"Bunlara söz deməyin özü "zapadlo"dur" - "Lotu Quli"nin kirvəsi
Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Gundeminfo.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Alllahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində İrza Nağıyev dindirilib. O, Ağstafa Rayon Polis İdarəsinin rəis müavini olduğunu deyib: "Nəsimi Rayon Polis İdarəsindən bizə qərardad gəlmişdi ki, Məhəbbət Namazovun evində axtarış keçirilsin. Deyilən ünvana getdik. Həyat yoldaşı evdə axtarış aparmağımıza etiraz etmədi. Bununla bağlı sənədə imza da çəkib. Biz də baxış keçirdik. Mətbəxdə çaydanın içində "Makarov" tapançasına aid 15 ədəd güllə aşkarlandı. Daha sonra bir bıçaq tapdıq. Həmin vaxt yoldaşı ordaydı. O bildirdi ki, bıçaqlar onun rəhmətlik qayınatasına məxsus olub".
O, istintaqa verdiyi ifadəsini təsdiqləyib.
Daha sonra İlqar Əmrullayev də şahid qismində ifadə verib. O, Məhəbbət Nazamozun maşınında axtarışda iştirak edib: "Mən yolla gedirdim. Bu zaman polis əməkdaşları gəldi ki, maşına baxış keçirilir. Siz də hal şahidi kimi iştirak edin. Mən də iştirak elədim. Maşının içində toza oxşar şey tapıldı".
Məhəbbət Namazov hal şahidini yalnız polis idarəsində gördüyünü deyib: "Bunlara nə deyəsən. Bədbəxt insanlardır. Damarları qırıqdılar. Bunlara söz deməyin, sual verməyin özü "zapadlo"dur".
Digər hal şahidi Faiq İsmayılov da məhkəmədə ifadə verib. O, M.Novruzov polis idarəsində olarkən hal şahidi kimi çağırıldığını və orada iştirak etdiyini söyləyib. Hal şahidi selofan paketdə ağ maddə gördüyünü deyib.
Məhkəmədə məlum olub ki, hal şahidi Faiq İsmayılov ifadə verdikdən iki gün sonra həbs edilib. O, narkotik istifadəçisi kimi həbs edilibmiş. Bir neçə ay sonra azadlığa çıxıb.
Faiq İsmayılov hal şahidi kimi polis idarəsinə dəvət olunarkən narkotik vasitənin təsiri altında olduğunu deyib: "Mən ağrıyırdım. Hallı idim. Dedilər yuxarı qalxmaq lazımdır. Mən də qalxdım. Sənədlərə qol çəkdim. Nə yazıldığını, nə olduğunu xatırlamıram. Mən ora dəvət ediləndə selofanda olan maddəni gördüm. Amma bilmədim ki, kimin üstündən çıxıb".
M.Novruzov isə bildirib ki, hal şahidinə təzyiq edilir: "O indi də düzünü deyə bilmir. Zalda polis əməkdaşı var idi. İndi çıxdı. Hal şahidini də o gətirib. Əgər başqa nəsə desə, çıxanda tutacaqlar. Bu tutulanda mən istintaq təcridxanasındaydım. Yatdığı kameranı da bilirdim. Lakin ona heç bir pislik eləməmişəm. Bu mənim kişiliyimdir".
Daha sonra şahid qismində təqsirləndirilən şəxsin həyat yoldaşı Xəyalə Namazova ifadə verib. O bildirib ki, rayondakı evinə polislər gəlib axtarış edəcəklərini dedilər: "20-yə yaxın polis əməkdaşı gəlmişdi. Lakin 6-7-si içəri girdi. Axtarışda özüm də iştirak etdim. Bir şəkili, bıçağı və patron çıxartdılar. Həmin bıçaq qayınatamın olub, paslanmışdı. Heç istifadə eləməmişik. Patronları da özləri evimizə gətirmişdilər. Bizim evimizdə silah-sursat olmayıb. Patronları mətbəxdən tapdıqlarını deyirlər. Mən hər gün o mətbəxdə təmizlik işləri görürəm. Heç vaxt orda elə şey olmayıb. Axtarış 1 saat çəkdi".
Vəkilin sualına cavab verən Xəyalə Namazova bildirib ki, ona ağ kağıza qol çəkdiriblər: "Dedilər yoldaşınız həbs olunduğu üçün evinizdə axtarış aparacağıq. Mən də dedim buyurun. Lakin mənə hüquqlarımı başa salmadılar. Axtarışdan imtina edə bilməyəcəyimi deməmişdilər".
Məhkəmə prosesi oktyabrın 18-də davan edəcək.
Qeyd edək ki, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.
Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.
Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.
1008 dəfə oxundu