“Əkinə yararlı torpağın 90 faizi Talıbovun oğlunundur, bizə su vermirlər”

“Əkinə yararlı torpağın 90 faizi Talıbovun oğlunundur, bizə su vermirlər”
“Aktiv suvarma dövrünün başlamasından xeyli vaxt keçməsinə baxmayaraq, Naxçıvanda fərdi əkin sahələrinə hələ də su verilmir. Yerli məmurlara aid olan tarlalar isə, artıq bir aydan çoxdur ki, suvarılmağa başlayıb”.

Gundeminfo.az xəbər verir ki, bu iddiaları “Gündəlik Naxçıvan”a danışan yerli fermerlər səsləndiriblər.

Naxçıvanda əkin üçün əsasən qış boyu müxtəlif anbarlara yığılmış sudan istifadə olunur. Bu anbarların su tutumu kifayət qədər olmadığından, yazın ortalarında bir çox əkin sahələri susuz qalır. Fermerlər deyir ki, bu səbəbdən, yaz başlayanda su ilk olaraq məmurların sahələrinə buraxılır. Onların növbəsi gəlib çatana kimi isə, anbarlarda su qalmır. Fermerlərin iddialarına görə, Naxçıvanda bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı məhsulları da yerli hakim ailə Talıbovların monopoliyasındadır.

Babək rayon sakini Yadigar Babayev bildirib ki, bu il 3 hektara yaxın ərazidə müxtəlif kənd təsərrüfatı məhsulları əkib. Lakin, vaxtında suvara bilmədiyindən, əkin sıradan çıxmağa başlayıb:

“Naxçıvanda insanların əksər hissəsi ailəsini dolandırmaq üçün kənd təsərrüfatı ilə məşğul olur. Əkib- becərib, bazara çıxarıb, satırıq. Normal məhsul götürmək üçün isə əkini zamanında suvarmalısan. Məhsul bol olanda bazarda qiymətlər də ucuz olur. Bundan bütün əhali xeyir görür. Lakin, monopolist məmurlar buna imkan vermir. Babək rayonu əkin suyunu əsasən Şahbuz rayon ərazisindəki H. Əliyev su anbarından götürür. Buradakı ərazilərin 70 faizdən çoxu məmurlar tərəfindən zəbt olunub. Suyun hamısını onlara verirlər. Onlar suvarıb qurtarandan sonra əgər qalarsa, biz də suvara bilirik. Bu isə çox gec olur. Əkin vaxtında su almadığından, məhv olur. Özləri əkib-becərib bol məhsul götürürlər. Məhsullarını da bazara istədikləri qiymətə çıxarıb, satırlar. Çünki, başqalarına imkan vermirlər, rəqabət yoxdur”.

Şərur rayonunda isə əkin sahələrinin təlabatı əsasən Arpaçay su anbarı vasitəsi ilə ödənilir. Rayon sakini Rüfət Qurbanov deyir ki, bu sudan onlara da pay çatmır. Onun sözlərinə görə, məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də, heç bir nəticəsi olmayıb:

“Naxçıvan Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə, eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinə müraciətlər etmişik. Deyirlər ki, indi vaxtı deyil, aprelin 15-dən sonra su buraxılacaq. İndi vaxtı deyilsə, öz sahələrinə niyə su verirlər? Şərurun əkinə yararlı torpaqlarının 90 faizi Vasif Talıbovun oğluna aiddir. Necə olur ki, ora su verilir, bizə gələndə hələ vaxtı olmur. Mən beş hektar ərazidə taxıl əkmişəm, hələ bir dəfə suvara bilməmişəm. Bunlar isə öz sahələrini hər gün suvarır. Ancaq özlərini düşünürlər. Mən planlaşdırırdım ki, əlavə bir neçə hektarda başqa məhsul əkim. Ancaq, belə getsə, əkə bilməyəcəm. Şərurda bütün fermerlər, fərdi təsərrüfatlar mənim vəziyyətimdədir”.

Məsələyə münasibət öyrənmək üçün Naxçıvan Muxtar Respublika Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən şikayətçilərin iddialarına cavab vermək istəmədilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1849 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...