Amerikalı admiral Rusiyanı məğlub etməyin yolunu göstərir
“Rusiyanın Ukraynaya hücum strategiyasını sanki peşəkarlar yox, həvəskarlar hazırlayıb”. 2009-2013-cü illərdə NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinə komandanlıq etmiş Ceyms Stavridis belə düşünür.
Novator.az-ın məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis “Bloomberg” agentliyinin internet səhifəsində yerləşdirilən “Putinin strateji səhvləri Zelenskini müharibə qəhrəmanına çevirir” başlıqlı məqaləsində yazır ki, Ukrayna prezidenti Vladimir Zelenski işğalçı rus ordusunun zəif nöqtələrini düzgün qiymətləndirə bilir.
Müəllif qeyd edir ki, Rusiya öz aviasiya üstünlüyünə arxalanaraq işğalı ildırım sürəti ilə başa çatdıracağını düşünürdü, amma hadisələr bu arxayınlığın yanlış olduğunu göstərdi.
Amerikalı admiral Rusiyanın Ukraynaya dörd istiqamətdən hücuma keçməsini də yanlış sayır: “Bu, Rusiyanın hərbi qüvvələrini parçalayır, maddi-texniki təchizatı təhlükə altına atır. Qədimdən ordu sistemində belə bir yanaşma var: hər yandan hücuma keçmək heç hara hücum etməmək deməkdir. Başqa bir qədim məsəldə isə deyilir ki, həvəskarlar strategiyanı, peşəkarlar logistikanı öyrənirlər”.
Stavridisin fikrincə, Zelenski logistika ilə bağlı məsələləri dəyərləndirməyi bacarır, Putin isə bunu əvvəldən nəzərə almadığına görə indi problemlərlə üzləşir: “Artıq Ukraynada Rusiya hərbi qüvvələrinin yanacaqla təchiz olunması problemə çevrilib”.
Müəllif hesab edir ki, Qərb Rusiyadan ötrü logistikanı daha da çətinləşdirməli və bununla Zelenskinin mövqeyini möhkəmləndirməlidir.
Ukraynanın rəsmi məlumatına görə, indiyədək döyüşlərdə 4 mindən çox rusiyalı hərbçi həlak olub. Stavridis yazır ki, bu, reallığı tam əks etdirmirsə belə, yenə heyrətamiz statistikadır: “20 illik Əfqanıstan müharibəsində Amerikanın cəmi 2 minə yaxın adamı həlak olub.
Ukraynalılar rusları daha çox itkiyə məruz qoysalar, Rusiyada etirazlar güclənəcək, Moskvanın Ukraynadakı qoşunlarının isə – onların çoxunun çağırışçılardan və muzdlulardan ibarət olduğu bildirilir – qətiyyəti zəifləyəcək.
Zelenski bunu bilir. O başa düşür ki, hadisələrin bu cür davam etməsi Putini hücumu dayandırmağa və danışıqlar masası arxasında oturmağa vadar edə bilər. Danışıqların ilk mərhələsi fevralın 28-də oldu. Ancaq belə görünür ki, Putin həmin danışıqlara ciddi yanaşmayıb, ona görə görüşə keçmiş mədəniyyət naziri də daxil olmaqla yalnız aşağı rütbəli məmurları göndərib”.
Ukraynalıların azadlıq uğrunda mübarizə apardığını vurğulayan Ceyms Stavridis yazır: “Vladimir Zelenski cana doymuş Ukrayna xalqının cəsarətli, dözümlü və novator sərkərdəsi kimi davranır. Mən məmnuniyyətlə onun tərəfində döyüşməyə gedərdim. Ancaq Qərb bundan daha artığını etməli, Ukraynanın müqavimət cəhdinin uğurla başa çatmasına şərait yaratmaq üçün çox iş görməlidir”.
Ceyms Stavridis məqaləsində Qərb dövlətlərinə səslənərək Vladimir Zelenskini yüksək səviyyəli kəşfiyyat, kommunikasiya, kibermüşahidə və etibarlı yerüstü nəqliyyatla təmin etməyə çağırır. O bildirir ki, bütün bunlar Zelenskini Kiyevdə ölümdən qorumaq, həmçinin Ukrayna prezidenti taktiki geri çəkilməyə, hökumətini mühacirətə aparmağa qərar verərsə, paytaxtdan salamat çıxmaq üçün də vacibdir.
2014-cü ildə Ukraynada xalq inqilabı Qərbə bağlı qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələnib. Bunun ardınca Rusiya Ukraynanın Krım bölgəsini zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsini də işğal edərək ərazidə separatçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri – “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı müstəqil dövlətlər kimi tanıyıb, hər iki rejimlə dostluq və qarşılıqlı yardım haqqında müqavilələr imzalayıb. Fevralın 24-də isə Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatlara əmr verib. Həmin gün səhərdən Ukrayna torpağında qanlı döyüşlər gedir.
869 dəfə oxundu