5 dost özləri üçün 1 qız çağırdı, sonra... - Nabranda 15 manat söhbəti

5 dost özləri üçün 1 qız çağırdı, sonra... -

Xaçmazda qətl törətməkdə təqsirli bilinən Mingəçevir şəhər sakini, 1994-cü il təvəllüdlü Hüseyn Rüstəmov və Biləsuvar rayon sakini, 1995-ci il təvəllüdlü Ramil Abbaslının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Gundeminfo.az Publika.az-a istinadən xəbər verir ki, Hüseyn Rüstəmov dostları Ramil Abbaslı, Fuad İsmayılov, Fərid İlyasov və Nurlan Hacıbalazadə ilə istirahət etmək üçün 5 iyul 2015-ci il tarixdə Bakı şəhərindən Xaçmaz rayonu, Günəşli kəndində yerləşən "Dostluq Turist Bazası” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1-ci şəhərciyinə gəliblər. Onlar orada 1 saylı kotecin bir otağını kirayə tutmaqla istirahət edib, yeyib-içdikdən sonra saat 23 radələrində Nurlan Hacıbalazadə əylənmək üçün öz tanışı, yüngül həyat tərzi keçirən Ülkər Novruzovaya zəng vurub, özünə 50 manat, onun gələcəyi taksiyə isə 20 manat pul veriləcəyini razılaşdıraraq yanlarına çağırıb.

Əxlaqsız qadınla əylənmək

Ülkər Novruzova Xaçmaz şəhər sakini Famil Məmmədovun taksi kimi idarə etdiyi "Vaz-21011” markalı avtomaşınla onların yanına gəlib. Nurlan Hacıbalazadə sürücüyə 20 manat pul verərək onu yola salıb. Bir müddət sonra Ülkər Novruzova onlardan 50 manat pul alıb və sonra Famil Məmmədova zəng vuraraq gəlib onu aparmasını xahiş edib.

Pul davası

Famil Məmmədov ora gələrək Ülkər Novruzovanı aparmaq istəyib. Buna görə Famil Nurlan Hacıbalazadə və dostlarından əlavə 20 manat pul istəyib. Nurlan və dostları pulu taksi sifariş edən şəxsin verməli olduğunu deyərək, ona etirazlarını bildiriblər.
Nurlan və dostları Familə pul tələbinin düzgün olmadığını bildirsələr də, sonra öz aralarında razılaşıb 15 manat pulu Famil Məmmədova verərək onu yola salıblar. Bununla aralarındakı narazılığa son qoyulub.

Sonra Hüseyn Rüstəmov iyulun 6-da, saat 23 radələrində "Dostluq Turist Bazası” MMC-nin 1-ci şəhərciyində qaldıqları 1 saylı kotecin yanında dostları Ramil Abbaslı, Fuad İsmayılov, Fərid İlyasov, Nurlan Hacıbalazadə və sonuncunun Xaçmaz rayonunda yaşayan tanışı Şıxbala Zeynalovla yemək yeyərkən Ramil Abbaslı istisna olmaqla digərləri spirtli içki qəbul edib. Məhz onlar sərxoş vəziyyətə düşdükdən sonra taksi sürücüsü Famil Məmmədovun bir gün əvvəl Ülkər Novruzovanı aparmağa görə onlardan 15 manat almasının düzgün olmadığı qənaətinə gəliblər. Dostlar bununla bağlı araşdırma yönlü söhbət etmək qərarına gəliblər.

Mübahisə

Onlar Fuad İsmayılovun idarə etdiyi avtomaşınla Xaçmaz rayonu, Nabran kəndi ərazisində taksi sürücüsü Famil Məmmədovu axtarıb, sonra isə Fərid İlyasovun mobil telefonu ilə sonuncuya zəng vuraraq iyulun 7-də, gecə saat 01:30 radələrində Xaçmaz rayonunun Günəşli kəndində, Xəzər dənizinin sahilində Famil Məmmədov ilə görüşüblər.
Bu zaman Hüseyn onlardan əlavə 15 manat pul almasının düzgün olmadığını bildirib, Famil ilə mübahisə edib. O, özündə olan bıçağı nümayiş etdirib, sonra dostları ilə birlikdı şəhərciyə qayıdıb.

Gecə yarısı dava

Famil Məmmədov özünün yaşca böyük və yerli sakin olmasına baxmayaraq kənardan gəlmiş Hüseyn Rüstəmovun ona qarşı belə hərəkətlərindən əsəbiləşib. O, iyulun 7-də, gecə saat 02.45-də tanışları Zaur Ağamuradov, Namiq Zülfüqarov və digərləri ilə birlikdə "Dostluq Turist Bazası” MMC-nin 1-ci şəhərciyindəki 1 saylı kotecin yaxınlığına gəlib, Hüseyn Rüstəmov ilə aralarında olan narazılığı aydınlaşdırmaq istəyərkən hadisə yerində olan digər şəxslər onları sakitləşdirməyə çalışıb.

