Şahin Bağırovun kadr müsabiqəsində müəmma: 35 nəfər gözləyir, yenidən imtahana çağrılır?

Şahin Bağırovun kadr müsabiqəsində müəmma:

15 may 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinə xidmətə qəbul üzrə keçirilən müsabiqədə ciddi narazılıqlar yaranıb.

Qaynarinfo-ya daxil olan məlumata görə, ümumilikdə 200 nəfər müsahibədə iştirak edib və 80 nəfərə yaxın iştirakçı uğur qazanıb.

Müsahibədən keçənlərə hissə-hissə təyinatlar verildiyi üçün (yuxarı bal toplayanlardan aşağıya doğru) ötən 4-5 ay ərzində uğur qazananların hamısı təmkinlə təyinat gözləyib. Amma indiyədək 80 nəfərdən təxminən 45 nəfərinə təyinat verilib, 35-i isə gözləyir.

35 nəfərə yaxın şəxsin vəzifə gözlədiyi halda Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə bu ilin noyabr ayında xidmətə qəbul üzrə yeni müsabiqə elan edilib. Bu işin icrası isə Dövlət İmtahan Mərkəzinin sabiq şöbə müdiri, Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi polkovnik-leytinat Vüqar Əsgərova tapşırılıb.

Bu isə əvvəlki müsabiqədən keçən və lakin vəzifə almayan şəxslərin ciddi narazılığına səbəb olub. Bu azmış kimi DGK-nın İnsan Resursları İdarəsi tərəfindən təyinat gözləyən şəxslərə bu gün dekabr ayının 10-dək keçirilən yeni müsabiqədə iştirak etmək tövsiyə olunub.

Halbuki, Dövlət Gömrük Komitəsinin xidmətə qəbul barədə təlimatına əsasən müsabiqədən uğurla keçmiş və təyinat almamış namizədlər ehtiyat kadrların siyahısında qalmalı və 2 il ərzində uyğun vakansiya olanda yerləşdirilməlidir. Hansı ki, imtahan bu təlimata əsasən keçirilib və Dövlət qulluğu haqqında qanuna əsasən, bu müddət ərzində həmin vakansiya üzrə ehtiyat kadr olduğu üçün yeni vakansiya elan edilə bilməz.

Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri tərəfindən həmin müsabiqə bitəndən sonra bu təlimata dəyişiklik edilərək, "ehtiyat kadr" anlayışı təlimatdan çıxarılıb.

Ehtiyatda olan 35-ə yaxın müsabiqədən keçmiş namizəd saytımıza müraciət edərək, bu mövzunun araşdırılmasını xahiş ediblər.

Məsələ ilə bağlı DGK-nın saytında araşdırma apardıq. Bildirilir ki, 2024-cü il 15 may tarixində keçirilən müsabiqədə iştirak edən 200 nəfərdən 55-i uğur qazanıb. Bu ilin noyabr ayında Naxçıvan Baş Gömrük İdarəsi 12, Xaçmaz Gömrük İdarəsi 2, Tovuz Gömrük İdarəsi 2, Balakən Gömrük İdarəsi 1, Gəncə Gömrük İdarəsi 2, Astara Gömrük İdarəsi 7, Biləsuvar Gömrük İdarəsi 3, Şərqi Zəngəzur Gömrük İdarəsi 2, "Şirvan" gömrük postu 1 vəzifə üzrə müsabiqə elan edilib.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanlamışıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
116 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...