XİN rəsmisi bina tikir, sakinlər narazıdır: "Diplomat 2008” Elmar Məmmədyarovundur?

XİN rəsmisi bina tikir, sakinlər narazıdır:

Bakı Ağ Şəhərdə "Diplomat 2008” MTK tərəfindən inşa olunan yaşayış binasında mənzil almış bir qrup sakin 4 ildir yaşayış binasında işlərin yekunlaşmamasından və mənzillərin təhvil verilməməsindən şikayət edirlər. Onlar, əli hər yerdən üzülmüş və çarəsiz vəziyyətdə olduqlarını bildirirlər, problemin həllini gözləyirlər.

Sakinlər problemlərinin ictimailəşməsi üçün Marja.az-a müraciət ediblər.

Müraciətdə bildirilir:

"Satış ofisi Xarici İşlər Nazirliyinin binasında yerləşən, sədri Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəis müavini və Həmkarlar İttifaqı Komitəsinin rəhbəri Elxan Azayev olan "Diplomat 2008” MTK 2014-cü ildə Bakı Ağ Şəhərdə yaşayış binasının tikintisinə başlayıb. "Diplomat 2008” MTK ilə sakinlər arasında imzalanmış mənzil alqı-satqısına dair müqaviləyə əsasən binada işlər 2019-cu ildə tam başa çatdırılmalı və mənzillər səkinlərin yaşaması üçün təhvil verilməli idi. Lakin, tikintinin başlamasından 9 il keçməsinə baxmayaraq, yaşayış binasında işlər yekunlaşdırılmayıb və mənzillər sakinlərin yaşaması üçün təhvil verilməyib.

"Diplomat 2008” MTK-nın sədri Elxan Azayev işlərin yekunlaşacağı və mənzillərin təhvil veriləcəyi ilə bağlı biz sakinlərə son 5 ildə dəfələrlə yalan vədlər verib. Elxan Azayev sonuncu dəfə 23 yanvar 2023-cü il tarixində Xarici İşlər Nazirliyinin binasında bizimlə görüşərək binada bütün işləri ən geci 1 ay ərzində, yəni 23 fevral 2023-cü il tarixinədək yekunlaşdıracağını və mənzilləri sakinlərin yaşaması üçün tam hazır şəkildə təhvil verəcəyini bildirib. Son 5 ildə olduğu kimi, bu dəfə də Elxan Azayev bizi aldadıb, üzərinə düşən öhdəlikləri icra etməyib, binadakı işləri tamamlamayıb.

Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmuru Elxan Azayev tərəfindən 9 il əvvəl tikintisinə başlanılmış binanın eyvanlarında işlər tamamlanmayıb, binada abadlıq işləri yekunlaşdırılmayıb, mənzillərin giriş qapıları qoyulmayıb, binanın 3 fazalı elektirik xətti birləşdirilməyib, layihədə olmasına baxmayaraq binaya generator qoyulmayıb, liftlər işlək vəziyyətə gətirilməyib, binaya qaz verilməyib və s.

Hazırda binada Elxan Azayevə məxsus dəyəri bir neçə milyon manat olan əmlaklar (mənzillər, qeyri yaşayış sahələri, yeraltı avtomobil dayanacaqları) var. Elxan Azayevin bu qədər əmlakı, pulu olmasına baxmayaraq, binada işləri yekunlaşdırmaqda maraqlı deyil".

Məsələ ilə bağlı xarici işlər naziri Ceyhun Bayramova müraciət ünvanlasaq da, bu günə qədər müraciətimiz cavabsız qalıb, problemlərimiz həll olunmayıb.

Vəzifəsi Bakı Ağ Şəhərdə inşa olunan binalarda işlərin icrasına, keyfiyyətinə, layihəyə uyğun tikintisinə, vaxtında başa çatdırılmasına və s. nəzarət etməli olan Bakı Ağ Şəhər Administrasiyası da işləri tamamilə nəzarətsiz qoyub və ya "Diplomat 2008” MTK-nın qanunsuz əməllərinə göz yumur".

Sayt iddialar ilə əlaqədar olaraq "Diplomat 2008” MTK-nın sədri Elxan Azayev ilə əlaqə saxlayıb. Elxan Azayev bildirib ki, binanın təhvili koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilmiş karantin rejimləri, maliyyə çətinliyi, Bakı Ağ Şəhər Administrasiyasının düzgün olmayan yanaşması, sənədləşmənin vaxt tələb etməsi, bunun üçün aylarla davam edən yazışmalar səbəblərindən gecikir:

"Bizdən asılı olan və asılı olmayan səbəblər var idi. Hazırda heç bir səbəb yoxdur, təhvil-təslim prosesi gedir. 4 ildir mənzillərin təhvilinin gecikməsinin səbəblərindən birincisi yeni növ koronavirus pandemiyası ilə bağlı olaraq ölkəmizdə tətbiq edilmiş karantin rejimləri olub. İki il yarım karantin rejimləri tətbiq edildi - tərpənmək olmurdu, küçəyə icazə ilə çıxırdıq. Bunları unutmaq olmaz.

