“Avropa Şurasından çıxsaq, edam məsələsini gündəmə gətirə bilərik”
İnsanın fundamental hüquqlarından biri də onun azadlığıdır. Hüquqi dövlət quruculuğunu əsas götürən Azərbaycan dövləti ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də məhbusların əfvi, cəzalarının yüngülləşdirilməsi kimi humanist addımlardır. Şübhəsiz ki, atılan addımlar həm dövlətin humanizmini, həm də insanların azad yaşamaq hüququnu ortaya qoyan amillərdir.
Əgər hansısa şəxs müəyyən səhv ucbatından azadlıqdan məhrum edilirsə, dövlət ona azadlığa qovuşmaq və bir də cinayət törətməmək şansı verir. O baxımdan hüquqşünaslar hesab edirlər ki, böyük ictimai təhlükə törətməyən yüngül cinayətlərə görə, həbs və azadlıqdan məhrumetmə tədbirləri məhdudlaşdırıla bilər.
Bir sıra hallarda yüngül cinayətlərə görə şəxslərin həbs edilməsinə rast gəlinir, nəticədə məhkumların sayı çoxalır, penitensiar müəssisələr yüklənir. Ona görə də istintaq və məhkəmə orqanlarına tövsiyə edilir ki, ilk növbədə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilsin. Bununla bağlı olaraq, son dönəmlər Cinayət Məcəlləsində 300-ə yaxın dəyişiklik edilib. Lakin bəzi hallarda qanunverici orqan tərəfindən təklif edilən dəyişikliklər, cəzaların yüngülləşdirilməsi cəmiyyətdə birmənalı qarşılanmır. Bəzi cinayətlərə görə cəzaların həddindən artıq yüngülləşdirildiyini iddia edənlər nəticənin mənfi olacağından ehtiyat edirlər. Qanunlara edilən dəyişikliklərə, cəzaların yüngülləşdirilməsinə və anlaşılmazlıq yaradan bəzi məsələlərə aydınlıq gətirmək üçün millət vəkili, hüquqşünas, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ilə əlaqə saxladıq. Suallarımızı cavablandıran deputat bir sıra addımların zəruri olduğunu söylədi.
- Hüquqşünas olaraq, cəzaların yüngülləşdirilməsi istiqamətində atılan addımları, verilən təklifləri necə dəyərləndirirsiz?
- Struktur islahatları ilə bağlı həyata keçirilən tədbirlər Prezidentin sərəncamlarına əsasən reallaşdırılır. Çox güman ki, ölkə başçısı cəzaçəkmə ilə bağlı statistikanı ciddi şəkildə təhlil edərək bir sıra məqamların müəyyən dərəcədə yüngülləşdirilməsinin vacibliyi qərarına gəlib. Daha sonra isə müvafiq qurumlara tapşırıq verərək qanunvericilikdə konkret maddələr üzrə layihələrin işlənilib hazırlanmasına göstəriş verib. Parlamentdə təmsil olunduğum Hüquq siyasəti və dövlət quruculuğu komitəsində bu məsələ geniş müzakirə olunub. Həmin iclasda nəzərdə tutulan dəyişikliklərin mütərəqqi addım olduğu vurğulanıb. Xeyli maddələrdə alternativ cəza olaraq azadlığın məhdudlaşdırılmasının nəzərdə tutulması əslində müasir texnoloji reallığa uyğun islahat xarakteri daşıyır. Yəni texnoloji imkanlar şərait yaradır ki, hər hansı şəxs azadlıqdan tam məhrum edilmədən öz cəzasını azadlıqda çəkə bilsin. Xüsusilə mülki əmlak məsələlərində, müəyyən maddi ödənişlərdə, dövlətə vurulan zərərin ödənilməsində bu işin təşkili faydalıdır.
- Bəzən bir sıra dəyişikliklərin tətbiqində problemlər yaranır, bu istiqamətdə görülən işlər qaneedicidirmi?
- Ümid edirəm, nəzərdə tutulan dəyişikliklərin məhkəmələr tərəfindən tətbiq edilməsində hansısa sui-istifadə hallarına yol verilməyəcək. Yəni daha sağlam bir atmosferdə qanun dəyişikliklərinin işlənməsi mümkün olacaq və əhali bundan razı qalacaq. Lakin hər hansı qərarın qəbul olunması onun effektli icrası anlamına gəlmir. Əgər prosesə nəzarət mexanizmi ciddi və davamlı olmazsa, məhkəmələrdə yenidən ağır cəzaların tətbiq edilməsi ənənəsi qalacaq.
