Orta aylıq əməkhaqqı və cərimələr: “Cərimələrin məbləği yüksəkdir”

Orta aylıq əməkhaqqı və cərimələr:

Son günlər bəzi ölkələrdə karantin cərimələri silinib. Bu bizim cəmiyyətdə də müzakirələrə səbəb olub. Vətəndaşlarımız karantin cərimələrinin silinməsini tələb edirlər. Bəzi ekspertlər isə bildirir ki, bəzi nəzarətedici və idarəedici orqanlar məqsədli olaraq cərimələri artırırlar.

Maraqlıdır, Azərbaycanda tətbiq olunan cərimələr orta aylıq əməkhaqqına uyğundurmu ?

Mövzu ilə Editor.az-a danışan iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, karantin dövründə cərimələr vasitəsilə cəmiyyətdaxili münasibətlərin tənzimlənməsi və pandemiyadan qorunma düzgün deyil:

” Düzdür, cərimələr cəmiyyətdə müəyyən qədər xof yaradır və karantin qaydalarına əməl etməyi təmin edir. Lakin son nəticəyə baxsaq problem tam həll olunmur. Cəmiyyətdə cərimələrin tətbiqindənsə, bu istiqamətdə ciddi maarifləndirmə işləri aparılmalıdır. Lakin cərimələrin tətbiqinə ehtiyac varsa, o zaman cərimələr ölkə minimum orta aylıq əməkhaqqına və əhalinin gəlir səviyyəsinə uyğunlaşdırılmalıdır. Bir ölkədə minimum əməkhaqqı 250 manatdırsa, sürücülər üçün nəzərdə tutulmuş cərimələr 800-1000 manat təşkil edilməməlidir. Bu, absurddur. Cərimə minimum əməkhaqqından yüksək olmamalıdır. Azərbaycanda tətbiq olunan cərimələr minimum yaşayış səviyyəsinə uyğun deyil”.

Ekspert qeyd edib ki, pandemiya dövründə isə cərimə taktikasından istifadə etmək yanlış yanaşmadır:

” Karantin dövründə sosial vəziyyəti pisləşən əhalini cərimələməklə ciddi nəticə əldə etmək mümkün deyil. Geniş kütlələr arasında güclü maarifləndirmə işləri aparılmalı, sanitar-epidemioloji qaydaların əhəmiyyətini təbliğ etmək lazımdır. Bunlar geniş miqyasda təbliğ edildikdən sonra, ən sonda cərimələrə əl atmaq olar. Lakin Azərbaycanda orta əməkhaqqını nəzərə alsaq, cərimələrin miqdarı yüksək olmamalıdır. Bu məbləğ elə tənzimlənməlidir ki, vətəndaşlar onu ödəyə bilsin. Rəqəmlərin yüksək olması insanları əksinə qorxutmur. Vətəndaşlarda belə bir fikir formalaşır ki, onsuz da büdcəm buna yetmir və qanuna əməl etsəm də, etməsəm də ödəyə bilməyəcəm. Bütün hallarda qaydalara əməl etmək üçün tətbiq olunan cərimələrin məbləği münasib olmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
955 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...