Serbiya-Kosovo münaqişəsi nə vaxt və necə başlayıb?

Serbiya-Kosovo münaqişəsi nə vaxt və necə başlayıb?
Xəbər verdiyimiz kimi, Kosovo hökuməti etnik serblərin çoxluq təşkil etdiyi ərazilərdə insanları Serblər tərəfindən verilmiş avtomobil nömrələrini Kosovoda verilmiş nömrələrlə dəyişməyə məcbur edən yeni qaydaların tətbiqini təxirə salıb. Daha əvvəl isə regionda yaşayan serblər sözügedən qərar səbəbilə yollarda barrikada qurub və silahlı şəxslər etiraz olaraq atəş açıblar. Qərarın təxirə salınması ilə qarşıdurma dayansa da, növbəti aylar ərzində bu səbəblə yeni bir münaqişə ocağının yaranacağını heç kim istisna etmir. Bəs Serbiya ilə Kosovo arasındakı münaqişə nə vaxt və necə başlayıb?
Yeniavaz.com münaqişənin qısa tarixçəsini təqdim edir:
Kosovo və Serbiya arasında baş verən etnik-coğrafi problemlərin tarixi olduqca qədim dövrə gedib çıxsa da, məsələnin bu cür vüsət almasında əsas səbəb kimi 90-cı ilin əvvəllərində başlayan keçmiş Yuqoslaviyanın parçalanması prossesi hesab edilir. Yuqoslaviyada dövlət idarəçiliyində və orduda əsas dominant mövqedə duran serblərlə Kosovoda etnik çoxluğu təşkil edən albanlar arasında tez-tez milli və dini zəmində münqaişələr baş verirdi. 1991-ci ildə Sloveniya və Xorvatiyanın bir-birinin ardınca müstəqilliklərini elan etməsi Yuqoslaviyanın dağılmasına gətirib çıxardı və bu tarixi prossesdə Kosovoda yaşayan etnik albanlar da öz müstəqilliklərini elan etdilər. Lakin Kosovonun Yuqoslaviya federasiyası daxilindəki statusu nisbətən fərqli idi. Kosovo bir vilayət kimi birbaşa Serbiyaya tabe olduğundan digər respublikalarda baş tutan müstəqillik qərarını özü qəbul edə bilməzdi. Üstəlik sözügedən vilayətdə yaşayan serblərin bu ayrılıq qərarına etiraz etməsi və “Böyük Serbiya” planlarının daxilində olması Serbiyanın bu əraziyə hərbi qüvvə yeritməsi ilə nəticələndi. Kosovoda albanların və türklərin təşkil etdiyi müsəlman əhaliyə qarşı silahlı qırğınlar və zorakılıqlar həyata keçirən Serbiya ordusuna qarşı 1999-cu ildə NATO-nun ilk hava hücumları ilə başlayan müdaxiləsi reallaşdı. Serblərin həyata keçirdiyi qırğınlar zamanı 20000 müsəlman alban və türk öldürüldü, 750000 nəfər isə qaçqın kimi qonşu ölkələrə sığındı. NATO müdaxiləsindən sonra Serbiya qoşunları Kosovo ərazisindən geri çəkilməyə məcbur oldu. BMT-nin qərarı ilə NATO tərəfindən bir çox ölkələrin iştirakı ilə təşkil edilmiş sülhməramlı kontingent Kosovoya yerləşdirildi. 2008-ci ildə müstəqilliyini elan edən Kosovo dünyada 116 dövlət tərəfindən rəsmən tanınır. Lakin başda Serbiya və Rusiya olmaq üzrə bəzi ölkələr Kosovonu hələ də Serbiyanın bir vilayəti olaraq qəbul edir. Avropa Birliyinə üzvlük prosesində namizəd statusunda olan Serbiyanın təşkilata qoşulmasında ən böyük maneə Kosovonu hələ də müstəqil dövlət kimi tanımaması və öz ərazisi olaraq görməsidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
632 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...