Bizdən asılı olmayan - Ağ Şəhər ilə bağlı məsələ var idi. Orada yanaşma bir az düzgün deyildi. Bunu məqalədə qeyd etməyə də ehtiyac yoxdur.

Maliyyə çətinliyi də oldu. Sizə şikayət yazan sakinlərin içərisində elə şəxslər var ki, bu gün cədvəl üzrə maliyyə borcu var. Tikinti kooperativinə borcunu ödəmirlər, amma şikayət edirlər. Mən də sual verirəm: "Siz borcunuzu cədvəl üzrə ödəmirsinizsə, o zaman mən nə etməliyəm?! Alıcılar ödənməyən borcların təhvilin gecikməsinə görə kompensasiya olaraq silinməsini istəyirlər" .

Elxan Azayev "Əgər borcunu vaxtında ödəmək alıcının borcudursa, mənzili də vaxtında tikib təhvil vermək mənzil tikinti kooperativinin (MKT) borcudur" şərhinə belə cavab verib:

"Sizinlə razıyam. Amma reallıqları da başa düşmək lazımdır. Bu gün ümumi borc 500 min manatdan yuxarıdır. Bu qədər borc MTK üçün maliyyə çətinliyi yaradır. Deyirlər, "siz ləngitmisiniz, buna görə qalan borc bizə kompensasiya olsun". Cavab vermişəm ki, "müqavilədə "belə bir halda sizə kompensasiya ödəməliyəm" yazılıbsa, mən razıyam".

MTK-nın sədri qeyd edib ki, binanın təhvilini dövlət qurumlarında, xüsusilə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumunda sənədləşdirmək vaxt tələb edir:

"Sənədləşmələr vaxt tələb edir, aylarla yazışmalar aparılır. Hazırda bina dövlət qurumlarına təhvil verilir. Bizdə hər bir şey qaydasındadır, heç bir problem yoxdur".

Elxan Azayev sakinlərin eyvanlarda işlərin tamamlanmadığı, həyətdə abadlıq işlərinin yekunlaşdırılmadığı, mənzillərə giriş qapısının qoyulmadığı və s. barədə iddialarına belə cavab verib:

"Həyətdə abadlıq işləri demək olar ki, tamamilə görülüb, qalan az işlər də dama çınqıl vurulması ilə əlaqədar olaraq qalıb. Gecikmə deyil, bir-biri ilə bağlı olan işlərdir. Eyvanlarda işlər yekunlaşdırılıb, mənzillərin qapıları da qoyulub. Binaya su və elektrin enerjisi verilib. Artıq binada yaşayanlar da var. Deyirlər ki, lifti verin. Binada lift 2017-ci ildə quraşdırılıb. Sadəcə, lifti dövlətə təhvil-təslimindən sonra istifadəyə vermək olar ki, bu proses də davam etməkdədir".

Elxan Azayev vurğulayıb ki, 2-3 həftə ərzində, may ayınadək təhvil-təslim və digər xırda tamamala işləri yekunlaşacaq: "2-3 həftəyə işlər tamamailə yekunlaşacaq, orada demək olar ki, iş yoxdur".

Elxan Azayev qeyd edib ki, binanın sakinlərinin böyük hissəsi Xarici İşlər Nazirliyinin əməkdaşları olduğu üçün şikayət edənlərin sayı çox deyil:

"Şikayət edənlərin sayı çox deyil, əksəriyyəti bir ailənin üzvləridir. Bir ailədən 3-4 nəfər imza atıb müraciətlər hazırlayıblar, guya sayımız çoxdur. Binanın sakinlərinin əksəriyyəti nazirliyin əməkdaşlarıdır. Onlara real vəziyyət yaxşı məlumdur və şikayət etmirlər".

Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmurunun mənzil tikintisi ilə məşğul olması barədə deyilənlərə toxunan Elxan Azayev qeyd edib ki, 98 mənzildən ibarət bina nazirliyin əməkdaşlarının müraciətinə əsasən onların ev şəraitinin yaxşılaşdırılması məqsədilə tikilib:

"Mən həm də Xarici İşlər Nazirliyində Həmkarlar İttifaqı Komitəsinin sədriyəm. Əməkdaşlarımızın müraciətinə əsasən onların ev şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı Ağ Şəhərdə yaşayış binası tikilib. Bununla əlaqədar olaraq MTK-ya sədrlik edirəm. Binadakı mənzillərin əksəriyyəti nazirliyin əməkdaşlarına verilib, əməkdaşların təlabatından artıq olan hissəsi kənar şəxslərə satılıb".

Qeyd edək ki, yerli mətbuatda dərc edilmiş bəzi xəbərlərdə "Diplomat 2008" Mənzil Tikinti Kooperativi keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun biznesi kimi göstərilib.

Əlavə edək ki, Bakı Ağ Şəhərin saytında "Diplomat 2008" MTK-nın binasında tikintinin gedişinə dair ilk şəkillər 2015-ci ilə, son şəkil isə 2020-ci ilin yanvar ayına aiddir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
763 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...