Famil Məmmədov dalaşma olmayacağını və yalnız söhbət edəcəklərini deyib. Hüseyn Rüstəmovla birlikdə həmin yerdən təxminən 40 metr kənara gedərək orada sonuncuya bir müddət əvvəl dəniz sahilindəki hərəkətlərinə görə irad bildirib.

Dəniz sahilində qətl

Hüseyn Rüstəmov Famil Məmmədova bir daha onlardan Ülkər Novruzovanı aparmağa görə ikinci dəfə pul almaqda düzgün hərəkət etmədiyini deyib, özündən yaşca böyük olan şəxsi özünə qarşı qıcıqlandırıb.

Buna görə Famil Məmmədov əsəbiləşərək yumruqla onun qarın və baş nahiyəsindən vurub. Bu zaman Hüseyn özündə olan bıçaqla Familə çoxsaylı zərbələr vuraraq onu öldürüb. Həmin vaxt Ramil Abbaslı da orada olub. O, xuliqanlıq hərəkətlərinə yol verərək, dalaşmada iştirak edib.
Hüseyn Rüstəmov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətli ilə adam öldürmə) maddəsilə, Ramil Abbaslı isə həmin məcəllənin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham ediliblər.

Onların barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Zeynal Ağayevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Ülkər özünü qəribə aparırdı”

Təqsirləndirilən şəxs qismində dindirilən Hüseyn Rüstəmov ittiham olunduğu cinayət əməlinin törədilməsində özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, iyulun 5-də, saat 08 ərəfəsində tanışları Fərid İlyasov, Ramil Abbaslı, Fuad İsmayılov və Nurlan Hacıbalazadə Xaçmaz rayonunun Nabran kəndinin yaxınlığında yerləşən "Dostluq Turist bazasın”da istrahətə gəliblər: "Həmin gün saat 23 radələrində Nurlan Ülkər adlı tanış qıza zəng vuraraq onu çağırdı. Ülkər dedi ki, 50 manat özünə, 20 manat da taksiyə pul ödənilməsi şərti ilə gəlməyə razıdır. Nurlan da onunla razılaşdı. Saat 23 radələrində Ülkər "Vaz-21011” markalı taksi avtomaşını ilə gəldi və Nurlan Ülkəri qarşılayaraq adını sonradan bildiyim mərhum Famil Məmmədova 20 manat verdi və onu yola saldı. Təxminən bir saat ərzində birlikdə çay içib, söhbət etdik. Həmin vaxt masanın üzərində meyvə şirəsi, çay ilə içməyə şokolad olub, başqa spirtli içki və yemək olmayıb. Söhbət əsnasında gördük ki, Ülkər özünü birtəhər, qəribə aparırdı”.

"Başa düşdü ki, onunla cinsi əlaqədə olmayacağıq”

Təqsirləndirilən şəxsin sözlərinə görə, bir az sonra Ülkər onlardan özü üçün pivə almalarını istəyib: "Biz də buna razılaşmadıq. Ülkər başa düşmüşdü ki, biz onunla cinsi əlaqədə olmayacağıq. Ona görə də gəldiyi taksi avtomobilinə onu aparması üçün zəng vurdu. Ülkər orada səs-küy salaraq pulunu tələb etdiyi və polisə şikayət edəcəyini dediyi üçün Nurlan ona 50 manat verdi. Təxminən yarım saat sonra, gecə saat 01 radələrində mərhum Famil Məmmədov maşını ilə gəldi. Ülkər avtomaşına əyləşdikdən sonra Famil Nurlana dedi ki, onun 15 manat yol pulunu da versin. Biz öz aramızda pul toplayaraq 15 manatı Nurlana verdik. Nurlan heç bir mübahisə etmədən 15 manat məbləğində pulu həmin Famil adlı taksi sürücüsünə verdi və onlar getdilər”.

"Pulu geri qaytarmasını tələb etdik”

Hüseyn Rüstəmov bildirib ki, iyulun 6-da Nurlan taksi ilə Nərəcan kəndinə gedib: "Nurlan getdikdən sonra biz mərhum Famil Məmmədovun əlavə olaraq ikinci dəfə 15 manat almasını özümüzə sığışdıra bilmədik. Bunun üçün qərara aldıq ki, Famili görüşə çağırıb, onunla bu məsələni aydınlaşdıraq. Həmin gün saat 20 radələrində Fərid, Fuad, Ramil və Nurlan "Dostluq” Turist bazasının yaxınlığında "Sınıq körpü” kimi tanınan yerin yanında olan çayxanada yenidən Familin nə üçün bizdən əlavə pul aldığını müzakirə etdik. Həmin vaxt uşaqlardan biri Familin nömrəsinə zəng edərək, onu əyləşdiyinmiz çayxanaya dəvət etdi. O, da gələcəyinə söz verdi. Təxminən 30 dəqiqə sonra Famil ora gəldi. Familin gəldiyini görəndən sonra Ramil, Fərid, Fuad və Nurlan onun maşınını saxladığı yerə tərəf getdik. Bizi görəndə Famil onu nə üçün çağırdığımızı soruşdu. Hamımız Familə bizdən əlavə pul almasının düzgün olmadığını dedik. Və həmin 15 manatı qaytarmasını tələb etdik. O, isə cavabında "yaxşı edib almışam, sizə heç bir pul verməyəcəm”, deyə bildirdi”.

