“Azərişıq” prezidenti həbs olunur – İş adamı 71 milyonluq tender şousunun detallarını açıqladı

“Azərişıq” prezidenti həbs olunur –
“Enerji Construction” Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi və direktoru Yusif Eldar oğlu Yusifli mətbuata gördüyü işlərə görə “Azərişıq” ASC tərəfindən ona və 250 işçisinə, mal-material, maşın-texnika sahiblərinə külli miqdarda – 5 milyon manatdan yuxarı pulun ödənilməməsi ilə bağlı açıqlamalar verib. MMC-nin direktoru buna “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun ən yaxın dostu Kamil Hüseynovun səbəbkar olduğunu qeyd edib və bildirib ki, “təsisçi olmaqla bərabər MMC-nin direktoru da olmuşam. Şahin Mollayev vasitəsi ilə Kamil Hüseynovla tanış oldum. Kamil Hüseynov özünü mənə “Azərişıq” sədrinin ən yaxın dostu olaraq tanıtdı. Mənimlə tanış olandan sonra Kamil Hüseynov dedi ki, “Azərişığ”ın rayonlarda, işğaldan azad edilmiş Qarabağda görəcəyi işlər var, həmin işləri görə bilərsən? Mən də tapşırılan işləri görə biləcəyimi dedim. İlk olaraq Şəmkirin Qapanlı, Bayramlı, Gədəbəyin Qasımlı, Əyrivəng kəndləri təqdim olundu. Kəndlərdə görüləcək işlərin smetasını çıxarıb Şahin Mollayevə verdim, o da Kamil Hüseynova təqdim etdi. Bundan az sonra Kamil Hüseynovla görüşdük, iş həcmləri, smetaları bir daha təqdim etdim, görüləcək işlərin qiymətləri ilə razılaşdıq və işə başladıq. Mənə dedi ki, işə başlayandan sonra görülmüş işlərin smetasını təqdim edəcəksən, həmin görülən işlərin dəyərinin üzərinə 10 faiz qoyulmaqla sənə veriləcək”.

AzToday.az sahibkar Yusif Yusiflinin bu açıqlamaları ətrafında araşdırma aparıb.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ENERJI CONSTRUCTION” Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 13.01.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 2000.00 manat olan QSC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ ŞTQ, NATƏVAN (BİLƏCƏRİ QƏS.), ev 2, qanuni təmsilçisinin isə hazırda Dadaşov Eldəniz Dadaş oğlu olduğu göstərilir. Reyestrə daxil edilmiş məlumatlarda QSC “DOST GROUP” MMC kimi qeydiyyatdan keçib və 06-10-2022-ci il tarixdən adı dəyişdirərək “Enerji Construction” MMC qoyulub. QSC-nin təsisçisi və ilk qanuni təmsilçisi Yusif Eldar oğlu Yusifli. 21.12.2022-ci il tarixdən MMC hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.

Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı rəsmi məlumatlar bu qədərdir. Bir də dövlət satınalmalarının internet portalında QSC-nin qalibi olduğu tenderlər barədə məlumatlar var. QSC dövlət qeydiyyatına alındıqdan sonra 18.11.2020-ci ildən 16.08.2023-cü ilə qədər, yəni 3 il ərzində dəyəri 3 milyon ABŞ dollarının ekvivalentindən yuxarı olan 10 açıq tenderin qalibi olub. QSC-nin udduğu tenderlərə və onların məbləğlərinə diqqət yetirək.

QSC dövlət qeydiyyatına alındıqdan cəmi 10 ay sonra “Azərişıq” ASC-nin keçirdiyi tenderin qalibi elan olunub və 18.11.2020-ci il tarixdə tərəflər arasında 6.795.148,69 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.

06.08.2021-ci il tarixdə Qaçqınların Və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyəti tərəfindən keçirilmiş tenderin qalibi elan olunub və tərəflər arasında 2.104.766 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.

03.09.2021-ci il tarixdə “Azərişıq” ASC-nin keçirdiyi tenderin qalibi elan olunub və tərəflər arasında 14.417.270,33 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.

12.10.2021-ci il tarixdə “Azərişıq” ASC-nin keçirdiyi tenderin qalibi elan olunub və tərəflər arasında 5.794.920,55 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.

01.12.2021-ci il tarixdə “Azərişıq” ASC-nin keçirdiyi tenderin qalibi elan olunub və tərəflər arasında 7.183.841,29 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.

27.05.2022-ci il tarixdə “Azərişıq” ASC-nin keçirdiyi tenderin qalibi elan olunub və tərəflər arasında 6.611.605,45 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.

14.06.2022-ci il tarixdə “Azərişıq” ASC-nin keçirdiyi tenderin qalibi elan olunub və tərəflər arasında 7.162.308,59 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.

28.06.2022 -ci il tarixdə “Azərişıq” ASC-nin keçirdiyi tenderin qalibi elan olunub və tərəflər arasında 4.928.215,66 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.

26.07.2022 -ci il tarixdə “Azərişıq” ASC-nin keçirdiyi tenderin qalibi elan olunub və tərəflər arasında 5.927.790,37 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.

16.08.2023 -ci il tarixdə “Azərişıq” ASC-nin keçirdiyi tenderin qalibi elan olunub və tərəflər arasında 12.331.466,47 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.

