Bahalaşma ilə bağlı rəqəmlər: real, yoxsa manipulyasiya?.. - NƏ BAŞ VERİR?
İyulda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.1 faiz, əvvəlki ilin iyul ayına nisbətən 120,3 faiz təşkil edib.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə deyilir.
Bildirilir ki, iyulda əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarının qiymətində bahalaşma baş verib.
Bahalaşma daha çox düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, mal, qoyun və toyuq ətinin, qatılaşdırılmış şəkərli südün, xamanın, yumurtanın, bitki yağlarının, limonun, pomidorun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, qəhvənin, mineral suların, kola içkisinin, limonadın, pivənin qiymətlərində qeydə alınıb.
Təzə balıq, banan, gavalı, ərik, şaftalı, qarpız, yemiş, xiyar, kələm, bibər, badımcan, göy lobya, kartof, çuğundur, yerkökünün qiymətlərində isə ucuzlaşma olub.
DSK bildirir ki, qalan ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2022-ci ilin iyulunda qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 faiz, əvvəlki ilin iyul ayına nisbətən 108,6 faiz təşkil edib.
Cari ilin iyul ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma Aİ-95 markalı avtomobil benzinin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, mebellərin, məişət cihazlarının, divar kağızlarının, toz şəklində sintetik yuyuсu vasitələrin, şampunların, diş pastalarının və dezodorantların qiymətində müşahidə edilib.
Kəsilmiş taxta və yazı kağızlarının qiymətlərində isə ucuzlaşma qeydə alınıb.
Deputat, iqtisadçı Vüqar Bayramov deyir ki, qlobal və yerli bazarlarda müşahidə olunan inflyasiya xüsusən ərzaq məhsullarının idxalının minimumlaşdırılması və istehlakın daha çox yerli istehsal hesabına ödənilməsini prioritetləşdirib:
“Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 7 ayında istehlak bazarında qiymətlər 13 faiz artıb. Bununla yanaşı, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 18,7 faizlik inflyasiya qeyd alınıb. Rəsmi statistika da göstərir ki, ərzaq məhsullarının qiyməti ümumi inflyasiya səviyyəsinə nisbətən daha çox yüksəlib. 2022-ci ilin geridə qalan aylarında qlobal bazarlarda da yüksək inflyasiya müşahidə olunub. Avrozonada iyun ayının yekunlarında illik inflyasiya dərəcəsi 8.6 faiz olub. Bir ay öncə bu rəqəm 8.1 faiz, otən il isə cəmi 1.9 faiz idi”.
Deputat bildirib ki, Avropa İttifaqında zonaya nisbətən daha yüksək qiymət artımları müşahidə olunur.
Onun sözləronə görə, bu ilin birinci yarısının son ayında 9.6 faizilik inflyasiya qeydə alınıb:
“Bu göstərici bir ay öncə 8.8, ötən il isə cəmi 2.2 faiz idi. ABŞ-da həmin dövr üçün inflyasiya dərəcəsi 9.1 faiz olub və bu da son 40 ilin ən yüksək qiymət artımları səviyyəsidir. Göründüyü kimi, aparıcı ölkələrdə də qiymət artımları davam edir. Bu isə o deməkdir ki, qlobal bazarda qiymət artdıqca Azərbaycan üçün də idxal inflyasiyası qaçılmaz olacaq. Bu kontekstdən, inflyasiyanın cilovlanması üçün strateji yol yerli istehsalın ümumi istehlakda payını artırmaqdadır”.
“Yalnız yerli istehsal hesabına idxal inflyasiyasını minimumlaşdırmaq olar. Ərzaq məhsullarının istehsalının genişləndirilməsi üçün xüsusən rayonlarda fəaliyyət göstərən sahibkarların kreditlərə çıxış imkanları artırılmasına ehtiyac var. Nazirlər Kabinetinin anti-inflyasiya tədbirləri çərçivəsində sahibkarların güzəştli kreditlərə çıxış imkanları artırılır. Bununla yanaşı, bu istiqamətə daha çox vəsaitin yönəldilməsi və eləcə də bank kreditlərinə çıxış imkanlarının artırılması üçün regionlar üçün girov mexanizminin təkmilləşdirilməsi vacibdir”, – deyə deputat vurğulayıb.
