Avtobuslarda kondisionerlərin işə salınmasına məhdudiyyət qoyulub
"COVID-19 infeksiyasının yayılma riskini nəzərə alaraq ictimai nəqliyyatda, ictimai iaşə obyektlərində sərinləndirmə sistemlərinin işə salınmasına məhdudiyyət qoyulub".
Bu barədə “Report” Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayevə istinadən xəbər verir.
Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi TƏBİB-in tövsiyəsinə əsəsən bu addımın atılmasında əsas məqsəd əhalinin sağlamlığının qorunmasıdır: "Çünki avtobuslarda olan sərinləndirmə sistemi havanı daxildə dövr etdirir ki, bu da virusun yayılma riskini artırır. Sərinləndirmə sistemlərinin işə salınmaması sərnişinlərimiz arasında müəyyən qədər narahatlıq yaradıb ki, bu səbəbdən də onlardan məsələni anlayışla qəbul etmələrini xahiş edirik. Təəssüflər olsun ki, bəzi maraqli dairlərin və bəzi daşıyıcıların əlində alətə çevrilən müyyən informasiya saytları bu məsələdə də spekulyasiyalara əl atırlar. Əsassız fikir və yalnış rəy yaymaqla görülən işlərə kölgə salır, sərnişinlər arasında yersiz təşviş və çaşqınlığın yaranmasına səbəb olurlar".M.Ağayevin qeyd etdiyi kimi, son 5 ildə dövlətin diqqəti və qayğısı nəticəsində Bakı şəhəri üçün 600-dən artıq müasir, komfortlu o cümlədən sərinləndirmə sistemləri olan avtobus alınıb: "Avropanın inkişaf etmiş şəhərləri ilə müqayisədə bu çox mühüm bir statistikadır. Alınan avtobusların ekoloji baxımdan təmiz Avro 6 standartlarına cavab verməsi görülən tədbirlərin əhəmiyyətini daha da artırır. Bütün bunlar isə vətəndaşlarımıza təhlükəsiz və rahat sərnişindaşıma xidmətlərinin göstərilməsi üçündür. Bu gün sərinləndirmə sistemlərinin işə salınmaması da elə sərnişinlərimizin sağlamlığı və təhlükəsizliyi üçündür. Məsələ ilə əlaqədar beynəlxalq təcrübədə tədqiq olunub. Məlumat üçün bildirək ki, hazırda Moskva və İstanbul şəhərlərində də avtobuslarda bütün havalandırma və kondisioner sistemi söndürülüb".
632 dəfə oxundu