Çingiz Abdullayev yalan danışır, yoxsa PEN-klub?

Çingiz Abdullayev yalan danışır, yoxsa PEN-klub?


"Neftçi"nin Müsahidə Şurasının sədri Çingiz Abdullayev bir həftə öncə bir qrup media nümayəndəsi ilə keçirdiyi görüşdə kifayət qədər iddialı fikirlər səsləndirmişdi

O, özünü Azərbaycan futbolunun xilaskarı kimi təqdim edərək demişdi:

"Bu yaxınlarda Azərbaycanda faciə baş verdi, jurnalist öldürüldü. Bu, böyük rezonansa səbəb olub. Hadisənin futbolla bağlı olduğunu hər yerdə bilirlər. Mən Azərbaycan PEN-klubunun prezidentiyəm. PEN-klub jurnalistləri və yazıçıları bütün dünyada müdafiə edən çox nüfuzlu təşkilatdır. İranda bizim şairlərimizdən 2 nəfəri saxlayanda PEN-kluba müraciət etdik, məhkəməni dayandırdılar və onları buraxdılar. Son hadisəyə gəlincə, beynəlxalq PEN-klub məndən tələb etdi ki, Azərbaycan PEN-klubunun rəhbəri kimi müraciətə qol çəkim ki, Azərbaycan klubları 3 illik beynəlxalq yarışlardan kənarlaşdırılsınlar.

Onlar təzyiq edərək "Qəbələ" ilə "Qarabağ"ı Avropa Liqasından uzaqlaşdırmaq istəyirdilər. Təcili zəng vurdum AFFA-ya və məsləhətləşdik. Mənə bildirildi ki, məsələnin əsl mahiyyətini beynəlxalq PEN-kluba izah etmək lazımdır. Mən orda da bildiridim ki, Azərbaycan prezidenti İlham Əliyev bu məsələni rəsmi olaraq pisləyib və cinayət işi açılıb. Jurnalistin ölümündə günahkar olanlar və hətta şübhəli bilinənlər hamısı həbs ediliblər. Bu təşkilat UEFA-ya müraciət etsəydi, Mişel Platini elə həmin gün klublarımızın hamısını üç illik cəzalandırmaq barədə qərar çıxaracaqdı. Amma biz vaxtında bu məsələni bağlaya bildik. Fikrimcə, Azərbaycan futbolu üçün böyük iş gördük".

Korner.az saytının əməkdaşları PEN-klubun rəsmi saytındakı axtarış bölməsində Çingiz Abdullayevin adının bir çox dillərdəki yazılışını yazaraq araşdrıma aparıblar və məlum olub ki, saytda ŞAbdullayev barədə heç bir məlumat yoxdur.

Bundan sonra onlar Pen-kluba rəsmi sorğu ilə müraciət ediblər və Pen-klubun şöbələr və komitələr rəhbəri Pol Fineqandan belə bir məktub gəlib:

"Mәktubunuz üçün tәşәkkür edirik.

Tәәssüflә qeyd etmәliyәm ki, ortada yanlış anlaşılma var. PEN International-ın hazırda heç bir nümayəndəliyi yoxdur. Bundan başqa, mәn Çingiz Abdullayevlә heç vaxt kontaktda olmamışam vә bu insanla, ümumiyyәtlә, tanış deyilәm.

Әgәr Siz kimdәnsә Azәrbaycan PEN-in nümayәndәsi olması haqqında iddia eşitmisinizsә, xahiş edirәm, mәnә bildirin, mәn onlarla danışacağam.

Hörmәtlә, Pol Fineqan PEN International".

Bu iddialara "PEN klub - Azərbaycan" adlanan təşkilatın vitse-prezidenti Natiq Rəsulzadə cavab verərək Komanda.az-a saytında təkzib məktubu dərc etdirib:

"İdman saytlarından birində yer almış yazıda müəllif Çingiz Abdullayevin rəhbəri olduğu "PEN-KLUB Azərbaycan"ı az qala saxta təşkilat kimi qələmə verib. Mən bu yazı ilə tanış olduqdan sonra özümə sual verdim ki, necə olur ki, mən bu illər ərzində mövcud olmayan təşkilatın vitse-prezidenti olmuşam. "PEN-Klub Azərbaycan" təşkilatı Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və 25 ildir fəaliyyət göstərir. Təşkilatın prezidenti Çingiz Abdullayev, vitse prezidenti isə mənəm. Mərhum Vaqif Səmədoğlu da bu qurumun vitse-prezidenti idi. Məhz "PEN-Klub Azərbaycan"nın Rabitə Nazirliyi ilə həyata keçirdiyi unikal proqram sayəsində azərbaycanlı yazıçılar öz əsərlərini bizim saytımızda Azərbaycan və rus dillərində nəşr etməklə pul qazana bilirlər.

3 il öncə "PEN-Klub Azərbaycan" 2 azərbaycanlı yazıçının - Fərid Hüseyn və Şəhriyar Hacızadənin İranda həbsdən azad olunmasına nail oldu. İranın rəhbər şəxslərindən biri Xarici İşlər Naziri Elmar Məmmədyarovla görüşündə də bu faktı xüsusi qeyd etmişdi. Saxta təşkilat buna nail ola bilərdimi?

Beynəlxalq PEN-Klub-un mövqeyinə gəlincə: "PEN-Klub Azərbaycan" bu təşkilatın filialı deyil və bu qurumun maraqlarını təmsil etmir. Bizim bu qurumla münasibətlərimiz müəyyən mənada gərgindir, çünki bu qurumun bəzi məsələlərdə mövqeyi Azərbaycanın maraqlarına ziddir. Biz Azərbaycana və onun yazıçıları, ziyalılarının maraqlarına xidmət edirik.
Mən jurnalistə informasiyanı təqdim etməyin elementar qaydalarını xatırlatmaq istəyirəm. Bu "araşdırma"nın müəllifi bizim mövqeyimizi öyrənməyə lüzum görməyib. Bu qeyri-peşəkarlıqdır. İstərdik ki, əcnəbi mövqeni böyük məmnuniyyətlə öyrənən jurnalist, şayiələrə münasibətdə daha məsuliyyətli davransın.

Bununla yanaşı mən belə bir təşkilatın və orada fəaliyyət göstərən insanların nüfuzunu "qaralamaq" istəyən azərbaycanlı jurnalisti heç vaxt başa düşə bilmərəm və belə mövqe nümayiş etdirmək ən azı ayıbdır. O, "PEN-Klub Azərbaycan"a qeyri-obyektiv münasibət göstərən İngiltərə PEN-Klubunun bu mövqeyini tənqid etsəydi bu vətənpərvər jurnalistin uğuru olardı". (musavat.com)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1069 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...