"And içdi ki, heç nə olmayacaq”

Hüseyn Rüstəmov qeyd edib ki, bundan sonra onlar mübahisə etməyə başlayıb, mübahisə zamanı həmin yerin yaxınlığındakı çayxananı işlədən adlarını bilmədiyi 3-4 nəfər onlara yaxınlaşaraq mübahisə etməmələrini deyərək, oradan getmələrini tələb ediblər: "Mübahisə böyüməsin deyə mən və dostlarım oradan qaldığımız kotecə qayıtdıq. Təxminən 2-3 saat sonra mərhum Famil Məmmədov idarə etdiyi avtomobillə, onun ardınca biri "Daewoo Centra”, digəri isə markası və nömrəsini görmədiyim avtomobillə sürətlə bizim qaldığımız kotecin yanına gəldilər. Mərhum Famil Məmmədov əlində dəmir "montirovka” ilə maşından düşərək yanımıza gəldi, kobud və əsəbi şəkildə "gəlin gedək söhbət edək”, dedi. Famil birinci Ramillə danışmaq istəsə də, mən irəli keçərək özümün Famillə təklikdə söhbət etmək istədiyimi dedim. Famillə oraya gəlmiş dostları onun əlindən "montirovka”nı aldılar ki, Famil ondan istifadə etməsin və xoşluqla söhbət etsin. Famil də əlindəki "montirovka”nı maşınına qoyduqdan sonra and içdi ki, heç nə olmayacaq, ancaq söhbət edəcək”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bundan sonra o və Famil kotecin qabağındakı yerdən təxminən 30-40 metr aralı gedib və orada söhbət etməyə başlayıblar: "Söhbət zamanı Famil mənə "siz idiz alə məndən pul istəyən, siz məndən pul ala bilərsiz?! bu qədər adamı yığıb mənim üstümə niyə gəlirdiz?!”. Mən isə "sən səhv eləyib bizdən pul almısan, sən bizdən ikinci dəfə əlavə pul almamalıydın”, - deyə bildirdim. Bu sözləri dedikdən sonra Famil mənim sol qarın nahiyəmə və sol sifət nahiyəmə iki dəfə yumruq zərbəsi endirdi. Sol sifət nahiyəmə dəyən zərbədən sonra başım silkələndi. Məndən fiziki cəhətdən güclü olan Famil Məmmədovun yenidən məni vurmasını gözləmədən özümü müdafiə etmək məqsədilə belimdə saxladığım bıçağı çıxardım. Bıçağı Famil Məmmədov istiqamətdə yellətməyə başladım ki, məndən aralansın və daha zərbə endirməsin. Famil əlimdə bıçaq gördükdən sonra üzü uşaqların yığışdığı, yəni bizim qaldığımız kotecə tərəf qaçmağa başladı. Ramil Abbaslıya tərəf qaçdı, Ramilin yanından keçəndən sonra yıxıldı. Ramilin bıçaqla Familə zərbə endirməsini isə dəqiq bilməmişəm. Törətdiyim əməldən peşmanam”.
Eyni məzmunlu ifadə verən digər təqsirləndirilən Ramil Abbaslı da törətdiyi əməldən peşman olduğunu bildirib.

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Fuad Məmmədov bildirib ki, kütləvi dava nəticəsində qardaşını bıçaqlayaraq öldürüblər. O, cinayəti törədənlərə ən ağır cəzanın verilməsini istəyib.

Hökm, cəza və şikayətlər

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hüseyn Rüstəmov 17 il, Ramil Abbaslı isə 1 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan Hüseyn Rüstəmov apelyasiya şikayəti verərək, barəsində təyin olunan cəzanın yüngülləşdirilməsini istəyib. O, ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsini həmin məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsini istəyib.

Həmçinin prokuror da apelyasiya protesti verərək, Ramil Abbaslının barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham elan edilməsini, həmin maddənin sanksiyası çərçivəsində ona cəza verilməsini tələb edib.

Hər iki şikayət araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub. Qərara görə, Hüseyn Rüstəmovun apelyasiya şikayəti təmin edilib.

Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi həmin məcəllənin 120.1-ci maddəsinə tövsif olunub. Hüseyn Rüstəmovun cəzası 12 ilə qədər endirilib.

Prokurorun protesti təmin olunmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1103 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...