“Mətbəxi uşaq otağı eləmişəm, dərs oxumağa yerləri yoxdur” - Şəhid xanımı

“Mətbəxi uşaq otağı eləmişəm, dərs oxumağa yerləri yoxdur” -
“Mənim evim çox kiçikdir, cəmi 27 kvadrat metr evdə 5 nəfər yaşayırıq. Buna baxmayaraq, bizə Xocahəsəndə cəmi birotaqlı ev təklif edilib”.

Bu barədə “Qafqazinfo”ya şəhid mayor Toğrul Bərxudarovun həyat yoldaşı Zəhra Bərxudarova bildirib.

Onun sözlərinə görə, hazırda Nəsimi rayonu, 20 Yanvar küçəsində kiçik mənzildə məskunlaşıblar: “Mən ehtiyac içərisindəyəm, iki balaca otağımız var. Məcbur olub mətbəxi uşaqlar üçün otaq eləmişəm. O da çox darısqaldır, uşaqların dərs oxumağa yerləri yoxdur. Yoldaşımın şəhid olmasından sonra ötən il atam insult keçirib. Tək qalmayım deyə o, anamla birlikdə mənim yanımda yaşayır. Nəsimi Rayon İcra Hakimiyyəti bizi ötən ildən ev nöbəsinə götürüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən deyirlər ki, bizə ancaq bir otaq verə bilərlər, o da Xocahəsəndə. Mən axı iki uşaq böyüdürəm, birini indiki yaşadığım evdə, o birini Xocahəsəndə böyüdə bilmərəm. Bunu izah etdikdə mənim qarşıma qanunlar qoyurlar. Biz 5 nəfərlik ailə balaca otaqlarda çətinlik çəkirik”.

Şəhid xanımı rəsmi qurumlardan bu məsələ ilə bağlı istisna halların nəzərə alınmasını xahiş edib.

Zəhra Bərxudarovanın müraciəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”ya cavab olaraq şəhid ailəsinin mənzillə bağlı müraciəti belə cavablandırıldı: “Şəhid ailəsi üzvü Bakı şəhər sakini Bərxudarova Zəhra Elxan qızı Nəsimi Rayon İcra Hakimiyyətinin 19 yanvar 2021-ci il tarixli sərəncamı ilə 3 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınıb. Z. Bərxudarovanın adına 27 kv metr mənzil sahəsi olduğu üçün qanunvericiliyə uyğun olaraq, Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən yaşayış kompleksindən birotaqlı mənzil təklif edilib, lakin vətəndaş bu təklifdən imtina edib”.

Qeyd edək ki, bundan əvvəl də şəhid xanımının ev problemi ilə bağlı yazı dərc etmişdik. Problemin işıqlandırılmasından sonra mənzil Nəsimi RİH tərəfindən təmir olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
917 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...