“Lotereya qadağan deyil, amma belə yox, “ağ eləməyin”” - Baba Vəziroğlu

“Lotereya qadağan deyil, amma belə yox, “ağ eləməyin”” -
Təbii ki, “Poz, qazan” kimi lotereyalar insanı yoluxduran oyunlar sayılır. Aydındır ki, həmişə möcüzələrə atlanan kasıblar olur. Möcüzə gözləyən kasıbdır ki, bəlkə, göydən bir torba pul düşər, problemimi həll edərəm. Zənginlərə göydən düşən pul lazım deyil ki. Onların yerdə pulları çoxdur. Lotereyaya pis baxmıram. Reklamlarda da verirlər, kiminsə bəxti gətirir, gedib evini təmir etdirir. Lotereyanı ona görə icad ediblər ki, oyunu təşkil edənlər daha çox qazansınlar, nəinki millət. Bəxtəbəxt bir şeydir. Yüzü uduzur, biri-ikisi qazanır. Amma ən çox qazanan, təbii ki, lotereyanı təşkil edən şirkətdir. Dövlətə də müəyyən faiz gedir, aydındır. Əleyhinə deyiləm. Amma belə lotereyaların bilavasitə məktəblərin, mədəniyyət ocaqlarının yaxınlığında satılması məni də narahat edir. Şagirdi təhsildən heç nə ayırmamalıdır. Belə şirnikləndirici oyunlar məktəbləri elmdən, təhsildən yayındıra bilir. Bakı Şəhər İcra Hakimiyyətinin başına yer qəhət deyil ki…”

Gundeminfo.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.

O bildirib ki, “Poz, qazan” kimi lotereyaların satışı üçün məktəblərdən, mədəniyyət ocaqlarından daha əlverişli yerlər var: “O lotereya masalarını düzməyə Bakıda yer çoxdur. Restoranların, kafelərin qabağında satsınlar. Lotereyaya meyillilik daha çox belə yerlərə girən insanlardadır. Belə insanların vaxtları daha çoxdur. Buna ictimaiyyət öz səsini qaldırmalıdır. Amma məktəblərin, mədəniyyət ocaqlarının yaxınlığında belə satışların həyata keçirilməsi ilə bağlı məsələni əsas Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi qaldırmalıdır. Belə yerlərdə lotereyaların satışı ürəkaçan deyil. Uşaqlarımız belə oyunlara, telefonla göndərilən əxlaq pozucu videolara çox meyillidirlər. Hansısa qüvvələr çalışırlar ki, uşaqlarımız savadsız, təhsilsiz, mədəniyyətsiz qalsınlar. Bunu istəyən qüvvələr çoxdur. Onlar, təbii ki, dost yox, düşməndirlər. Bunu biz anlayırıq. Onlardan qorunmağa çalışırıq. Bir də var, öz doğma qurumlarımız, yaxud sapı özümüzdən olan baltalar buna şərait yaradanda, əlbəttə, bizə toxunur. Bizim yüz dəfə bunu deməyimizlə əmələ gəlmir. Azərbaycanda əsas işləyən dövlət rıçaqlarıdır. Hətta dinin də rıçaqları işləmir. Din deyəndə ki, bunu edən cəhənnəmə gedəcək, deyəcəklər “əşi, cənnəti elə mən burda gördüm, cəhənnəm bilmirik var, ya yoxdur”. Amma dövlətin rıçaqları möhkəmdir, onlar hərəkətə keçməlidir. Dövlətin həbsxanası, təhdidləri, cəzası var. Dövlət deyir “cəhənnəmdə yox, elə indi cəzalandıracağam”. Dövlətin üstünlüyü də bundadır. Mən təsadüfən Elm və Təhsil Nazirliyinin, Mədəniyyət Nazirliyinin adını çəkmədim. Onlar mütləq etiraz səslərini rəsmi şəkildə qaldırmalıdırlar. Bakı Şəhər İcra Hakimiyyətinə gücləri çatmırsa, daha böyük yuxarı instansiyalara müraciət etməlidirlər. “Lotereya satırsınız, çox sağ olun, amma bizdən bunu uzaq edin” deməlidirlər. Lotereya oyunu bizdə qadağan deyil ki. Edin, amma belə yox, loru dildə desək, “ağ eləməyin””.

Baba Vəziroğlu Bakının mərkəzi yerlərində qumar xarakterli lotereyaların satışına icazə verildiyi halda, kitab satışının, sərgisinin təşkilinə icazə verilməməsinə də münasibət bildirib: “Kitab satışına heç bir məhdudiyyət olmamalıdır. Hətta yazıçı Kəramət Böyükçöl kitablarını satır. Mən alqışlayıram ki, ona maneə olan yoxdur. Küçə musiqiçiləri kimi hər bir müəllif öz kitablarını qarşısına qoyub sata bilər. Düzdür, mötəbər mənbədən eşitmişəm ki, küçə musiqiçilərindən də “haqq” alırlar. Fərqi yoxdur, kitabımı satıramsa, mən də müəyyən qədər “haqq” verim, razıyam. Təki məhdudiyyət olmasın. İctimai qaydaları pozmamaq şərtilə. Kitab satışı “Quran” satışı kimi bir şeydir. “Quran” da kitab adlanır”.

B.Vəziroğlu oxuduğu kitablardan da söz açıb: “Ən son oxuduğum kitab elə öz kitabımdır. İki gün qabaq çapdan çıxıb. “Qalanı xatirədir” adlı kitabdır. Ona görə oxuyuram ki, görüm nə səhvlər gedib. Bundan əlavə, əlbəttə, hər gün oxuduğum kitablar var. Azərbaycan, rus, dünya ədəbiyyatı… Tez-tez oxuduğum rus klassikasından Çexov, bizdən isə Rafiq Tağıdır. Tez-tez onlara qayıdıram. Əlbəttə, dostum Ramiz Rövşəni oxuyuram. Əslində oxumaq deməyək, tez-tez onlara qayıdıram. Çünki yaxşı təzə kitab artıq möcüzə kimi bir şeyə çevrilib, həmişə yoxdur axı. Ona görə də dəfələrlə, təkrar-təkrar sevdiyim yazıçılara qayıdıram, Dostayevski, Markes, Çexov, Rafiq Tağı, Ramiz Rövşən… Bu gün oxuduğum yazıçılardan biri də Şərif Ağayardır. Mübariz Örən də. Əsasən nəsir daha çox oxuyuram. Kəramətin isə bütün statuslarını oxuyuram. Düzdür, yazılarını oxumuram. Amma Kəramət statusları ilə insanı hər hala sala bilir. Həm ağladır, həm güldürür, düşündürür. Hərdən oxuyanda, ümumiyyətlə, dünyadan bezar olub, çıxıb getmək istəyirsən. Elə olur, az qala getmək ərəfəsində olduğun halda, başqa statusunu oxuyub geri qayıtmaq istəyirsən ki, dünya gözəldir. Hər mənada Kəramət Böyükçölün yazdıqları mənə çox xoşdur, mənim üçün öz yeri var”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
649 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...