Balakəndəki partlayışla bağlı cinayət işi başlandı
Balakəndə zavodda baş verən partlayışla əlaqədar cinayət işi başlanıb. Bunu Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. E.Sultanov qeyd edib ki, Balakən rayonunda “Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisində bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən hadisə ilə əlaqədar Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Prokurorluq, Fövqəladə Hallar Nazirliyi, “Azəriqaz”QSC, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssislərinin və Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertinin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertizalar təyin edilib.
Hazırda rayon Prokurorluğunda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Bu arada partlayış zamanı ölən və yaralanan şəxslərin adları da məlum olub. Məlumata görə, partlayış nəticəsində orada işləyən, Qullar kənd sakini, 1990-cı il təvəllüdlü Elçin Əliməmməd oğlu Əliyev hadisə yerində keçinib. Digər işçilər - Qullar kənd sakini, 1990-cı il təvəllüdlü Novruz Məhəmməd oğlu Nastakalov və Qazma kənd sakini, 1982-ci il təvəllüdlü Anar Süleyman oğlu Bozurov isə xəsarət alıblar. Onlar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
* * *13:03
Bu gün saat 10:30 radələrində Balakən şəhərində “Azəryem Sənaye MMC”yə məxsus zavodun ərazisində qazanxanada partlayış baş verib. Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində yanğın baş verməyib. Hazırda FHN-in və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır. Əlavə məlumat veriləcək.
1143 dəfə oxundu