“Qara Rəhilə”nin cinayət işi prokurorluğa qaytarıldı
Bakı Ağır Cinayətlər Məhkəməsində Rəhilə İsmayılova, Məleykə Şamilova, Mətanət Şamilova, Natəvan Şamilova və Məcid Şamilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edir. Dövlət ittihamcısı Fərid Nağıyev bu gün keçirilən hazırlıq iclasında cinayət işini məhkəmə baxışına verilməsini istədi. Məhkəmə heyəti cinayət işinin Bakı Şəhər Prokurorluğuna qaytarılması barədə qərar qəbul etdi. Bunun səbəbi ittiham aktının düzgün tərtib edilməməsi, təqsirləndirilən şəxslərin ittiham olunduqları maddələrin düzgün verilməməsi ilə bağlı olub.
Xatırladaq ki, Sumqayıt şəhər sakini, 1954-cü il təvəllüdlü Rəhilə İsmayılova Sumqayıt və Bakıda çoxsaylı oğurluq və cibgirlik əməlləri törətməkdə təqsirli bilinir. R.İsmayılova sonuncu dəfə 2012-ci ildə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, 2014-cü ilin may ayında azadlığa buraxılıb. Amma cəmisi 3 ay azadlıqda qala bilib. R.İsmayılova “oğru” aləmində “Qara Rahilə” kimi tanınır. R.İsmayılov əvvəllər də cibgirlik və narkotik maddə saxlamaqda ittiham olunaraq 10 dəfədən artıq məhkumluq həyatı yaşayıb. “Qara Rəhilə” və onunla birgə həbs olunan şəxslərin əməllərindən zərər çəkənlərin sayı 15 nəfərdir.
1433 dəfə oxundu