“Aqrolizinq”in itkin düşən hesabdarından xəbər yoxdur

“Aqrolizinq”in itkin düşən hesabdarından xəbər yoxdur
Əmirsoltan Əhmədov avqustun 4-də evdən çıxıb və bir daha geri qayıtmayıb

“Aqrolizinq” ASC-nin Şabran filialının qeyri-rəsmi hesabdarı Əmirsoltan Əhmədov avqustun 4-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Hesabdarın axtarışları nəticə vermir. 6 uşaq atası olan 1963-cü il təvəllüdlü Ə.Əhmədov itkin düşdüyü gün Şabranın Ağalıq kəndindəki evindən işə getmək adı ilə çıxıb. Amma geri qayıtmayıb. Ə.Əhmədovun yaxınları onun itkin düşməsi ilə bağlı Şabran Rayon Polis İdarəsinə məlumat veriblər. Şabran rayon Polis İdarəsindən “Yeni Müsavat”ın əməkdaşına deyiblər ki, hazırda Ə.Əhmədovun axtarışları davam etdirilir.


Yada salaq ki, Ə.Əhmədovun qardaşı Famil Əhmədov avqustun 15-də “Yeni Müsavat”a demişdi ki, qardaşını bütün güman etdikləri ünvanlarda axtarıblar, onun iş yerinə də baş çəkiblər. F.Əhmədov qardaşı itkin düşməzdən bir gün öncə ona müəmmalı zəng gəldiyini demişdi.

Sitat: “Qardaşım avqustun 3-də bacımın evində oturub söhbət ediblər. Deyib-gülüblər. Ona zəng gəlib. Bundan sonra onun vəziyyəti 180 dərəcə dəyişib. Həmin nömrə də telefonundan silinib. O, 7-8 ildir ki, ”Aqrolizinq"də işləyir. İşinə dəqiq yanaşan adam idi. Bu müddətdə onun işdə heç bir problemi olmayıb. Qardaşım əvvəllər briqadir, məntəqə müdiri, “Akkord”da işləyib. Əsasən mühasib işləyib. “Aqrolizinq”də də bütün dəftər-kitab işini qardaşım görüb. Həmin zəngi kim edib, bilmirik. Polisə də bu haqda demişik".

F.Əhmədov deyir ki, qardaşını güman gələn bütün ünvanlarda axtarıblar: “Müəyyən ünvanlar vardı ki, Əmirsoltanın orada ola biləcəyini ehtimal edirdik. Polislə həmin ünvanlara da getdik. Dedilər ki, onu görməyiblər. İmanımız bir yerə, gümanımız min yerədir. Qardaşımın toyla bağlı özünə nəsə edə biləcəyini düşünmürəm. O, toyuq başı belə kəsməzdi. Onda o ürək yox idi ki, toyuq-qoyun kəssin. İtəndən 4 gün sonra mənim özümə dedilər ki, qardaşını Xaçmazda, filan kafedə görənlər olub. Polislə həmin kafeyə də getdik. Orada yemək paylayan xanım da təsdiqlədi ki, qardaşımı görüb. Kafedə işləyənlər də dedilər ki, görmüşük. Həmin kafedə kamera yoxdur. Ətrafında da olan kameralara baxan olmayıb. Fleş-kart da alıb vermişik ki, baxsınlar, bizə də versinlər. Bilək ki, qardaşım orada olub ya yox. O küçədən keçib, o kafeyə gedib, ya yox. Polis axtarır. Şübhəli yerlərə də gedib baxmışıq. Bir xanım vardı, deyirdi ki, Əmirsoltanı Xaçmazda peşə məktəbinin yanında görmüşəm. Bir başqası da var idi, deyirdi ki, bizə gəlib, çörək yeyib. Həmin dedikləri yerlər də demək olar ki, eyni məhəllədir. Həmin ərazini də polislə axtarmışıq. Bir başqa xanım da var, onunla dostluq edib, onu da polis çağırıb dindirib, o da deyib ki, Əmirsoltanı görməyib”.


Ə.Əhmədovun iş yeri ilə də əlaqə saxlamışdıq. “Aqrolizinq” ASC-nin Şabran filialının müdiri Radik Məmmədov əməkdaşımıza demişdi ki, onun Ə.Əhmədovdan hər hansı bir narazılığı olmayıb. Məsələ ilə bağlı Xaçmaz və Şabran rayon polis idarələri araşdırma aparırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
935 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...