"Çinlilər elə şeylər yeyirlər ki, it əti ondan yaxşıdır" - Burak Yılmaz
"Çinlilər nə gəldi yeyirlər. Çox maraqlı yeməkləri var". "Report"un məlumatına görə, bu fikirləri Türkiyə millisinin və "Beşiktaş"ın futbolçusu Burak Yılmaz şəxsi "Instagram" hesabında yazıb.
2016/2017 mövsümündə Çinin "Beytszin Qoan" klubunda çıxış etmiş 35 yaşlı hücumçu koronavirusun ortaya çıxmasında sözügedən ölkəni günahlandırıb: "Çində oynayarkən maraq üçün bazara getdim. Açığı, şoka düşdüm. Ramazan bayramı olduğu üçün adlarını çəkmək istəmirəm. Çox qəribə şeylər yeyirlər. Belə bir mühitdə xəstəliyin ortaya çıxması normaldır. Ümumiyyətlə, xəstəliklərin çoxu Çindən yayılır".
Təcrübəli forvard Çində hələ çox xəstəliklərin üzə çıxacağını söyləyib: "Xüsusi restoranlar var. Orada elə yeməklər verirlər ki, it əti ondan yaxşıdır. Çinlilər də belə xalqdır. Bu, onların mədəniyyətidir. Orada oynayanda xüsusi aşpazım, tərcüməçim, məşqçim və sürücüm var idi".
Yılmaz ölkənin müsbət tərəflərindən də söz açıb: "Futbol və iqtisadiyyat baxımından inkişafa açıq ölkədir. Hər şeyi öyrənmək istəyir, futbolu çox sevirlər. Hər oyunumuza 60 min azarkeş gəlirdi. Amma Çin türkün yaşaya biləcəyi ölkə deyil".
Qeyd edək ki, Burak Yılmaz karyerası ərzində Türkiyədə "Fənərbağça", "Trabzonspor" və "Qalatasaray" klublarının da formasını geyinib.
597 dəfə oxundu