Göründüyü kimi “Enerji Construction” QSC son üç il ərzində iddiaçı olduğu 10 açıq tenderin 9-nu “Azərişıq” ASC-dən qalib gəlib və Səhmdar Cəmiyyətdən ümumi olaraq 71 152 563 manat məbləğində dövlət sifarişi alıb.

“Enerji Construction” QSC-nin direktoru Yusif Yusifli mətbuata açıqıamasında qeyd edir ki, “işləri görüb qurtarandan sonra “Azərişıq” nümayəndələri, yerli, regional “Azərişıq” idarələrinin rəisləri gəldilər. “Enerji Constraction”la “Azərişıq” arasında rəsmi müqavilə bağlandı, gördüyüm işlərin Forma 2-ni “Azərişıq”a təqdim etdim. Yerli şəbəkənin, regional şəbəkənin və “Azərişıq”ın rəhbər şəxsləri Forma 2-ləri və sənədləri qəbul etdilər. Bütün gördüyümüz işlərə baxış keçirib təhvil aldılar.”

Sahibkar deyib ki, “çox qısa müddətə Füzulidən Şuşaya yüksək gərginlikli elekrtik xəttləri çəkdik. Mən Qarabağda tapşırılan işləri gördüyüm müddətdə maliyyə məsələlərini Kamil Hüseynov öz üzərinə götürdü. O, özünü “Azərişıq” rəhbərinin ən yaxın dostu kimi təqdim etdiyindən, ona inamım vardı. Ödənişlər, müqavilələr Kamil Hüsyenovun rəhbərliyi altında həyata keçirildi”.

Yusif Yusifli həmçinin deyib ki, “bəzi işlər var ki, ödənişi ümumiyyətlə edilməyib. Kamil Hüseynova demişəm ki, vəsait, ödəniş lazımdır, çünki borc aldığım adamlar məni sıxır, evimə gəlir, məni narahat edirlər. Kamil Hüseynov da deyib ki, görülən işlərə görə hələ müqavilə bağlanmayıb, müqavilə bağlanandan sonra ödəniş olacaq. Sonradan öyrəndim ki, gördüyüm işlərə görə müqavilələr başqa firmalarla bağlanıb. Pul başqa firmalara köçürülüb və oradan da mənimsənilib”.

Bu açıqlamalardan da göründüyü kimi “Azərişıq” ASC-özbaşınalıqlar baş alıb gedir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarının ölkədə şəffaf və azad rəqabət əsasında həyata keçirildiyini dəfələrlə açıqlayıb. Lakin sahibkar Yusif Yusifli açıqlamalarından belə çıxır ki, “Azərişıq” ASC-də satınalmalara ümumiyyətlə nəzarət yoxdu. Hər şey əvvəlcədən planlaşdırılır, dost-tanışlardan iş icraçıları müəyyən edilir, tenderlər isə formal olaraq keçirilir və guya satınalmaların qanun çərçivəsində keçirildiyi görüntüsü yaradılır.

Sahibkar Yusif Yusiflinin daha bir açıqlamasına diqqət yetirək: “bəzi işlərin vaxtında görülməməsi Kamil Hüseynovun vaxtında ödəmələri etməməsi ilə bağlı olub: “2 aya görəcəyimiz iş 5 aya qədər uzanırdı. Çünki ödənişlər edilmirdi. İcarəyə götürdüyümüz maşın-texnikalar da boş dayanırdı. Amma məcbur qalıb ödənişləri özümüz edirdik. Hər dəfə də deyirdi ki, işləri gör, pulun verləcək. Mən də işləmişəm. 5 milyon manatdan yuxarı borc yaranıb. Bü gün mən “Enerji Constraction” təsisçisi olsam da, şikətin direktoru Kamil Hüseynovun öz adamıdır.

Bu da “Azərişıq” ASC-nin tender şousunun görünməyən daha bir tərəfi. Kimdir Kamil Hüseynov ki, dövlət vəsaitlərini istədiyi kimi idarə edir, istədiyi şəxsə pullar ayırır. Yusif Yusiflinin iddiasına görə güya bütün bunlardan “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun xəbəri yoxmuş. Var, Vüqar Əhmədovun hər şeydən xəbəri var. Kamil Hüseynovu məhz o idarə edir.

Bir sözlə Sahibkar Yusif Yusifli “Azərişıq” ASC-də gedən TENDER ŞOU-nu bütün çılpaqlığı ilə açıp töküb ortaya. Bircə məsələyə toxunmayıb, “OTKAT”a. Kamil Hüseynova 71 milyon manatdan nə qədər “otkat” qaytardığını açıqlamayıb. Bəlkə də bundan xəbəri belə yoxdu. Özünün dediyi kimi “Enerji Constraction” QSC-nin təsisçisi olsa da Kamil Hüseynov öz adamını direktor təyin edib. O da çox güman ki, QSC-nin hazırki qanuni təmsilçisi Dadaşov Eldəniz Dadaş oğludur.

Qeyd edək ki, “Azərişıq” ASC-də gedən bu TENDER ŞOU sədr Vüqar Əhmədovun karyerasına son qoya bilər. Məlum olduğu kimi növbədənkənar prezident saçkilərindən sonra İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiq edib. Vüqar Əhmədov hazırda “Azərişıq” ASC sədrinin səlahiyyətlərini icra edir. Bu TENDER ŞOU-dan sonra onun vəzifədə qalma ehtimalı nə qədərdir, gələcək göstərəcək.

Orxan Məmmədli



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
681 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...