Lənkəranskinin yüksək vəzifəli məmur qardaşı deportasiya oluna bilər
Həbsdən buraxıldıqdan sonra İstanbula köçən məşhur kriminal avtoritet "Lotu Quli”ni öldürmək üçün gedən killerlər qrupunun bəzi üzvlərinin, o cümlədən "Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyevin Azərbaycana deportasiyası gözlənilir.
BakuPost.az xəbər verir ki, bu barədə yerli mediaya İstanbuldakı mənbələr məlumat veriblər.
Xəbər verdiyimiz kimi Namiq Canıyev də daxil olmaqla sui-qəsd planı hazırlayan qrupun üzvləri ötən axşam İstanbulun Baxçalıevlər məhəlləsindəki "Ömür” tiarət mərkəzinin restoranında keçirilən xüsusi əməliyyatda saxlanılıb. Əməliyyatı antiterror polisi keçirib və silahlı qrupa qarşı əməliyyat zamanı küçədə hərəkət dayandırılıb, ticarət mərkəzinə giriş-çıxış kəsilib. Əməliyyatda Namiq Canıyevlə birlikdə tutulanlar bunlardır: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin.
Saxlanılanların üzərindən tapançalarla yanaşı döyüş qumbaraları da aşkar edilib.
Mənbə bildirir ki, söhbət adi sui-qəsd əməliyyatından deyil, "Lotu Quli”nin mənzilləndiyi malikanəyə silahlı hücumdan və əsl döyüş əməliyyatı planından gedir. Həmin qrup malikanəyə basqın edərək kriminal avtoriteti və ətrafındakıları öldürməyə hazırlaşırdı. İstisna deyil ki, tutulanlar həmin planda iştirak etməli olan qrupun üzvlərinin ancaq bir qismidir.
Türkiyə mətbuatı da bu xüsusi əməliyyat barədə yazır. Hərçənd Türkiyə KİV-lərinin xəbərlərində "Rövşən Lənkəranski”nin qardaşının və onunla birlikdə tutulan Azərbaycan vətəndaşlarının adları keçmir.
Bildirilir ki, polis əməliyyat məlumatı əsasında hərəkətə keçib. Polisə daxil olan məlumatda deyilirdi ki, "Ömür” ticarət mərkəzində silahlı şəxslər var. Bu məlumat əsasında əməliyyata başlayan xüsusi təyinatlı polislər ticarət mərkəzinin ətrafında təhlükəsizlik tədbirləri görüb, nəqliyyatın hərəkəti dayandırılıb, təcili tibbi yardım maşınları səfərbər olunub.
Ticarət mərkəzinə giriş-çıxışı bağlayan xüsusi təyinatlılar içəri daxil olaraq Türkiyənin ən qəddar kriminal qruplaşmalarından biri olan "Şirinlər” mafiyasının lideri Mehmet Sabri Şirin də daxil olmaqla 8 nəfəri saxlayıb. Onların üzərindən çoxlu sayda silahlar və bu silahlara aid patronlar çıxıb. Ticarət mərkəzinin avtoparkında həmin şəxslərə aid avtomobillər də nəzarətə alınıb.
Polis qaynaqları tutulan şəxslərin terror təşkilatları ilə bağlantılarının olmadığını açıqlayıblar. Lakin məlumatlara görə xüsusi təyinatlı polislərin mülki geyimdə ticarət mərkəzinə daxil olaraq mafiya üzvlərinə qarşı əməliyyat keçirdiyini görənlər onların terrorçular olduğunu zənn ediblər və həyacanla polisin qaynar xəttinə zəng vuraraq "silahlı terror basqını” barədə məlumat veriblər. Bildirilir ki, mafiya üzvləri bir müddətdir polis tərəfindən izlənilirmiş.
Türkiyə mənbələrinin məlumatlarına görə Mehmet Sabri Şirinin lideri olduğu "Şirinlər” mafiyası heroin ticarəti də daxil olmaqla mütəşəkkil cinayətkarlıq fəaliyyətinə nəzarət edən ən güclü qruplaşmalardan biridir. Son vaxtlar bu qruplaşma ilə "Sarallar” adlı mütəşəkkil qruplaşma arasında əsl müharibə gedir. Müharibənin səbəbi iki qruplaşma arasında heroin ticarətindən əldə edilən gəlirlərin bölüşdürülməsi üstündə yaranan mübahisədir.
Qeyd edək ki, Lənkəranskinin qardaşı Namiq Canıyev uzun illərdir ki, gömrük orqanlarında çalışır. Hazırda Keşlə Gömrük stansiyasının rəisidir, polkovnik rütbəsi daşıyır.
1015 dəfə oxundu