Polkovnikin 147 min manatlıq fırıldağı - Şahid danışdı

Polkovnikin 147 min manatlıq fırıldağı -

Dələduzluqda təqsirləndirilən sabiq MTN polkovniki Vüqar Güləli və onunla birgə ittiham olunan Ceyhun İbayev, Vüqar Əsədov, Anar İsmayılov, Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Sədaqət İsmayılova ifadə verib.

O bildirib ki, təqsirləndirilən sabiq V.Güləlinin evində yaşayıb: "Həmin vaxt evdə xəstə idim. Vüqar deyirdi ki, bir nəfərdən 87 min manat pul alıb, lakin onun adını açıqlamaq istəmədi. Bir müddət keçəndən sonra həmin adam evə gəldi. Vüqar orda etiraf elədi ki, 147 min manat pul alıb".

V.Güləli isə şahidin yalan danışdığını deyib. O söyləyib ki, şahid S.İsmayılova digər təqsirləndirilən V.Əsədovun qohumudur.

V.Əsədov da S.İsmayılova ilə qohum olduğunu təsdiqləyib.

Daha sonra vəkil Günay Hacıyeva vəsatət qaldırıb ki. Nicat Məmişov əlavə şahid qismində dindirilsin.

Vəsatət təmin edilib.

Növbəti məhkəmə prosesi noyabrın 16-na təyin edilib.

Qeyd edək ki, C.İbayev, V.Əsədov, V.Güləli, A.İsmayılov və N.Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq ediblər.

Belə ki, həmin şəxslər zərərçəkmiş Səriyyə Tahirovaya vəd ediblər ki, onun həyat yoldaşını həbsdən azad edəcəklər. Və qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər. Bundan başqa, təqsirləndirilən şəxslər digər vətəndaşlara da qarşı dələduzluq ediblər. C.İbayev, V.Əsədov, V.Güləli və N.Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə ) maddəsi ilə ittiham olunur.

V.Əsədov, A.İsmayılov və C.İbayev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Xatırladaq ki, V.Güləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub.

V.Əsədov isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin sabiq əməkdaşıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1035 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...