117 nəfər zərərçəkən məhkəmə önünə gəldi, izdiham yaşandı - 2 milyonluq fırıldaq

117 nəfər zərərçəkən məhkəmə önünə gəldi, izdiham yaşandı -
Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında izdiham yaranıb.

Musavat.com xəbər verir ki, mənzil almaq arzusu ilə ipoteka götürmək istəyən 117 nəfər Azərbaycan vətəndaşı fırıldağın qurbanı olublar. Onlar iclas başlamazdan əvvəl məhkəmənin qarşısına toplanıblar. Vətəndaşların zərərçəkən qismində tanındıqları cinayət işi hakim Fərid Namazovun icraatına verilib. Təqsirləndirilən şəxslərin sırası da genişdir. Hakim qarşısına ümumilikdə 9 nəfər çıxarılıb. Siyahıya “Zamin Əmlak Agentliyi”nin direktoru Oqtay Zərbalıyev başçılıq edir və həmin agentliyin satış menecerləri Ramin Nağdəliyev, Orxan Əliyev və Natiq Şahmuradov da cinayəti əlbir olub törətməkdə ittiham olunurlar.

Məhkəmədə bilinib ki, ilkin olaraq “Zamin Əmlak Agentliyi”nin direktoru Oqtay Zərbalıyev və həmin agentliyin satış menecerləri Ramin Nağdəliyev, Orxan Əliyev və Natiq Şahmuradovun barəsində cinayət işi başlanıb. İstintaqın gedişində daha 5 nəfər - Valeh Rüstəmov, Ədib Kazımov, Qalib Bayramov, İlqar Məmmədov və Bəxtiyar Məhərrəmov da həbs edilib.

Zərərçəkmişlərə dəymiş ziyan isə 2 milyon manata yaxındır.

Cinayət işi üzrə məhkəməyə hazırlıq prosesi keçirilib.

Musavat.com xəbər verir ki, iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, agentlik rəhbəri digərləri ilə birgə zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər veriblər.

Qeyd edək ki, cinayət işi Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırılıb. İstintaq orqanının vəsatəti, prokurorun təqdimatı ilə 9 nəfərin hər biri haqda həbs qərarı verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
513 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...