Azərbaycanda yaltaqlıq rəsmən qadağan oluna bilər? - Deputat bunu lüzumsuz sayır

Azərbaycanda yaltaqlıq rəsmən qadağan oluna bilər? -
Yaltaqlıq insanı gözdən salan xüsusiyyətdir. Bəzən görürsən ki, kimsə şəxsi xeyri və ya öz qiymətini artırmaq üçün başqasının qabağında alçalaraq onun istədiyinə uyğun hərəkətlər edir, riyakarcasına tərif yağdırır..

Artıq bəzi ölkələrdə də yaltaqlığın qadağan olunması ilə bağlı qanun da qəbul olunub.

Bizdə də belə qanun qəbul oluna bilərmi?

Məsələ ilə bağlı Modern.az-a danışan deputat Fazil Mustafa deyib ki, yaltaqlıq haqqında qanun qəbul etmək olmaz, çünki bizdə təkcə vəzifəli şəxslərə yaltaqlanma halları yoxdur, xalqa da yaltaqlananlar kifayət qədərdir:
“Yaltaqlığı hər hansısa şəkildə məhdudlaşdırmaq yanlışdır. Hansısa ölkədə yaltaqlığa dair qanun qəbul edilibsə, hesab etmirəm bu optimal variantdır. Bizdə təkcə yüksək vəzifəli şəxslərə yaltaqlanma halları yoxdur, bizdə kütləyə yaltaqlanma da var. Azərbaycanda xeyli mövqe tutan insanlar var ki, kütləyə yaltaqlanıb, camaatın xoşuna gəlməyən hər hansı sözü deməkdən çəkinirlər, həqiqəti söyləməkdən uzaq düşürlər. Yəni yaltaqlıq təkcə vəzifəli, imkanlı şəxslərə qarşı olan, yüksək məqamlı insanlara yönələn bir xoşagəlməz hal deyil. Məsələn, bir ziyalı düşüncə adamı kütləyə onların neqativ tərəfləri ilə bağlı hansısa fikri söyləməkdən çəkinirsə, ancaq populist çıxışlar edirsə, bu da yaltaqlığın bir növüdür.
Azərbaycanda demokratik imic daşıyan şəxslərin əksəriyyəti bu yaltaqlıq virusunun daşıyıcısıdır. Elə xalqı aldatmağın özü də bir yaltaqlıqdır. Yalandan “hər şey əladır, hər şey gözəldir” deyib insanları aldatmaq da yaltaqlığın bir növüdür. Ona görə də biz elə etməliyik ki, insanlar nəyisə şişirtməsinlər, hadisələri olduğundan fərqli təqdim etməsinlər. Yəni bu da kütləvi məsələdir ki, gərək insan dünyagörüşünü genişləndirsin, özünü hazırlasın ki, hər bir problemə münasibətdə müəyyən dərəcədə obyektivliyini qoruya bilsin və bəzən gülünc vəziyyətə düşməsin. Əgər yaltaqlıq haqqında qanun qəbul olunsa belə, bu, qanun insanlara təsir etməyəcək. Çünki yaltaqlığı həyat tərzinə çevirmiş insanın stereotiplərini dəyişmək çox çətin olar”.

Deputat deyir ki, gender bərabərliyi haqqında da qanun var, amma ölkədə buna əməl olunmur:
“Bizdə gender bərabərliyi haqqında qanun da var. Gəlin görək, kişi və qadınlar arasında bərabərlik təmin olunub? Yox! Qadın-kişi münasibətlərinin də bərabərləşdirilməsi üçün hər iki cinsin təhsilli olması, yüksək dünyagörüşünə malik olması lazmdır. Çünki qanunla kiminsə evinin içinə girib bərabərliyi tənzimləməyəcəyik ki… Ona görə də hesab edirəm ki, yaltaqlıq da tamam başqa konteksdə müzakirə olunmalıdır. Yaltaqlığın daşıyıcıları yüksək reputasiyası olan insanlardır ki, onlar da cəmiyyətin xoşuna gəlmək üçün xoş sözlər deyir. Gəlin, tarixdə yadda qalan insanlara nəzər yetirək. Kimlər ki, hakimiyyətlə savaşıb və bu savaşda qalib ya da məğlub olubsa, onların adı tarixdə qalıb. Çünki belə şəxslər hakimiyyətə yaltaqlanmayıb, kütlənin cəhaləti ilə savaşıblar. Diqqət edirisinzsə Russo, Volter tarixdə qalıb. Ona görə ki, onlar bu cəhalətlə savaşıblar, kütlənin istədiyini söyləməyiblər. Yəni dediyim kimi, təkcə hakim dairəyə yox, aşağı qaragüruha da yaltaqlananlar az deyil. Hər iki tip insanlarda bu xüsusiyyətlər yoxa çıxmalıdır ki, cəmiyyətdə sağlam fikir formalaşa bilsin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
639 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...