“RUS ORDUSU ARTIQ HÜCUM ETMƏK İQTİDARINDA DEYİL” – Strelkov Kadırovu ələ saldı (VİDEO)

“RUS ORDUSU ARTIQ HÜCUM ETMƏK İQTİDARINDA DEYİL” –
Donetskdəki separatçı “dxr”-in sabiq baş komandanı, Ukraynanın şərqində separatçı terror birləşmələrinin yaradılmasında ən əsas fiqurlardan biri olan və terrorçu kimi beynəlxalq axtarışa verilən İqor Strelkov (Qirkin) Ukraynadakı Rusiya ordusunun acınacaqlı duruma düşdüyünü bildirib.

“AzPolitika.info” xəbər verir ki, öz internet kanalında çıxış edən Strelkov Çeçenistan başçısı Ramzan Kadırovun guya müharibədə Rusiya ordusu üçün effektiv mərhələnin başlanması barədə dediklərini ələ salıb və ordunun acizliyini etiraf edib: “Xatırlayırsınızsa, Ramzan Axmatoviç (Kadırov) bizdə effektiv mərhələnin anonsunu vermişdi. Bilmirəm, effektiv olan nədir. Rus ordusunun indi edə biləcəyi yeganə şey “hörmətli ukraynalı tərəfdaşlarımız”ın zərbələrini dəf etmək ola bilər. Mən cəbhədən daxil olan məlumatlar əsasında belə bir nəticəyə gəlmişəm. Bizim silahlı qüvvələr hazırda hətta Severodonetsk və Lisiçanskın “azad edilməsi” kimi əməliyyat keçirmək iqtidarında belə deyillər”.

Qirkin bunu ilk növbədə şəxsi heyətin bərbad vəziyyətdə olması, aşağı səviyyədə komplektləşdirilməsi və itkilərin yerinin doldurulmaması ilə əlaqələndirib: “Texnika ilə də vəziyyət yaxşı deyil. İnsan sarıdan isə vəziyyət pisdir, aşkar şəkildə pisdir”.

Strelkov bildirib ki, hansı hərbi hissələrin, batalyonların və digər hərbi birləşmələrin şəxsi heyət sarıdan ağır durumda olduğunu, lazım gələrsə, onların adlarına, nömrələrinə qədər deyə bilər. O, əlavə edib ki, bu sahədə vəziyyət yaxşılaşmır, əksinə, getdikcə pisləşir.

Rusiya Müdafiə Nazirliyini (MN) növbəti dəfə tənqid edən terrorçu, onu yalan bəyanatlar verməkdə günahlandırıb: “General-leytenant Konoşenkovun (Rusiya MN sözçüsü-red.) televiziyadakı bütün bəyanatlarına baxmayaraq, vəziyyət belədir ki, Rusiya ordusu hazırda tam mənada hücum etmək iqtirında deyil”.

Strelkov deyib ki, yalnız raket zərbələrilə Ukraynaya qalib gəlmək, yaxud daha nəyəsə nail olmaq mümkün deyil. O, Ukraynanın əks-hücuma keçəcəyi təqdirdə rus ordusunun effektiv şəkildə müdafiə olunacağına və işğal olunmuş əraziləri əlində saxlaya biləcəyinə də şübhə ilə yanaşdığını söyləyib.

Strelkov hazırda Ukrayna Ordusunun əsas zərbə qüvvələrinin Xerson, Zaporojye və Xarkov istiqamətində toplaşdığını qeyd edib və bildirib ki, xüsusilə Xerson istiqamətində rus ordusunun vəziyyəti ağırdır. Qirkin hesab edir ki, təcili olaraq heç olmasa, qismən səfərbərlik həyata keçirilməsə, Rusiya ordusu üçün Ukraynada ciddi məğlubiyyət qaçılmaz olacaq.

Xatırladaq ki, Qirkin bundan öncə də Rusiya hərbi-siyasi rəhbərliyini və xüsusilə Sergey Şoyqu başda olmaqla, Müdafiə Nazirliyini sərt tənqid edib və yarıtmazlıqda, korrupsiyada, talançılıqda günahlandırıb.

Həmçinin, mətbuatda Qirkini Rusiya hakimiyyətindəki qruplaşmalardan birinin danışdırdığı və himayə etdiyi barədə məlumatlar yayılıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1100 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...