“Azər-Türk Bank”da nə baş verib? – Bankdan qovulan Fərhad Adıgözəlov kimdir…
Bir neçə gün bundan öncə 128 milyon manatın “yoxa çıxdığı” bildirilən və “qara bazar”ı dollarla təmin edən “Azər-Türk Bank” haqqında ilginc informasiyalar yayılmışdı.
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı mübarizə Baş İdarəsinə və Hesablama Palatasına bankdan külli miqdarda pul yayındırılması ilə bağlı məlumatlar daxil olub. Nəticədə “Azər-Türk Bank”da zəlzələ effekti verən yoxlamalar həyata keçirilib.
Bəs ardınca nə baş verib?
Bank 10 milyon cərimə olunub və Maliyyə naziri Samir Şərifovun kadrı kimi tanınan “Azər-Türk Bank”ın İdarə Heyətinin sədri Fərhad Adıgözəlov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu məsələyə qayıdacağıq. Amma öncə dövlət bankında həyata keçirdiyi qanunsuz əməllərinə görə saxlanılan F.Adıgözəlovun kimliyinə işıq salaq.
Azsiyasət.com saytı F.Adıgözəlovla bağlı qısa bir araşdırma aparıb. Məlum olub ki, 1977-ci il təvəllüdlü F.Adıgözəlov 2006-cı ilə qədər – Samir Şərifov Maliyyə naziri vəzifəsinə təyin olunan vaxtadək sığorta şirkətində və Azərbaycan Beynəlxalq Bankında sıravi mütəxəssis kimi işləyib. 2006-cı ildən isə onun karyerasında inqilabi dəyişikliklər baş verib.
Belə ki, F.Adıgözəlov qısa müddət sonra “Kapital Bank”da Departament direktoru təyin olunur. S.Şərifova ən yaxın kadrlardan biri hesab olunan F.Adıgözəlov təsadüfi deyil ki, 2013-2014-cü illərdə Maliyyə nazirinin köməkçisi vəzifəsində işləyib. 2015-ci ildə birbaşa “Azər-Türk Bank”a İdarə Heyətinin sədri vəzifəsinə gətirilən F.Adıgözəlov həm də Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavinidir. Maraqlısı budur ki, özünün cinayət əməllərini ört-basdır etmək üçün Vikipediya məlumatlarından “Azər-türk Bank”dan hələ 2017-ci ildə işdən çıxdığını qeyd etdirən F.Adıgözəlov özünü necə xilas edəcək!? S.Şərifovun isə dövlət malını amansızcasına dağıdan bu şəxsə nə üçün etimad göstərib?
Hər halda hüquq-mühafizə orqanları bu məsələni daha dərindən araşdırmalı, təxminən 17 ildir S.Şərifovun şəxsi tapşırıqlarının icraçısına çevrilən bu adamın bütün fəaliyyət dövrə işıq tutmalıdır.
Sayt yazır ki, F.Adıgözəlov uzağı bu ilin sonunda yüksək bir vəzifəyə təyinat alacaqmış. Hətta bəribaşdan onu təbrik edənlər də olub. Söhbətin hansı vəzifədən getdiyini bilmirik. Amma nazir vəzifəsinə gəlmək üçün ciddi səy göstərdiyi bildirilir.
Bəs F.Adıgözəlov dövlət bankını necə talayıb, orda nə baş verib?
Qeyd olunur ki, “Azər-türk Bank”da baş verənlər öncədən Prezident İlham Əliyevə məruzə olunub və bundan sonra araşdırmaların aparılması ilə bağlı göstəriş verilib. Belə ki, noyabrın sonunda Hesablama Palatası, eləcə də Korrupsiyaya Qarşı Mübarizi İdarəsinin əməkdaşlarından ibarət qrup qəfil banka gələrək yoxlamalara başlayıb. Hesablama Palatası “Azər-Türk Bank”da təxminən 128 milyon manatın “yoxa çıxdığını” üzə çıxarıb.
Eləcə də əhaliyə gün ərzində cəmi bir neçə min dollar satıldığı halda sənədləşmələrdə bu məbləğin bir neçə yüz dəfə şişirdildiyi təsdiqlənib. Məlum olub ki, bankın Xətai rayonunda, “Ağ şəhər”dəki mərkəzi ofisi iş günün sonundan sonra bağlanmırmış, daha dəqiqi dollarlar “arxa qapıdan” xüsusi maşınlarla Bakının “qara bazar”ındakı dəllallara ötürülmüş.
