“Azərsu” “Paşa Holdinq”ə bağlı olan şirkətdən 202 minlik sayğac qutusu alır - TENDER
“Azərsu” ASC tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Gəncə Cihazqayırma Zavodu” ASC (VÖEN-2301024501) olub.
“Gəncə Cihazqayırma Zavodu” ASC “Azərsu” ASC-yə ümumi dəyəri 202 min 134 manat olan 15 000 ədəd su sayğacları üçün qutu satacaq. Rəqəmlərdən də göründüyü kimi 1 ədəd qutunun qiyməti 13,5 manat olacaq.
Məlumat üçün bildirək ki, “Gəncə Cihazqayırma Zavodu” ASC 30.03.2008-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 211 min 956 manat olan ASC “Gəncə şəhəri, Vəli Xuluflu, ev 1” ünvanında yerləşir. “Gəncə Cihazqayırma Zavodu” ASC -nin qanuni təmsilçisi Bağırov Ayət Cəlal oğludur.
Onu da bildirək ki, “Gəncə Cihazqayırma Zavodu” ASC ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”in paylı iştirakı ilə yaradılıb.
Qeyd edək ki, bir-neçə ay əvvəl “Azərsu” ASC tərəfindən keçirilən 55 milyon 474 min 319 manat 25 qəpik dəyərində tender müsabiqəsinin qalibi də “Paşa Holdinq” ilə eyni ünvanda - “Neftçilər pr., ev 153”də yerləşən “Nort Vest Konstrakşn” MMC olub. Bu şirkət “Azərsu” ASC-nin sifarişilə “Salyan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işlərini həyata keçirəcək.
982 dəfə oxundu