3 aprel 1993-cü ildə Ermənistan Silahlı qüvvələri Başlıbel kəndinə silahlı hücum edərək, kütləvi surətdə kənd sakinlərinə məxsus evləri qarət etmiş və tamamilə yandırıblar. Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 km aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. 62 nəfərdən 48 nəfər Başlıbel, 1 nəfər Taxtabaşı kənd, 4 nəfər Laçın rayon sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olublar.

Ermənistan silahlı qüvvələrinin avtomat və iri çaplı silahlarla silahlanmış ünsürləri öz azğınlıqlarını davam etdirərək, 18 aprel 1993-cü ildə silahsız mülki şəxslərin öz doğma kəndlərində qayalara sığındığı yerləri axtararaq aşkar edib, həmin gün saat 15-dən 21 radələrinədək köməksiz vəziyyətdə qalmış mülki şəxslərin gizləndiyi mağaraları atəşə tutmağa başlayıblar. Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1 nəfər 12 yaşlı uşaq, 1 nəfər 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın, 6 kişi olmaqla) – 63 yaşlı Səmədov Yaqub İsa oğlu, 54 yaşlı Əhmədova Büsat Əliş qızı, 12 yaşlı Əhmədova Zövqiyyə Binnət qızı, 60 yaşlı Əmralıyev Məhəmməd Abış oğlu, 29 yaşlı Əmralıyev Surxay Məhəmməd oğlu, 21 yaşlı Əmralıyev Çingiz Məhəmməd oğlu, 16 yaşlı Əmralıyeva Aygün Məhəmməd qızı, 67 yaşlı Həsənova Çiçək Mikayıl qızı, 68 yaşlı Cəfərova Gülara Cəfər qızı, 95 yaşlı Cəfərova Gülgəz Qədim qızı, 22 yaşlı Abdullayev Vüqar İsa oğlu və 52 yaşlı Əsgərov Əhliman Əvəz oğlu sığındıqları yerdə qəsdən öldürülüb.

Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənib, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq 12 may 1993-cü ildə gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar.

Baş Prokurorluğunun İstintaq idarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən 24 aprel 2021-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək, 50 sm dərinlikdə torpağa basdırılmış kəskin çürüməyə məruz qalaraq skletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkar edilib.

Başlıbel qurbanları ekshumasiyadan sonra yenidən Kəlbəcərdə dəfn ediliblər.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
874 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...