Bu yolda DƏHŞƏTLİ MƏNZƏRƏ: "Yol canavarları" heyvanlara qənim kəsilir (FOTO)
Vəfa Hacıbalayeva adlı xanım Qubada avtomobillərin yüksək sürət həddi nəticəsində yollarda çoxlu sayda heyvanın, xüsusən it və pişiklərin öldürülməsindən şikayət edib.
Gundeminfo.az milli.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, demək olar ki, hər gün Quba rayonunun Amsar-Nügədi və Quba-Qəçrəş yolunda bu cür dəhşətli hallara rast gəlmək mümkündür:
"Hər gün bu ərazilərdə ən azı 3-4 heyvan cəsədi ilə rastlaşırıq. Bu görüntüləri izləmək çox ağırdır. Bir ana köpəyin öz balası ətrafinda dönüb durmasını izləmək çox ağırdır. Srağagün yenə yolda bir pişik, iki it cəsədi var idi. Yolda tez-tez ayağı olmayan itlərə rast gəlmək olur. Bu mənzərə ürək ağrıdır. Necə olur ki, sürət həddi cəmi 60 km/saat göstərilən yolda belə hadisələr baş verir? Necə ola bilər ki, bu ərazilərdə yollarda qoyulan radarlar, nəzarət kameraları bu görüntüləri qeydə almasın? Dəhşətlisi odur ki, bu ərazilərdə yay istirahət zonaları yerləşir. Lakin buna baxmayaraq, sürətlə şütüyən avtomobillərin sürücüləri göstərilən sürət həddinə riayət etmirlər. Yəni onlar bununla nəinki heyvanları məhv edir, insanların da həyatına təhlükə törədirlər. Biz indi bunlara nə ad verək? Onları "yol canavarları" adlandırmaq olarmı?"
Şikayətçinin sözlərinə görə, o, bununla bağlı hələlik heç bir dövlət orqanına müraciət etməyib: "Müraciət etməməyimin səbəbi bununla əlaqədar qurumların olmamasıdır. Lakin bütün bu baş vermiş hadisələrə yaxın ərazilərin ayrı-ayrılıqdakı bələdiyyələrinin məsələyə etinasız yanaşmaları göz qarşısındadır. Heç olmasa, müvafiq qurumlar yolda ərazidə heyvanların olduğunu bildirən yol nişanı qoyardılar. Çünki biz bu ərazidə heyvanların olduğunu bildirən hər hansı yol nişanına rast gəlməmişik. Xahiş edirik, müvafiq dövlət orqanları bununla bağlı ölçü götürsünlər".
980 dəfə oxundu