Üç şirkət rəhbəri məhkəmədə ifadə verib

Üç şirkət rəhbəri məhkəmədə ifadə verib


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. "Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər - Nurlan Tağıyev, Əmirxan Əmrahov, Əfqan Əliyev, Rauf Quliyev və Afəttin Həşimov ifadə verib. "TIR" sürücüsü işləyən N.Tağıyev dindirilən zaman Balaxanı qəsəbəsindən A.Eyvazova məxsus anbardan mebellər apardığını bildirib: "Arazı tanıyıram. Bir neçə dəfə sürücüsü olduğum "TIR"la Balaxanı qəsəbəsindən Binəqədi rayonu ərazisində yerləşən, Eldəniz Axundova məxsus olan anbara mebellər aparmışam".

"Sədərək" bazarında mağaza işlədən Ə.Əmrahov isə A.Eyvazovu onun qardaşı Cəmil vasitəsi ilə tanıdığını və Arazdan bir neçə dəfə mal aldığını deyib: "Araz mənə bir neçə dəfə satmaq üçün yuyucu tozu gətirirdi. Həmin malları 20-30 qəpikdən alıb, 50 qəpiyə satırdım. Ümumilkdə aramızda 15 min manat dəyərində ticarət işi oldu". "Sənəng-G" MMC-nin rəhbəri vəzifəsində çalışmış, Masallı rayon sakini Ə.Əliyev ifadəsində A.Eyvazovu şəxsən tanımadığını vurğulayıb: "Arazı şəxsən tanımıram. Onunla aramızda sənəd işləri olub. Yəni, İrandan gətirdiyim malların gömürük işlərinə Araz baxırdı. Bir sözlə, o, mənim işçim idi. Mən Bakıda onun adına etibarnamə vermişdim. Bunu notariat kontorunda da təsdiq etmişdik".

Ə.Əliyev dindirilən zaman halının pisləşdiyini deyib, məhkəmə heyətindən vaxt istəyib. Daha sonra o, notariat kontorunda imzalanmış etibarnamədə öz imzasının olmadığını təsdiq edib. "Raket servis" MMC-nin rəhbəri R.Quliyev və "Elvin-C" MMC-nin rəhbəri A.Həşimov da A.Eyvazovu şəxsən tanımadığını və onun adına notariat kontorunda etibarnamə verdiklərini deyiblər. A.Eyvazov isə həmin şəxslərin yalan ifadə verdiyini deyib: "Hər üç MMC rəhbərlərini tanımıram. Bunlar düzgün danışmırlar. Heç həmin şəxslərin bu işdən xəbəri də yoxdur. Adlarını çəkdikləri MMC-lər isə yalnız bu şəxslərin adlarına qeydiyyatdan keçib. MMC-lər isə Alqayıt və Sumay adlı şəxslərə məxsusdur".

A.Eyvazovun müdafiəçisi çıxış edərək deyib ki, Alqayıt adlı şəxslə görüb: "Alqayıtla görüşdüm. Ona məhkəməyə gəlib ifadə verməsini dedim. Lakin mənə öz vəkilini məhkəməyə göndərəcəyini bildirdi. Həmin şəxs özü haqda başqa məlumat verməkdən boyun qaçırdı". Məhkəmənin növbəti iclası oktyabrın 28-nə təyin edilib. Xatırladaq ki, E.Axundov "Şərur-İnşaat" şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğludur. O, A.Eyvazova 2 milyon 770 min dollar nağd pul verdiyini bildirib.
Qeyd edək ki, hadisə 2012-ci ildə baş verib. Məsələ ilə bağlı bir il ibtidai istintaq aparılıb. İş bir dəfə məhkəmədən geri göndərilib.

A.Eyvazov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1039 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...