Sabiq məmur oğlunun şikayəti təmin edilmədi

Sabiq məmur oğlunun şikayəti təmin edilmədi


Bakı Apelyasiya Məhkəməsində mahir tarzən, xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş rəis müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, apelyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, ötən ilin mart ayınının 15-də Suraxanı rayonu ərazisində, Zığ şossesində X.Mədətovun idarə etdiyi “Mercedes-Benz Gelandewagen-55” markalı avtomobil xalq artisti Ağasəlim Abdullayevin oğlunun idarə etdiyi “VAZ-2106”-a çırpılıb. Nəticədə “VAZ-2106”da olan sərnişinlər - xalq artsitinin həyat yoldaşı, 1959-cü il təvəllüdlü Brilyant Abdullayeva və 2008-ci il təvəllüdlü nəvəsi Ağasəlim Abdullayev hadisə yerində ölüblər. 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və onun gəlini, 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Fakta görə Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Sürücü X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi CM-in 263.1.4-cü maddəsinə tövsif olunub. Qəzadan iki gün sonra Mübariz Mədətov prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib, oğlu Xalid Mədətov isə həbs olunub. M.Mədətov Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin sabiq rəisi Aydın Bəşirovun həm qudası, həm də biznes ortağıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalid Mədətov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.Mədətovun vəkilləri apelyasiya şikayəti verib. Onlar müdafiə etdikləri şəxsin barəsində həbs olmayan cəzanın təyin edilməsini istəyiblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1308 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...