Azərbaycanın “AZAL” faciəsi nə zaman bitəcək?

Azərbaycanın “AZAL” faciəsi nə zaman bitəcək?
Azərbaycanda quru sərhədlərinin bağlanması ilə bağlı qərar qüvvədə saxlanıldıqdan sonra “AZAL” biletlərin qiymətini 2 dəfəyə qədər artırdı. Naxçıvan Türkiyə quru sərhədləri bağlandı. Türkiyəyə getmək istəyən hər kəs məcbur olub “AZAL”-ın qiyməti ceyran belində olan biletlərini alır.

…Alırıq. Bir müddət əvvəl mən də “AZAL”-dan 400 manata bilet aldım.

Avqustun 27-si saat 19:25 uçuşu 077 səfər saylı təyyarəmiz nə az, nə çox düz 1,5 saat gecikdi. Və bu gecikmənin müqabilində qurumun əməkdaşları zəhmət çəkib, sərnişinlərə bir xəbərdarlıq da etmədilər. Səfərin gecikmə səbəblərini izah etmədilər. Təsəvvür edin 200-ə yaxın sərnişin 9-cu qapının önünə yığılıb. Saat 20:40-da isə minik başlandı. Bu dəfə isə problem təyyarənin planşetlərində idi. Planşetlərini nə qədər “reset” etsək də, 2,5 saat yol boyu işləmədilər. Təyyarədə uşaqların səsi, gözlədiyimiz müddətdə yığılan əsəb və bunların üzərinə “AZAL”-ın təqdim etdiyi yeməklər həqiqətən ürəkbulandırıcı idi. Adətən, təyyarədə “ət və ya toyuq” deyə sorğu edilir. Biz də bəlkə “ət yaxşı olar” deyib, ət menysunu seçdik. Kotletə bənzər ət yaxşı bişməmişdi, yanında olan kartof qarnirini isə sanki suya salıb qaynadıb, necə oldu doğrayıb, qarşımıza yığmışdılar. Və belə anlarda insan düşünür, görəsən, bir biletin dəyəri 400 manat olmalıdırmı? Xidmət və yemək keyfiyyətsizdirsə, saatlarla gözlədiliriksə, içəridə olan avadanlıq köhnədirsə bilet 400 manata olmalıdırmı?

“AZAL”-ın 077 səfər saylı uçuşunda tək bir yaxşı var idi. O da pilotun idarə etməsi idi ki, təyyarə nə turbulansa girmədi, nə yol boyu hansısa bir problem yaşamadıq. Qalxma və enmə o qədər rahat həyata keçirildi ki, pilota xüsusi təşəkkür etmək vacibdir. Pilotu təriflədik deyə, işdən çıxarmasalar, yaxşıdır. Belə pilotlar “AZAL”-ın qara üzünü ağardır. Əks halda xidmət keyfiyyəti aşağı, qiymətləri baha olan bir hava şirkətinə niyə müraciət edək ki? Deyəcəksiniz ki, alternativiniz yoxdur, məcbursunuz. Bu da reallıqdır.

Hamı bilir ki, hava nəqliyyatı Azərbaycanda “AZAL”-ın monopoliyasındadır. “AZAL” da istədiyini edir. Dövlətə heç bir faydası olmayan bu qurum vətəndaşın cibinə girsə də, hələ ona “gözün üstdə qaşın var” deyən yoxdur. Amma biz səbrli və dözüml xalqıq. Bu barədə hələ Heydər Əliyev də demişdi ki, “Azərbaycan xalqı dözümlü xalqdır”. Biz dözməyi, gözləməyi, səbr etməyi bacarırıq. Çünki “mənəm, mənəm” deyən o qədər nazir, dövlət məmuru görmüşük ki…

Bizimyol.info



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
635 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...