“Kontakt Home” Çində istehsal olunan məhsulları niyə alman brendi kimi təqdim edir? – FAKTLAR

“Kontakt Home” Çində istehsal olunan məhsulları niyə alman brendi kimi təqdim edir? –

Rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı üzrə ölkənin ən böyük mağazalar şəbəkəsindən biri olan “Kontakt Home” uzun müddətdir müştərilərə məşhur Almaniya brendi kimi təqdim etdiyi “Hoffmann” adlı məhsullar satır.
Bu məhsulların arasında paltaryuyan, soyuducu, mobil telefon, kondisioner, kombi və digər məişət texnikaları var.


Yeniavaz.com xəbər verir ki, “Kontakt Home”un rəsmi veb-səhifəsində “Hoffman” (əslində brendin orjinal adının sonunda 2 “n” hərfi olmalıdı –red.) brendinin texnoloji avadanlıqlar istehsal edən Almaniya mənşəli brend olduğu qeyd olunub.

“Kontakt Home”un məlumatında qeyd olunur ki, məhsullarında daha çox müştəri məmnuniyyəti və keyfiyyətə önəm verən “Hoffman” brendi bütün dünyada və eləcə də ölkəmizdə olduqca sevilir.

Maraqlıdır ki, “Kontakt Home”un “Hoffmann” adı ilə müştərilərə təqdim etdiyi və bütün dünyada sevildiyini iddia etdiyi məhsullar dünyanın heç bir ölkəsində satılmır. “Kontakt Home”da satılan istənilən “Hoffmann” adlı məhsulu internet axtarış sistemlərində, həmçinin sosial şəbəkələrdə axtarışa versəniz qarşınıza yalnız Azərbaycan seqmentində olan saytlar çıxacaq. Yəni, “Kontakt Home”un satdığı “Hoffmann” adlı məhsullar Azərbaycandan başqa dünyanın heç bir ölkəsində satılmır. Belə görünür ki, bu məhsullar yalnız Azərbaycan bazarı üçün istehsal olunur.
“Kontakt Home” Çində istehsal olunan məhsulları niyə alman brendi kimi təqdim edir? –

“Dünyada məşhur olan şirkətin” nə ünvanı, nə də əlaqə vasitələri var...

“Kontakt Home”da satılan “Hoffmann” adlı məhsullarla bağlı daha bir maraqlı məqam odur ki, bu məhsulların siyahısını yalnız “hoffmann-electric.com” adlı veb-saytda yerləşdiriblər. “Kontakt Home” satdığı məhsullarda da bu veb-saytda yer alan və üzərində Almaniya bayrağının əks olunduğu loqodan istifadə edir.


Bu veb-saytın “Haqqımızda” bölməsində qeyd olunur ki, “Hoffmann” yüksək səviyyəli məişət texnikası istehsalçısı kimi bütün dünyada məşhur olan beynəlxalq şirkətdir.

Amma çox qəribədir ki, həmin saytda “bütün dünyada məşhur olan beynəlxalq şirkətin” nə ünvanı, nə də əlaqə vasitələri var. Yeganə əlaqə vasitəsi e-mail ünvanıdır ki, bu da aktiv deyil. “Bütün dünyada məşhur olan beynəlxalq şirkətin” “[email protected]” adlı ünvanına məktub göndərmək belə mümkün deyil.

“Kontakt Home”un satdığı “Hoffmann” adlı məhsulların yer aldığı yeganə veb-sayt - “hoffmann-electric.com”-un qeyd olunduğu “Hoffmann Electronics” adlı “Vikipedia” səhifəsi var və bu səhifə cəmi bir il əvvəl qurulub və məlumatlar türk dilində təqdim olunur. Maraqlıdır ki, səhifədə yer alan məlumatın ilk cümləsində qeyd olunur ki, “Hoffmann” Almaniya mərkəzli istehsalçıdır. Amma, alman dilində bir cümlə də olsun məlumat yoxdur.

“Kontakt Home” məhsulun hansı ölkədə istehsal olunduğunu niyə gizlədir?

Diqqət çəkən məqamlardan biri də odur ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə (13-cü maddə) zidd olaraq “Kontakt Home”un onlayn şəkildə satışa çıxardığı “Hoffmann” adlı məhsulların əksəriyyətində istehsalçı ölkə göstərilməyib. Yalnız, bəzi məhsullarda istehsalçı ölkənin Çin olduğu qeyd olunub.

Sullara niyə cavab verilmir?

Bəs görəsən, “Kontakt Home”un məşhur Almaniya brendi kimi təqdim etdiyi və bütün dünyada sevildiyini iddia etdiyi bu məhsullar niyə Azərbaycandan başqa heç bir ölkədə satılmır?

Qeyd olunan məsələlərə aydınlıq gətirmələri üçün suallarımızı “Kontakt Home”a ünvanlasaq da, mağazalar şəbəkəsindən suallarımıza cavab verilmədi.

Onu da qeyd edək ki, “Kontakt Home” mağazalar şəbəkəsi “ABC-TELECOM” MMC-yə məxsusdur və bu şirkətə 2020-ci ilə kimi millət vəkili Elnur Abdullayev rəhbərlik edib.

Əslində “Hoffmann” brendi nədir?

Məlumat üçün onu da bildirək ki, dünyada məşhur olan “Hoffmann” adlı Almaniya brendi var. Bu brend 1919-cu ildə qurulan və hazırda dünyanın 50-dən çox ölkəsində, ümumilikdə 69 nümayəndəliyi və distribütoru ilə fəaliyyət göstərən “Hoffmann Group” adlı şirkətə məxsusdur. “Hoffmann Group” adlı şirkət əsasən inşaat sektorunda istifadə olunan alətlər istehsal edir.
Bu şirkətin rəsmi veb-səhifəsində istehsal etdiyi məhsulların siyahısı var və onların arasında “Kontakt Home”un satdığı “Hoffmann” adlı məhsulların (telefon, paltaryuyan və s.) heç biri yoxdur.

Sonda onu da qeyd edək ki, yanlış məlumat verərək müştərini çaşdırmağa çalışmaq “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərinə görə qanun pozuntusu hesab olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1176 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...