Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini necə pozur? - ARAŞDIRMA

Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini necə pozur? -
Sentyabrın 1-i yaxınlaşdıqca seçki kampaniyasında rəqabət daha da gərginləşir. Namizədlər arasında gedən bu gərgin mübarizə bəzi hallarda qanun pozuntularına belə gətirib çıxarır. Belə qanun pozuntularından biri də Cavanşir Feyziyevin adı ilə bağlıdır.

Feyziyevin “haqlı rəqabət” taktikası

Redaksiyamıza daxil olan məlumata görə, Şəki sakinlərinin sosial şəbəkə hesabları üzərindən Cavanşir Feyziyevə ünvanladıqları iradları, xahişləri və təklifləri məqsədli şəkildə silinir. Cavanşir Feyziyevin rəsmi “Facebook” səhifəsində ancaq pozitiv ruhda olan rəylər saxlanılır.

Redaksiyamıza daxil olan digər məlumata görə isə təşviqat kampaniyasında 115 saylı seçki dairəsində digər namizədlər diskriminasiyaya məruz qalır. Belə ki, Cavanşir Feyziyev öz baner və təşviqat materiallarını istədiyi ərazidə yerləşdirir. Digər namizədlərinsə təşviqat materiallarının yerləşdirilməsinə süni şəkildə əngəllər yaradılır. Üstəlik, digər namizədlərin təşviqat materialları Cavanşir Feyziyevin adamları tərəfindən gecə saatlarında sökülüb, atılır.

Səslənən qanun pozuntusu ilə bağlı Cavanşir Feyziyevin münasibətini öyrənməyə çalışsaq da, cəhdlərimiz alınmayıb. O, telefon zənglərinə cavab verməyib. Cavanşir Feyziyevin köməkçisinə ünvanladığımız sorğu da cavabsız qalıb.

Cavanşir Feyziyevin keçmişinə baxış

Xatırladaq ki, Cavanşir Feyziyev IV, V və VI çağırış Milli Məclisin deputatı olsa da, yaddaşlarda ancaq oliqarx, biznes imperiyasının sahibi kimi qalıb. Gündəmə də qanunvericilik təşəbbüsləri, seçicilərin təklifləri ilə yox, daha çox biznes qalmaqalları ilə gəlib.

Rəsmi məlumatlara görə, Cavanşir Feyziyev 1995-ci ildən ABŞ-ın «Philip Morris» şirkətinin Qafqaz nümayəndəliyində şöbə müdiri, 1998-ci ildən «Planet Ko Ltd» şirkətinin direktoru vəzifələrində çalışıb.

2003-2010-cu illərdə «Avromed» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olub. Qanunvericiliyə əsasən, Milli Məclisin deputatlarının biznes fəaliyyəti ilə məşğul olması qadağan edilsə də, Cavanşir Feyziyevin biznesləri ilə bağlı mətbuatda çoxsaylı məqalələr dərc olunub.

Xüsusilə də, ötən 15 ildə Cavanşir Feyziyevin adı dərman və siqaret inhisarçılığında hallanıb.

Feyziyevlərin müsadirə olunan milyonları

Cavanşir Feyziyevin tərcümeyi-halında qeyd edilib ki, o, 2003-2010-cu illərdə “Avromed”in baş direktoru vəzifəsində işləyib.

İngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı yayımlanan materiallarda isə qeyd olunub ki, deputat 2013-cü ildə İngiltərəyə səfər etmək üçün viza müraciəti zamanı özünü “Avromed Company” QSC-nin baş direktoru kimi təqdim edib.

2024-cü ilin Böyük Britaniya məhkəməsi Azərbaycan Milli Məclisinin deputatı, iş adamı Cavanşir Feyziyevə məxsus Londonda 22 mülkə həbs qoyub. Feyziyev və həyat yoldaşı “qanunsuz əldə etdikləri gəlirdən” əmlak əldə etməkdə şübhəli biliniblər.

C.Feyziyevin dondurulmuş əmlaklarının siyahısında Londonun Chelsea Barracks kompleksində 2020-ci ildə 26 milyon funt sterlinqə (33,4 milyon dollar) alınmış iki iqamətgah, Regents Parkına baxan London mənzili, həmçinin C.Feyziyevin 2008-2018-ci illərdə ümumilikdə 10 milyon funt sterlinqə (13,7 milyon dollar) aldığı bildirilən 19 mənzil var.

