"Müəllimliyə kütləvi axın var” - TQDK sədri
Müəllim vəzifəsinə işə qəbul zamanı namizədləri psixoloji testdən keçirmək mümkündür. Trend-ə istinadən məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə müəllim peşəsinə qəbul olmaq istəyənlərin psixoloji testdən keçməsinə ehtiyacın olub-olmamasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, qəbul imtahanı kütləvi prosesdir, psixoloji testlər isə individual olur.
M.Abbaszadə qeyd edib ki, bir nəfərin psixoloji testdən keçirilməsindən ötrü bir psixoloq onunla 3 saat işləməlidir. Komissiya sədri bildirib ki, bu prosedurları tədris prosesi zamanı il ərzində keçirmək mümkündür: “Bu yolla ali məktəbi bitirənədək müəllim ixtisasına uyğun olmayan təsadüfi insanlar tədrisdən ayrılacaq. Eləcə də müəllim vəzifəsinə işə qəbul zamanı da namizədləri psixoloji testdən keçirmək mümkündür. Hər bir insanın təhsil almaq hüququ var, lakin əgər ali təhsil almış insanın digər lazımi xüsusiyyətləri yoxdursa, onun işlə təmin olunması mütləq deyil”.
M.Abbaszadə bildirib ki, xüsusi testlər müsabiqə vəziyyəti çox yüksək olanda və yerlərin sayı az olanda tələb olunur: "Hazırda isə müəllimliyə kütləvi axın var. Amma bununla yanaşı, müəllimliyə kütləvi tələb də var". Komissiya sədri qeyd edib ki, kütləvi imtahanlarda vaxt, subyektiv amillər baxımından individual seçim keçirmək çox çətindir: “Qabiliyyət tələb edən ixtisaslar üzrə qəbulun keyfiyyətindən razı qalmaq olar?! Biz nə qədər yeniliklər etməyə çalışsaq da, bilirik ki, yenə də ən böyük problemlər bu ixtisaslar üzrə qəbulun keyfiyyəti ilə bağlıdır. Onu da deyim ki, sonuncu ilin qəbul imtahanlarında qabiliyyət, xüsusilə İncəsənət Universitetinin qabiliyyət imtahanları çox düzgün aparılıb. Biz bunu nəticələri müqayisə etdikdə görürük”.
1081 dəfə oxundu