SABİQ NAZİR AVROPANI NECƏ “FƏTH” EDİB? – Qarayev ailəsinin daha 2 ölkədə çoxmilyonluq biznesi aşkarlandı – FOTO
Keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin ailəsinin xarici ölkələrdə çoxsaylı biznes obyektlərinə sahib olduğu məlumdur. Bu ailənin Rusiya, Litva, Panama, Malta, Türkiyəni əhatə edən böyük biznesi barədə mətbuatda geniş materiallar verilib.
Araşdırmaçı jurnalist Cavanşir Həsənli DTX-nın Mədəniyyət Nazirliyində apardığı korrupsiya əməliyyatından sonra vəzifəsindən azad edilən sabiq nazirin ailəsinin Avropanın daha iki ölkəsində biznesini aşkarlayıb. Bu barədə o, özünün “Facebook” səhifəsində məlumat yayıb.
C. Həsənli bildirir ki, Adriatik dənizinin sahilində, Xorvatiyanın tarixi Pula şəhərinin Amfiteatr meydanında Əbülfəs Qarayevin ailəsinə məxsus üçulduzlu, üçmərtəbəli “Amfiteatr” oteli yerləşir. Keçmiş nazirin ailəsi bu otelə 12 il əvvəl sahib olub.
Jurnalist əlavə edir ki, Pulanın Amfiteatr küçəsi 6-da yerləşən otel 18 nömrədən və geniş restorandan ibarətdir: “Bura köhnə tarixi bina olub. Yerli dövlət orqanları binanın mühafizəsi şərtilə modernləşdirilməsinə icazə veriblər. O zaman Xorvatiya mediası yazırdı ki, otel Azərbaycandan olan “biznesmenə” 1 milyon avroya başa gəlib”.
C. Həsənlinin sözlərinə görə, yatırım edən LK D.O.O. (LTD) şirkəti 2008-ci ildə Pulada, Mutvoranska 3 ünvanında 20 min xorvat kunası nizamnamə kapitalı ilə qeydiyyata alınıb: “Daşınmaz əmlak alışı və satışı kateqoriyasında təsnifləşdirilmiş LK D.O.O-nun təsisçisi isə keçmiş mədəniyyət naziri Ə.Qarayevin həyat yoldaşı Lalə Kazımovadır.
Xorvatiya mənbələrinə görə LK (Lalə Kazımova ad-soydının abbreviaturası) LTD-nin 2020-ci idə gəliri 604.712.00 xorvat kunası təşkil edib.
Rəsmi sənədlərdə şirkətin icraçı direktoru kimi Anar Nağıyevin adı keçir. O, Əbülfəs Qarayevin zamanında Mədəniyyət və Turizm Nazirliyində müşavir vəzifəsində çalışıb.
Anar vaxtilə YAP elitasının önəmli fiquru olmuş sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin qardaşı oğludur. A.Nağıyevin atası bir zamanlar Səbail və Binəqədi rayonlarının polis rəisi olmuş Nazim Nağıyevdir.
Yeri gəlmişkən, Əli Nağıyevin Rusiya paytaxtında bizneslə məşğul olan oğlu Araz Nağıbəyli də Ə.Qarayevin ailəsinə məxsus şirkətlərdən birinin direktoru olub.
Xorvatiya mediası o zaman Ə.Qarayevin otelinə iki mənbədən – Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) vəsait yatırıldığını yazırdı. Bu məlumat Qarayevlərin Azərbaycan mədəniyyətinin talan edilməsi hesabına əldə edilmiş pulların BƏƏ-yə qədər daşındığına ipucu verir”.
Cavanşir Həsənli yazır ki, keçmiş nazirin və həyat yoldaşının Adriatik sahillərinə marağı Xorvatiyanın bu əsrarəngiz şəhəri ilə bitmir. Ə.Qarayevin həyat yoldaşı 2010-cu ildə Xorvatiyadakı şirkət üzərindən Monteneqroda da eyni adla şirkət – “L.K.Montenegro”nu açıb.
“Onlar bu şirkət vasitəsilə Monteneqroda daşınmaz əmlak sahibi olublar. Şirkət əslində keçmiş nazir ailəsinin Adriatik sahilindəki kiçik kurort şəhəri Herseq Novidə, Srbina küçəsi 1 ünvanında aldıqları bağ-bağatlı iri mülkün üzərinə qeydiyyata alınıb, 2018-ci ildə isə ləğv edilib. Herseq Novidəki şirkətinin direktoru qismində Abbas Fatullayev adlı şəxsin adı keçir. Abbas həmçinin Qarayev ailəsinin Azərbaycanda təsis etdikləti “GALS” MMC-nin də qanuni təmsilçisidir” – deyə C. Həsənli yazır. .
Araşdırmaçı jurnalist daha sonra keçmiş nazirin Azərbaycan, Rusiya, Litva, Panama, Türkiyə, Malta kimi ölkələrdəki şirkətləri haqqında məlumatları açıqlayıb:
“TRIAT EXIRE” UAB (LTD) – Litva;
KL BODRUM EMLAK TİCARET VE SANAYİ LİMİTED – Türkiyə;
“SQ-FUTURE” MMC – Azərbaycan;
“TM GROUP” – Azərbaycan;
“QALS MMC” (ГАЛСООО) – Rusiya;
“GALS GALLERY” MMC – Azərbaycan;
“GALS BEAUTY AND SPA” – Azərbaycan;
“RİMBA S.A.” – Panama (ləğv edilib);
“GREEN FARMS AZERBAİJAN” MMC – Azərbaycan;
“GREEN FARMS INTERNATIONAL” LTD -Malta;
“A&S LIMITED” – Malta;
“ADİNOTEC LTD” – Malta;
“COLAB” BİZNES MƏRKƏZLƏRİ – Azərbaycan;
BODRUMDA OTEL;
“NAİLROOM” GÖZƏLLİK SALONLARI – Azərbaycan;
Biləsuvarda 5000 ha torpaq sahəsi.
1565 dəfə oxundu