- Narkotik istifadəçiləri və böhtan atanlarla bağlı təklif olunan cəza üsulları narazılığa səbəb oldu və cəmiyyətdə birmənalı qarşılanmadı. Bəlkə də, insanlar düşünürlər ki, yüngül cəzalar cinayətlərə meyli artıra bilər...
- Əslində burda cəzaların yüngülləşdirilməsindən daha çox alternativ cəzaların tətbiq olunmasından söhbət gedir. Əksər maddələrdə cəzalar olduğu kimi saxlanılır, ola bilər, ümumi cəzadan 1-2 il çıxılır, amma bir çox cinayətdə azadlıqdan məhrumetmə alternativ cəza kimi tətbiq edilir. Təklif olunan məsələdə konkret ittiham olunan şəxsin insani keyfiyyətlərinin nəzərə alınması üçün imkanlar yaradılır. Yəni ittiham olunan adam qaçıb ölkəni tərk etməyəcəksə, təkrar cinayət əməli törətməyəcəksə, onun uzun müddət həbsxanada qalmasına və kriminal aləmə yuvarlanmasına nə ehtiyac var?! O baxımdan bu məsələdə ciddi dəyişiklik gözlənilir. Amma yenə deyirəm, bu qərar cəzaların yüngülləşdirilməsi anlamına gəlmir. Sadəcə qanunlarda nəzərdə tutulan alternativ cəza üsullarının tətbiqinə üstünlük verilməsini təmin edir.
- Vurğulanır ki, ağır olmayan cinayətlərə görə yüksək cərimələrin tətbiq edilməsi dövlət büdcəsinə əlavə gəlirlər gətirəcək. Bunu müsbət tendensiya hesab etmək olarmı?
- Əlbəttə. Həbsxanalarda saxlanılan yüzlərlə məhkuma dövlət büdcəsindən xeyli vəsaitin sərf olunması ilə çoxsaylı cərimələrin dövlət büdcəsinə ödənilməsi arasındakı fərqi hər kəs gözəl anlayır. İstənilən məsələdə dövlətin faydalı çıxması vacibdir. Digər məqam ondan ibarətdir ki, təklif edilən dəyişikliklər Penitensiar Xidmətdə müəyyən sui-istifadə hallarının qarşısının alınmasına kömək edəcək. Yəni hər hansı bir şəkildə məhbus həyatı yaşayan insanların qeyri-qanuni ödənişlər etməsinin qarşısını alacaq. Almasa belə ən azından məhdudiyyətlər yaradacaq.
- Dəhşətli cinayət törətmiş şəxslər üçün ağır cəzaların verilməsi tələb edilir. Hətta kütləvi qətllərdə edam cəzasının tətbiqi belə istənilir. Dəyişikliklərdə ağır cəzaların yüngülləşdirilməsi ilə bağlı təkliflər varmı?
- Edamla bağlı müzakirələr çoxdan aparılır. Əgər Azərbaycan Avropa Şurasından çıxarsa, o zaman edam məsələsini gündəmə gətirə bilərik. Hələlik bu cəzanın tətbiqi mümkün deyil. Çünki Avropa məkanı qarşısında müəyyən öhdəliklərimiz var. Ölüm cəzası ömürlük həbslə əvəz olunub. Ancaq bu cəza növündə belə bəzi məqamlarda yüngülləşdirmə nəzərdə tutulub. Əvvəllər ömürlük həbs cəzası alan məhkumların cəzası maksimum 15 ilə endirilə bilirdi. İndi isə 10 ilə qədər endirilməsindən söhbət gedir. Təbii ki, dəyişiklik ağır cinayət törətmiş şəxsin özünü nümunəvi aparması ilə bağlıdır. Ümumiyyətlə, cəmiyyətimiz ağır cəza məsələsini birmənalı qarşılamır və ağır cəzaların tətbiqi həmişə problem olur. Açığı, mən bir sıra qətllərin törədilməsində, məsələn, hamilə qadınlara və körpə uşaqlara qarşı qəddarlıqla törədilən cinayətlərin, sifarişli qətllərin icraçılarına ölüm cəzasının verilməsinin tərəfdarıyam. Hər halda bu istiqamətdə gələcəkdə diskusiyalar aparılacaq.(Sherg.az)
932 dəfə oxundu