Bakıda saxlanılan 32 nəfərdə QİÇS, HİV və digər xəstəliklər aşkarlanıb
Vətəndaşların çoxsaylı müraciətləri əsasında Bakı şəhərinin mərkəzi hissəsində, xüsusən də Nəsimi, Nərimanov, Səbail və Yasamal rayonlarının ərazisində axşam saatlarında qrup şəklində yerli vətəndaşlara və əcnəbi turistlərə pul müqabilində intim xidmətlər təklif edən, hətta imtina edənləri təhqir edib münaqişəyə çəkməklə ictimai qaydanı pozan şəxslərin müəyyənləşdirilməsi, onların dəri-zöhrəvi xəstəliklərin daşıyıcısı olub-olmamasının yoxlanılması və digər profilaktiki tədbirlərin görülməsi məqsədi ilə şəhərin Baş Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşlarının sentyabrın 15-dən 30-dək keçirdiyi tədbirlərlə 83 nəfər saxlanılıb.
APA-nın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilir. Məlumata əsasən, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilərək məhkəmələrə göndərilib, 56 şəxs barəsində müxtəlif müddətlərə inzibati həbs tənbehi seçilib, 18 nəfər inzibati qaydada cərimə, 9 nəfərə xəbərdarlıq edilib.
Lakin saxlanılan şəxslərin hüquqlarını müdafiə edən vəkillərin müraciətləri nəzərə alınaraq inzibati həbs olunanlardan 32 nəfəri müalicə üçün Dəri-Zöhrəvi dispanserlərə göndərilən, zöhrəvi xəstəlik aşkar edilməyən 24 nəfər inzibati həbsdən azad edilib.
Tibbi-laborator müayinələrin hazırkı nəticəsinə görə, 32 nəfərdə müxtəlif zöhrəvi xəstəliklər, o cümlədən 6 nəfərdə QİÇS, 6 nəfərdə HİV, 16 nəfədə -da sifilis, 2 nəfərdə kəskin uretrit, candida albikas və trixomonias, 2 nəfərdə isə Hepatit HVC virusu aşkarlanıb, digərlərində zöhrəvi xəstəliklərin olub-olmamasının müəyyənləşdirilməsi, eləcə də onlar tərəfindən bu xəstəliklərin məqsədli şəkildə yayılmasının qarşısının alınması istiqamətində səhiyyə orqanları ilə birgə təxirəsalınmaz tədbirlər davam etdirilir.
"Ayrı-ayrı kütləvi informasiya vasitələrində cinsi azlıqlara qarşı guya təqiblərin olması və onların hüquqlarının pozulması barədə deyilənlər, belə iddialar tamamilə əsassızdır, reallığı əks etdirmir. Bir daha qeyd etməyi vacib hesab edirik ki, belə tədbirlərin keçirilməsində məqsəd yalnız ictimai qaydanı pozmaqla vətəndaşların şikayətlərinə səbəb olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi və ağır nəticələrə səbəb olan yoluxucu zöhrəvi xəstəliklərin yayılmasının qarşısının alınmasıdır", - deyə məlumatda qeyd olunub.
914 dəfə oxundu