“Günahkar Taleh Bağırzadədir” Evində axtarış aparılan Nardaran sakini
Dekabrın 1-dən Nardaranda keçirilən əməliyyatlar davam edir. Hüquq-mühafizə orqanları kənddə axtarışları davam etdirir.
Saxlanılanlar haqda rəsmi məlumat verilmir. Daxili İşlər Nazirliyinin rəsmi saytında Nardaranda bir neçə dəfə silah-sursat tapılması ilə bağlı məlumatlar yer alıb. Əməliyyat axtarış tədbirləri hər gün də davam etdirilir. Evində axtarış aparılan kənd sakinlərindən biri də Əbdülağa Əhmədağa oğlu Talıbzadədir. Kənd sakini musavat.com-a açıqlamasında bildirdi ki, dekabrın 22-də onun evində də hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb. Axtarış zamanı evdə heç kim olmayıb.
Ə.Talıbzadə “Nardaran hadisələri” ilə heç bir əlaqəsinin olmadığını və evində aparılan axtarışdan sonra narahat olduğunu dedi: “Evdə heç kim olmayıb. Günorta 3 maşın evimizə gəlib. Mən şəhərdə idim. Yoldaşım da evdə olmayıb. Qonşulardan heç kimi yaxına buraxmayıblar. Evimin qapısı bağlı idi. Həyətdə, qarajda axtarış aparıblar. Nə axtarıblar, bilmirəm. Amma mənim evimdə heç nə olmayıb. Bundan çox narahatam”.
Aksiyalarda iştirak etmədiyini, Tale Bağırzadə ilə isə heç vaxt görüşmədiyini deyən kənd sakini həbs ediləcəyindən narahatdır: “Mən noyabrın 26-da baş verən hadisə zamanı kənddə olmuşam. Amma bütün bu olanlardan xəbərsizəm. Tale Bağırzadə deyilən adamla da heç bir əlaqəm olmayıb, söhbətlərində də olmamışam. Mən dindar deyiləm. Öz halımda yaşayan kənd adamıyam. Taksi sürürüm. Səhər evdən çıxıram, bir də axşam qayıdıram”.
Polislə silahlı qarşıdurmadan sonra kənddə baş tutan aksiyalarda da iştirak etmədiyini bildirən Ə.Talıbzadə yaranan vəziyyətin günahkarı kimi Tale Bağırzadə və Nardarana kənardan gələnləri göstərdi: “Nardaran dindar kənd olub. Bunu hamı bilir. Mən bir kənd sakini kimi Tale Bağırzadənin fəaliyyətini dəstəkləmirəm. Talehin bizim kəndə gəlməsinin problem olacağını bilirdim. Mən evdə olsaydım, bəlkə də həbs edilmişdim. Son baş verənlər göstərir ki, bəzi günahı olmayanlar da saxlanılıb. Mən Talehin dəstəsi ilə heç vaxt əlaqədə olmamışam. Narahatam ki, bu işdə mənim də adım hallanar. Vəkil tutmuşam, Baş Prokurorluğa da müraciət edəcəm”.
Ə.Talıbzadə hazırda kəndə getmir və saxlanıla biləcəyindən ehtiyat edir: “Tale Bağırzadənin dediklərini başqa insan da deyə bilər. Onun polisdən çıxandan sonra belə şöhrət qazanması məntiqə sığmır. Arxasında pulu olan adam ad qazanar. Elə adamlar var ki, 10-15 il şöhrət tapa bilmir. Tale Bağırzadə elə də qeyri-adi heç nə demir. Problemləri deyir. Nardaran camaatına iş lazımdır, qaz problemi var, hicab məsələsini qaldırır. Talehin dediklərinin arxasında başqa işlər var. Bu qurama bir iş idi. Biz yaşlı insanlar bunu başa düşürdük. Amma gəncləri özünə inandıra bilmişdi. Nardaranda ağsaqqallar vaxtında deyiblər ki, polisə qarşı çıxmaq olmaz, silah atmaq olmaz. Polisə qarşı çıxanlar bizdən deyil”.
Ə.Talıbzadə onun saxlanılması üçün heç bir əsasın olmadığını da dedi.
Xatırladaq ki, noyabrın 26-da polislə dindarlar arasında baş verən silahlı qarşıdurmada 2-si polis olmaqla, 6 nəfər həyatını itirmişdi. Bundan sonra dekabrın 1-dək kənd sakinləri yolları bağlayaraq, aksiyalar keçirmişdilər. Hökumətlə kənd ağsaqqallarının danışığından sonra meydan boşaldıldı. Dekabrın 1-dən kənddə əməliyyatlar keçirilir və qeyri-rəsmi məlumatlara görə, 70 nəfərə yaxın kənd sakini saxlanılıb.
1189 dəfə oxundu