İctimaiət ən çox bu dərsliklərdən NARAZIDIR - təkliflər verilib
Təhsil Nazirliyi 2019-cu ildə müzakirəyə çıxarılan IV və VIII sinif dərslik komplektlərində ən çox təklif və rəylərin gəldiyi dərsliklərin adını açıqlayıb.
Modern.az-ın məlumatına görə, Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin baş məsləhətçisi Vüsalə Əliyeva deyib ki, ötən il müzakirəyə çıxarılan dərsliklərdən ən çox IV sinif "Həyat bilgisi" və VIII sinif "Azərbaycan tarixi" dərsliklərinə rəy və təkliflər gəlib. Sonrakı yerləri IV sinifdən "Rus dili" (tədris dili) və "Azərbaycan dili" (tədris dili), VIII sinifdən isə "Ümumi tarix" və "Azərbaycan dili" (tədris dili) dərslikləri tutur. Ötən ilki müzakirələrdə ən az rəy daxil olan dərsliklər isə IV sinifdən Fransız dili (əsas xarici dil), VIII sinifdən isə "Musiqi" dərslikləri olub.
Nazirlik rəsmisinin sözlərinə görə, ictimai rəyin öyrənilməsində bəzi rayonlar daha çox aktivlik göstərir:
"Məsələn, 2019-cu ildə keçirilən ictimai müzakirələrdə Naxçıvan MR-nın rayonları, Salyan, Hacıqabul, Qusar və Qax rayonlarından olan müəllimlər digər bölgələrlə müqayisədə daha çox rəy və təkliflər göndərib".
V. Əliyeva qeyd edib ki, artıq 5-ci ildir ki, dərsliklər ictimai müzakirəyə buraxılır:
“Haqlı hesab edilən rəy və təkliflərin hər biri nəzərə alınıb və bundan sonra dərsliklər çapa göndərilib. Prosesin özünü doğrultduğunu düşünürəm. Hazırda I, V və IX sinif dərslikləri ictimai müzakirəyə buraxılıb".
615 dəfə oxundu