Akif Rzayev: “Əhəd Abıyev görür ki, vəziyyət qəlizləşib...” - VİDEO
Akif Rzayev: “Əhəd Abıyev görür ki, vəziyyət qəlizləşib...”
“Təzadlar” olaraq bu şantajlara diqqət yetirmək istəməzdik. Lakin adətən jurnalistləri məmurlarla iş birliyində qınayanların məntiqindən çıxış etsək, deməliyik ki, Əhəd Abıyev burada böyük səhvə yol verir. Çünki bu dəfə əməkdaşlarımız icra başçısının deyil, çobanların yanındadır! O çobanların ki, hər il qanuni yaylaq ərazisində qoyun otarmaq üçün Əhəd Abiyevin adamlarına və özünə 10 min manat və ya 50 baş qoyun verdiklərini Prezizident İlham Əliyevə videomüraciətlərində söyləyirlər, aidiyyəti qurumlara şikayətlərində də bunu təsdiqləyirlər. Artıq DİN, Baş Prokurorluq və DTX əməkdaşları 75 yaşlı fermer Akif Rzayevin şikayətini araşdırılar. Baş Prokurorluğun əməkdaşları isə bir neçə gün əvvəl Daşkəsəndə olaraq onu dinləyiblər.
Beləcə, təəssüflər olsun ki, yenisabah.az saytı da Əhəd Abiyevin yalanına inanıb və Akif Rzayevin əleyhinə olan yalanlarını ictimailəşdirib. Lakin bir gün sonra sayt əməkdaşları fermerin müraciətindən və təqdim etdiyi sənədlərindən sonra Əhəd Abıyevin iç üzünü açıb ortaya qoyan paylaşım etdilər. Aşağıda təqdim edirik:
Yenisabah.az xatırladır ki, fermerlərin Əhəd Abıyevlə bağlı yuxarı instansiyalara və mətbuata müraciətindən sonra Daşkəsən Rayon İcra Hakimiyyəti bəyanat yayıb. Bəyanatda fermerlər Akif Rzayevlə Bəhram İsmayılovun dediklərinin yalan olduğu iddia edilir və onların ünvanına dövlət əleyihinə iş aparmaqdan tutmuş, ağır cinayətlərə görə həbs olunmağa qədər müxtəlif ittihamlar səsləndirilir.
Bəyanatın mətni Yenisabah.az-da da dərc edildiyinə görə fermerlər redaksiyamıza müraciət edərək baş verənlərə aydınlıq gətirmək istədiklərini deyiblər. Akif Rzayev əməkdaşımızla söhbətində bildirib ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin bəyanatında əks olunan fikirlər tamamilə böhtandır. “Mən Azərbaycanın ilk fermerlərindənəm. 1992-ci ildən fermer təsərrüfatı ilə məşğul oluram. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Heç vaxt da həbsdə də olmamışam. Bunlar hamısı Əhəd Abıyevin uydurmasıdır. Çünki onun özü bizim icarəmizdə olan torpaqları başqalarına satmaqla cinayətə yol verir”, - deyə Akif Rzayev bildirib.
Onun sözlərinə görə, Əhəd Abıyev öz əməllərilə dəfələrlə onların təsərrüfatına ziyan vurub. “Deyir guya mən 300 hektar torpaq zəbt etmişəm və həmin torpaqlaı kimlərəsə satmışam. Əhəd Abıyevin icazəsi olmadan Daşkəsəndə bir qarış torpağı nəinki zəbt etmək, heç pulla da almaq olmaz. Mən kiməm ki, dövlətin torpağını zəbt edim və hələ onu kimlərəsə də satım.
Əksinə, Əhəd Abıyev bizim icarəmizdə olan torpaqları başqalarına satıb. Bu problemlə əlaqədar dəfələrlə aramızda söhbət olub. Bizim torpaqlarla bağlı bütün sənədlərimiz qaydasındadır. Ona görə də çəkinmədən yuxarı instansiyalara müraciət edir, mətbuatı dəvət edirik ki, gəlib məsələni yerində araşdırsınlar. Əhəd Abıyev görür ki, vəziyyət qəlizləşib, qanunsuz əməlləri ifşa olunur, ona görə də keçib şər-böhtana, şantaja.
Sizə bir məqamı deyim. Nə qədər ziyalı adam göndərmişdi üstümə, barışıq üçün. Amma sonradan onların da sözünü eşitmədi. Hətta Prezidentin köməkçisi hörmətli Zeynal Nağdəliyev də gəlib bizi barışdırdı, amma Əhəd Abıyev yenə də öz bildiyini elədi”, - deyə Akif Rzayev bildirib.
Onun sözlərinə görə, oğlu barəsində deyilənlər də yalandır: “Yazıblar ki, oğlum Şahin Rzayev guya qanunsuz işlərlə məşğuldur. Mənim oğlum polis əməkdaşıdır. Bu yazılardan sonra onun fəaliyyəti araşdırılıb, amma heç bir qanunsuz iş tapılmadı.
Mən bu məsələni belə qoymayacağam. Bütün hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Sizdən xahiş edirəm ki, həqiqəti bilmək istəyirsinizsə, buyurun gəlin Daşkəsənə görün burada nələr baş verir”.
Fermer Bəhram İsmayılov da bildirib ki, Əhəd Abıyevin bəyanatı həqiqəti əks etdirmir. “Bu torpaqların sənədi var. Hələ biz onu demirik ki, hər dəfə yaylağa gələndə Əhəd Abıyevin pul yığanlarını “görməliyik”. Amma indi bizi qanunsuzluqda ittiham edir, müxtəlif cinayətləri üzərimizə yükləmək istəyir. Biz baş verənlərlə bağlı lazımi orqanlara şikayət etmişik. Gəlib araşdırıblar. O da görür ki, artıq ifşa olunur, ona görə belə edir”, - deyə həmsöhbətimiz bildirib.
1747 dəfə oxundu