Flora Kərimova niyə tənqid olunur? – “Hakimiyyət onları xain adlandırmasaydı...”
Xalq artisti Flora Kərimova bir müddət öncə “Şərəf” ordeni ilə təltif edildi. O, “Şərəf” ordeni ilə yanaşı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə də layiq görülüb.
Bu sərəncamdan sonra Flora xanımın keçmiş silahdaşları onu hakimiyyətə satılmaqda günahlandırdı. Hətta ona qarşı hücumlar, tənqidlər o qədər intensiv xarakter aldı ki, xanım sənətçi ittihamlara cavab vermək məcburiyyətində qaldı.
Flora Kərimova 80 yaşına çatdığını, bundan sonra pul və fəxri ad üçün mövqeyini dəyişməyəcəyini bildirdi. Azərbaycanda siyasi fəallar, hakimiyyətə əks olanlar nəyə görə onların fikri ilə razılaşmayan şəxsləri satqın adlandırırlar, bu psixologiya və düşüncə tərzi nədən irəli gəlir?
Ümid Partiyasının sədri İqbal Ağazadə Yenisabah.az-a açıqlamasında bu psixologiyanın hakimiyyətin yanaşmasından irəli gəldiyini bildirib:
“Hakimiyyət onu tənqid edənləri vətən xaini adlandırır və həbs edir. Hər kəs bilir ki, müxalifət, cəmiyyət, hakim zümrədən nümunə götürür.
Bu səbəbdən insanlar tərbiyə olmur və bu hadisələr, yanaşmalar vərdişə çevrilir, bu günkü situasiya yaranır. Hakimiyyətin tərəfinə keçənləri də hakimiyyətə müxalif olanlar satqın adlandırır.
Əgər hakimiyyət fərqli düşüncəyə və yanaşmalara hörmətlə davransa, onları aşağılayıb, represiyalara məruz qoymasa, vətən, millət xaini adlandırmasa idi, cəmiyyət hazırki durumda olmazdı”.
Mehri Qurban
878 dəfə oxundu