Azərbaycanda peşə məktəblərinin taleyi necə olacaq?
Təhsil Nazirliyinin orta ixtisas və ilk peşə təhsili məktəblərinin fəaliyyətinin rasionallaşdırılması ilə bağlı hazırladığı təklifdə ilk növbədə bu təhsil müəssisələrinin sayının azaldılması və onların profilləşdirilməsi nəzərdə tutulub. Bu barədə nazirliyin maliyyə şöbəsinin müdiri Rauf Orucov danışıb və bildirib ki, bununla bağlı artıq işçi qrup da yaradılıb və profilləşdirmə zamanı ilk növbədə hansı ixtisaslara daha çox ehtiyacın olması əsas meyar kimi götürüləcək.
Bəs bu tədbirlər necə aparılmalıdır, orta ixtisas və ilk peşə təhsili məktəblərində təhsilin keyfiyyətinə necə təsir edəcək? Təhsil eksperti Etibar Əliyev hesab edir ki, orta ixtisas təhsili məktəblərində struktur islahatları aparılmalıdır, amma ən yaxşı islahatın yolu həmin kollecləri ali məktəblərin tərkibinə daxil etməkdir. O, Virtualaz.org saytına açıqlamasında vurğulayıb ki, bu, bütün inkişaf etmiş ölkələrdə belədir, kolleclər adətən ali məktəblərin nəzdində fəaliyyət göstərir və dərs proqramlarının inteqrasiyası yaxşı mütəxəssis hazırlığına şərait yaradır:
“Əslində, dünyada bizdə olan orta ixtisas təhsili modeli yoxdur, bizə də bu, sovetlər dönəmindən qalıb. Amma onların peşə təhsili məktəblərinə birləşdirilməsindənsə, kollecləri ali məktəblərin tərkibinə daxil etmək lazımdır. Məsələn, Maliyyə-kredit kolleci İqtisad Universitetinin tərkibinə daxil edilib, artıq burada kollec səviyyəsində mütəxəssis hazırlığı gedir. Belə etmək olar ki, kollecdə yüksək nəticə göstərən şagirdlər ali məktəbin birinci kursuna köçürülsün. Bu model dünyada var və uğurla tətbiq olunur.
O ki qaldı peşə təhsili məktəblərinə, bu, bütün inkişaf etmiş ölkələrdə təhsilin ən mühüm pillələrindən birini təşkil edir. Bizdə hazırda ixtisaslı fəhlə kadrlarının olmaması, məişət və digər sahələrdə peşə təhsilli mütəxəsisslərin olmaması həm istehsalat, həm də xidmət sahələrində axsamalar yaradır. Bərbərdən tutmuş neft sahəsində çalışan fəhləyə qədər işçilərin böyük əksəriyyəti peşə təhsili almayıb. Peşə təhsili məktəblərində qərb modeli saxlanılmalıdır, onların inteqrasiyası yalnız orta məktəblə getməlidir. Orta məktəbdə icbari təhsili bitirənlərin böyük əksəriyyəti peşə təhsilinə üz tutur”.
Görüləcək tədbirlər barədə danışan ekspert vurğulayıb ki, ola bilsin peşə təhsili məktəblərinin bir qismi birləşdirilsin:
“Bu da ola bilər ki, peşə məktəbləri orta məktəblərə inteqrasiya edilsin, amma onların bəzilərinin profili orta məktəblərə uyğun gəlmir. Eləsi var ki, daha çox ali məktəblərin profilinə uyğun gəlir. Məsələn, Mədəni Maarif kolleci Mədəniyyət və İncəsənət Universitetinin profilinə uyğun gəlir. Ola bilər ki, iki-üç peşə təhsili məktəbi birləşsin, bir məktəb yaransın. Bura hər hansısa şirkəti də cəlb etmək olar ki, daha keyfiyyətli kadrlar hazırlasın.
İslahatların necə olacağına gəlincə isə, E.Əliyev bildirib ki, bunu zaman göstərəcək:
“Nazirlik məsələ qaldırmışdı ki, rayon təhsil şöbələri birləşdirilsin və prezidentin sərəncamı ilə regional mərkəzlər yaradıldı, amma fəaliyyətsiz qaldılar. Əgər bunlar belə fəaliyyətsiz qalıbsa, peşə təhsil məktəblərindən hələ çox şey gözləmək olmaz”.
1227 dəfə oxundu