Hesablama Palatası bankı nə az-nə çox 10 milyon manat cərimələyib. Maraqlıdır ki, bank qalmaqalın daha da böyüməməsi üçün bu cəriməni dərhal ödəyib. Bankda baş verən maxinasiyalara bank rəhbərliyi heç bir tutarlı cavab verə bilməyib. Bildirilir ki, cəmi bir il əvvəl formalaşmış rəhbərliyin dərhal dəyişdirilməsi tələb olunub.
Fərhad Adıgözəlov dindirmək üçün aparıblar. Sorğu-sualdan sonra sərbəst buraxılan İdarə Heyətinin sədri dərhal istefa verib.
Dekabrın 2-də bankın Müşahidə Şurasının təcili iclası çağırılıb. Müşahidə Şurasının qərarı ilə Fərhad Adıgözəlov və bəzi İH üzvləri rəhbərlikdən kənarlaşdırılıb. İdarə Heyətində yalnız sədr müavini Məmmədova Rumiyə Ağacəfər qızını vəzifədə saxlanılıb. Bankın nağd vəsaitlərlə iş departamentinin direktoru, bir il əvvəl vəzifəyə təyinat alan Fərid Temraz oğlu Orucov da işdən çıxarılıb.
“Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının növbədənkənar iclası barədə bank rəhbərliyi yalnız kiçik bir xəbər yayaraq, bankda əsl baş verənlərlə bağlı medianın diqqətini cəlb etməməyə çalışıblar.
İclasda “Azər-Türk Bank”ın İdarə Heyətinin sədri Xalid Nurəddin oğlu Əhədov seçilib. X.Əhədov bundan əvvəl ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin İH-nin sədri olub. “Azər-Türk Bank” ASC 1995-ci ildə yaradılıb.
Bankın nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökumətinə məxsusdur. 12,37%-lik pay Türkiyənin “Zıraat Bank”ına, 1,08%-i “Zıraat Bank İnternational”a, 6,55%-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur.
“Azər-Türk Bank”ın səhmlərimin hökumətə məxsus 75 faizi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə aiddir. Amma dövlət adından bu səhmlərə nəzarəti Maliyyə Nazirliyi həyata keçirir və maliyyə nazirinin müavini də Müşahidə Şurasında iştirak edir. Bankın adının Samir Şərifovla əlaqələndirilməsi də böyük ölçüdə nəzarətin Maliyyə Nazirliyinə aid olması ilə bağlıdır.
Dekabrın 8-də isə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Elmar Məmmədov da gözlənilmədən vəzifəsindən azad edilməsi xəbəri yayılıb. Məlumata görə, Elmar Məmmədov heç kimin gözləmədiyi halda vəzifəsindən azad ediləndən dərhal sonra hüquq-mühafizə orqanları onu saxlayıb.
İddia olunur ki, Elmar Məmmədovun da vəzifədən azad edilməsi və saxlanılması da bankın dollar “qara bazarı”a ötürməsi ilə bağlıdır. Məsələnin maraqlı tərəfi də budur ki, Elmar Məmmədovun yerinə Xalid Nurəddin oğlu Əhədovu gətiriblər. Belə ki, yenicə “Azər-Türk Bank”ın İdarə Heyətinin sədri seçilən Xalid Nurəddin oğlu Əhədov Beynəlxalq Banka transfer edilib və Bankın İdarə Heyətinin üzvü seçilib.
Eyni zamanda, İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə olunub. Məlumdur ki, Beynəlxalq Bank qalmaqalı üzə çıxdıqdan sonra maliyyə naziri də hədəfə gəlmişdi. Amma nazir bütün məsuliyyəti bank rəhbəri Cahangir Hacıyevin üzərinə qoymağı bacardı və bu işdən toxunulmaz çıxa bildi. İndi isə məhz Samir Şərifovun kadrlarından ibarət iki bankda, həm də ölkənin maliyyə vəziyyətinin ağır olduğu bir vaxtda dövlətin puluna yeriklənməsi, “qara bazar” yaratması maliyyə nazirinə ciddi zərbədir.
Məlumatda deyilir ki, banklarda korrupsiya yoxlamaları davam edir və dövlət rəhbərliyinə məlumat verilir. Bu isə o deməkdir ki, ölkədə yeni bir bank qalmaqalı gözlənilir və bu dəfə isə maliyyə naziri xilas olmaya bilər…
Maliyyə Nazirliyi və “Azər-Türk Bank” xəbərə münasibət bildirməyib.
1140 dəfə oxundu