Müğənninin adına alınan ev, ölümlə nəticələnən qəza...

Məlumat üçün bildirək ki, illər əvvəl Feyziyev “Quska” ləqəbli keçmiş deputat, həbsdə olan Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alması, müğənni Gülyazın adına rəsmiləşdirməsi ilə gündəmə gəlmişdi.

Cavanşir Feyziyevin daha əvvəl ölümlə nəticələnən qəzada adı keçmişdi. Belə ki, 2019-cu il fevralın 15-də 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı Cavanşir Feyziyevə məxsus olan “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurularaq, həyatını itirmişdi. Həmin dövrdə avtomobili Cavanşir Feyziyevin idarə etdiyi ilə bağlı məlumatlar yayılsa da, o bu iddiaları təkzib etmişdi.

Feyziyevlərin digər biznesləri

Cavanşir Feyziyev 2002-ci ildən “Tour İnvest” şirkətinin təsisçisidir. Bu şirkətin Şəkidə yerləşən dördulduz “Şəki Saray Hotel”in direktoru Rüstəm Bəşir oğlu Cavanşirdir.

Məlumata görə, o, Cavanşir Feyziyevin əmisioğludur. Rüstəm Bakıdakı “Novo Trade” Qapalı Səhmdar Cəmiyyətinin, Şəkidəki “Asel Aqro Park” şirkətinin də direktorudur. Bu aqropark 2020-ci ildə yaradılıb. Şəki şəhərində, Olimpiya Kompleksinin arxasında ucsuz-bucaqsz qoz bağları salıb.

Yerli mətbuatın yazdığına görə, Cavanşir Feyziyevin digər əmisi oğlu Elman Cavanşir Sumqayıtda 2018-ci ildə istifadəyə verilən, sərmayəsi 78 milyon manat olan “Tabaterra” şirkətinin siqaret zavodunun direktorudur.

Elman Cavanşir 2021-ci ildə “Azərtütün” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə çıxarıldığı zaman “Tabaterra Leaf” Qapalı Səhmdar Cəmiyyəti təsis edir. Nizamnamə kapitalı 5 min manat, qanuni təmsilçisi isə Elman Bəşir oğlu Cavanşir, Sumqayıt şəhəri, Sülh küçəsi, 18 ünvanında – “Xovlu İpək Fabriki”nin ərazisində qeydiyyatdan keçən şirkət Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən “Azərtütün” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 85 faizini alıb.

Xatırladaq ki, Elman Cavanşirin də adı Böyük Britaniyada çirkli pulların yuyulması qalmaqalında hallandırılmışdı. “The Evening Standard” qəzeti yazmışdı ki, Feyziyev ailəsinin Böyük Britaniyanın Milli Kriminal Agentliyinin tələbi ilə bank hesabları dondurulan üzvlərindən biri də Elman Cavanşirdir. Onun bank hesabında 1 milyon funt sterlinqdən çox vəsait aşkar edilmişdi.

Milyonları müsadirə edilən deputatın aqressiv reaksiyası

Qeyd edək ki, bir neçə il əvvəl Milli Məclisin deputatının ailəsinə məxsus pulların müsadirə edilməsi barədə London məhkəməsinin qərarı Azərbaycanda kəskin tənqidlərlə qarşılandı. Yerli mediada deputatın tənqidinə yönəlmiş çoxsaylı reportajlar yayıldı, sosial şəbəkələrdə geniş müzakirələr açıldı.

Bundan sonra Cavanşir Feyziyev “Facebook” səhifəsində Azərbaycanın bir sıra jurnalistlərini kəskin şəkildə tənqid etmişdi. Daha sonra isə Feyziyev etiraz əlaməti olaraq 2013-cü ildən üzvü olduğu Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyündən istefa vermişdi.

Bir sözlə, Cavanşir Feyziyev haqqında faktlar yaxşı heç nə demir. Bəs, şəkili seçicilər Cavanşir Feyziyev barədə nə düşünür?

Bunu sentyabrın 1-də biləcəyik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
441 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...