Mərkəzi Bankın məlumatına görə, bu ilin iyulunda ölkə üzrə kredit portfeli 18 milyard 320 milyon manat olub.
Kreditlərin 14 milyard 201 milyon manatı Bakı şəhərinin payına düşüb.
Vüqar Bayramovun fikrincə, bu, o deməkdir ki, ümumi kredit qoyluşunun 77 faizindən çoxu yalnız Bakı şəhərinin payına düşüb:
“705 milyon manat kredit isə Abşeron-Xızı iqtisadi rayonun payına düşüb. Bu, həm də o deməkdir ki, sözügedən iqtisadi rayon üzrə kreditləşməni nəzərə alsaq, verilən hər 100 manatlıq kreditin 81 manatı Bakı və Abşeronun payına düşür. Bütün regionlar isə bütövlükdə hər 100 manatlıq kreditin cəmi 19 manatına sahib ola bilirlər. Bu isə ondan xəbər verir ki, bölgələrdə fəaliyyət göstərən və xüsusən ərzaq məhsulları istehsal edən sahibkarlar üçün daha əlçatan mexanizmlərin tətbiqinə ehtiyac var. Beynəlxalq maliyyə qurumlarının gözləntilərinə görə, qlobal istehlak bazarındakı disbalans növbəti illərdə də davam edəcək. Bu isə, milli dövlətlər üçün yerli istehsal hesabına ərzaq təminatı məsələsini daha prioritetləşdirir”.
İqtisadçı Fərid Mehralızadə isə Meydan TV-yə bildirib ki, hökumətin açıqladığı qiymət artımları, adətən, bazardakı bütün ərzaq və qeyri-ərzaq, təxminən 500-dən çox məhsulun orta bahalaşmasıdır:
“Bu baxımdan götürəndə açıqlanan rəqəmlər həm real görünür, həm də manipulyasiyadır. Məsələn, deyirlər, bahalaşma 13 faiz olub. Əslində isə bu, sadəcə, orta rəqəmdir. Bəzi məhsulların qiymətində 50-60 faiz artım olub. Məsələn, biz sırf ərzaq qiymətlərinə baxsaq, son 1 ildə 21 faiz artıb. Ümumi inflyasiya isə 13-dür. Burada həm ərzaq məhsulları, həm də qeyri-ərzaq məhsulları nəzərdə tutulur və 100-dən çox məhsulun orta bahalaşması götürülür. Nəticədə bu rəqəm alınır”.
İqtisadçı əlavə edir ki, məsələn, həmin bahalaşan ərzaqların içində bəzi top məhsullar var, hansı ki onlar əhalinin əsas istehlak səbətinə daxil olan ərzaqlardır:
“Elə tərəvəzlər, meyvələr var ki, qiymətlərində 50-60 faiz bahalaşma olub. Elə məhsul da var ki, 1 faiz ucuzlaşıb. Ona görə ümumi rəqəm yuxarı-aşağı doğru ola bilər. Lakin biz baxmalıyıq ki, əsas istehlak səbətimizə daxil olan top məhsulların qiymətlərində nə qədər bahalaşma olub. Bu zaman biz bahalaşmanın daha yüksək olduğunu görürük”.
Ötən həftə, avqustun 17-dən başlayaraq Azərbaycanın bölgələrində un qıtlığı yaşanmağa başlayıb.
Avqustun 19-da isə bir sıra un istehsalçıları, dəyirmanlar birgə bəyanat yayaraq dünya bazarında buğdanın qiymətinin bahalaşması ilə əlaqədar unun və çörəyin qiymətinin qalxdığını açıqlayıb.
Beləliklə, çörək və unun qiyməti bahalaşıb. Bakıda 50 kiloqramlıq unun yuxarı qiymət həddi 40,7 manat müəyyən edilib.
Çörəyin qiyməti isə çəkisindən asılı olmayaraq 5 qəpik artırılıb. 500 qramlıq ənənəvi (yumru) çörəyin pərakəndə satış qiyməti 55, 600 qramlıq çörək 65, 650 qramlıq çörək isə 70 qəpik təşkil edib.
Bundan öncə 50 kiloqramlıq unun qiyməti təxminən 34-36 manat, çörəyin qiyməti isə hər birində 5 qəpik ucuz olub.
715 dəfə oxundu