QMİ-nin Həccə 65 yaş qadağası: qərar Səudiyyədən gəlib, yoxsa...

QMİ-nin Həccə 65 yaş qadağası:

Ekspert: “İnsanlara izah etməlidir ki, səbəb nədir...”
Bu il Azərbaycandan Həcc ziyarətinə yaşı 65-dən yuxarı olan şəxslər gedə bilməyəcəklər. Bunu bir neçə gün əvvəl mediaya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev bildirib. O əlavə edib ki, əvvəlki illərdən fərqli olaraq bu il xarici ölkə vətəndaşları Azərbaycandan Həcc ziyarətinə gedə bilməyəcək: “Azərbaycan vətəndaşı olan istənilən şəxs ziyarətə gedə bilər. Ziyarət yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Başqa ölkə vətəndaşları bizdən gedə bilməyəcək. Əvvəlki illərdə xarici vətəndaşların Azərbaycandan ziyarətə yollanması mümkün idi. Bu il belə olmayacaq. Eyni zamanda qeyd edim ki, 65 yaşa qədər olan vətəndaşlar ziyarətə gedə biləcəklər. Yaşı 65-dən yuxarı olanlara icazə verilməyəcək”.

Qeyd edək ki, bu arada Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də Səudiyyə Ərəbistanına Ümrə ziyarətinə gedəcək ki, onun yaşı da bu qadağa siyahısına düşür. Bəs bu cür qadağanın əsl səbəbi nədir? 65 yaşı olan hər kəs əldən düşmüş və xəstə olmur ki, QMİ onların başına ziyarətdə bir iş gələrsə, əlavə xərcdən ehtiyat etsin? Olmazmı ki, müvafiq həkim kağızından sonra 65 yaşdan yuxarı şəxslərin də ziyarət arzusu gerçəkləşsin? İnsanlar adətən daha çox yaşlaşanda bu ziyarəti gerçəkləşdirmək istəyirsə, bu əngəli necə aşmalı? Digər müsəlman ölkələrində, məsələn, qardaş Türkiyədə belə bir qadağa varmı? Şeyx niyə özü tətbiq etdiyi qadağaya əməl etmir?

AĞ Partiya başqanının ideoloji məsələlər üzrə müşaviri Azər Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Həcc ziyarətinə yaş məhdudiyyətinin qoyulması ilə bağlı qərar qəbul edilirsə, QMİ insanlara izah etməlidir. Çünki QMİ dövlət qurumu deyil, onun statusu xüsusiləşdirilsə də, dövlət qurumu deyil, dini bir qurumdur. Dini qurum olduğuna görə də istənilən addımı ilk öncə şəriətin əsaslarına söykəməlidir. İnsanlara şəriət nöqteyi-nəzərindən izah etməlidir ki, Azərbaycandan 65 yaşından yuxarı insanların Həcc ziyarətinə getməsinin qarşısında olan maneənin səbəbi nədir. Daha sonra, Səudiyyə Ərəbistanı belə qərar qəbul edib, yoxsa bu sırf Azərbaycanın daxilindən qaynaqlanan məsələdir? Səudiyyə Ərəbistanının bu qərarı verməsi barədə məndə müfəssəl məlumat yoxdur. Amma düşünmürəm ki, Səudiyyə Ərəbistanı belə bir qərar qəbul edər. Çünki Həccə getmək istəyən şəxslərin qarşısında belə məhdudiyyətlər qoyula bilməz. Ona görə birinci növbədə 65 yaş məsələsi ictimaiyyətə dini nöqteyi-nəzərdən əsaslandırılaraq çatdırılmalıdır. Ümumiyyətlə, Azərbaycanda qəribədir ki, hansısa bir qərarın qəbul edilməsinin bəlli bir kriteriyası yoxdur. Bir çox qurumlar tərəfindən sanki qərarlar bir az xaotik əsasda qəbul edilir”.

A.Hüseynov əlavə edib ki, Azərbaycandan xarici ölkə vətəndaşlarının Həccə getməsi ilə bağlı məsələ dövlətə aiddir: “Təbii ki, burada QMİ ilə dövlət müəyyən təhlükəsizlik maraqlarından çıxış edərək hərəkət edir. Çünki bir ölkədən başqa ölkəyə gedən şəxslərin kimliyini tam olaraq müəyyənləşdirmək üçün bəlkə də prosedur qaydalarına ehtiyac var. Hesab edirəm ki, bu dövlətə aid bir qərardır. O ki qaldı Şeyxin özünün 65 yaşdan yuxarı olmasına, Ümrə ziyarətinə getməsinə, xüsusi səlahiyyətli və vəzifəli şəxslər tək bizdə deyil, dünyanın bir çox yerində istisna və əlahiddə yanaşmalara malik olurlar. Doğrudur, insanlar sual verə bilərlər, çünki Allahın kitabında- ”Bəqərə" surəsində belə bir ayə var ki, “başqalarına əmr edib, özünüzü unudursunuz”. Amma Şeyxin getməsi istisna hal ola bilər. Burada dövlət məqsədləri, əlaqələr barədə səfər ola bilər. Amma yenə də ictimaiyyətə açıqlamanın, izahın verilməsi daha doğru olar. Çünki biz informasiya cəmiyyətində yaşayırıq, açıq cəmiyyət formatına tam olaraq keçmək iddiasındayıq. Belə olan təqdirdə istənilən qurum onun tabeliyində olan, ona etimad edən insanlara mütləq şəkildə fəaliyyəti ilə bağlı açıqlama verməlidir".

Dini ekspert Kənan Rövşənoğlunun mövzu ilə bağlı fikirləri də diqqət çəkir: “Bu qadağa QMİ-nin deyil. Səudiyyə Ərəbistanı hökuməti 2020 və 2021-ci illərdə Həcc ziyarətini pandemiya səbəbi ilə dayandırdı. Yalnız bu ildən Həcc ziyarətinə icazə veriləcək. Lakin xəstəliyin hələ davam etməsi və müəyyən məhduddiyyətlərin qalması səbəbi ilə bu il yalnız 1 milyon zəvvar Həcc ziyarətini yerinə yetirə biləcək. O cümlədən Səudiyyə Ərəbistanı dövlətinin qərarı ilə bu il yalnız yaşı 65-dən aşağı olan şəxslər Həcc ziyarətinə buraxılacaq. Bu məhdudiyyət yalnız Həcc ziyarəti üçün nəzərdə tutulub. Bu da qeyd etdiyim kimi, pandemiya səbəbi ilə bağlıdır. İlin bütün dövrlərində yerinə yetirilən Ümrə ziyarəti zamanı bu cür məhdudiyyət bildiyim qədər yoxdur. Hər kəs ziyarətini yerinə yetirə bilər”.

Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri isə QMİ-nin sədr müavini Fuad Nurullayevin bəzi fikirlərini dəqiqləşdirib: “Yaş məhdudiyyəti yalnız Həcc ziyarətinə aiddir, yəqin ki, gələcək illərdə bu məhdudiyyət tətbiq olunmayacaq. Məhdudiyyət yalnız 65 yaşdan yuxarı olan şəxslərə aiddir. Ümrə ziyarətində indiyə kimi yaş məhdudiyyəti tətbiq olunmayıb. Xarici vətəndaşlarla bağlı məsələ isə hələ tam dəqiqləşdirilməyib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1521 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...