Ramiz Mehdiyevin kürəkəni məhkəmə qarşısında – 60 milyonluq əmlakı zəbt edib

Ramiz Mehdiyevin kürəkəni məhkəmə qarşısında –
İddiaçı Şabran sakini Mansur İbrahimovdur

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə qarşı məhkəmə davası açılıb. İddiaçı Şabran sakini Mansur İbrahimovdur. O, Sumqayıt Kommersiya Məhkəməsinə “Turaz” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi” barədə iddia təqdim edib. İddiaya sabah, fevralın 24-də hakim Fərman Həmidlinin sədrliyi ilə baxılacaq. Mansur İbrahimov illərdir ki, qanunsuz olaraq əlindən alınan torpaq sahələrinin geri alınması üçün hüquq mühafizə orqanlarına, məhkəmələrə müraciət etməklə üzləşdiyi böyük cinayətlərin araşdırılmasını, işdə əli olanların cəzalandırılmasına çalışır. Onun Şabrandakı meyvə bağlarını, şirkətlərini əlindən alan isə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni, eks deputat İlham Əliyevdir. Mansur İbrahimovun mülkiyyəti Ramiz Mehdiyev vəzifədə olarkən qanunsuz olaraq əlindən alınıb. O, məhkəməyə təqdim etdiyi şikayətində yazır: “Mən, ailəm ilə 2000-ci ildən kənd təsərrüfatı üzrə sahibkarlıq fəaliyyəti məşğul oluruq. Digər sahibkarlarla birləşərək “Dostluq-MK” MMC, “Turaz” MMC şirkətlərini təsis etmişdik. Şirkətlərə 100 hektarlarla torpaqlar alaraq çoxlu sayda meyvə bağları salmışıq. Şirkətlər gəlir gətirməyə başlayanda Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyev nüfuzundan istifadə edərək mənim gəlir gətirən, 60 milyon manat dəyərində olan şirkətlərimi yalan vədlər verərək, məni aldadaraq 5600 (beş min altı yüz) manata ələ keçirib. Mən bu insana necə güvənmişdimsə, alqı-satqıdakı 5600 manatı da mən cibimdən ödədim. İlham vədlərinə əməl etmədiyindən məcbur qalıb məhkəmələrdə iddialar qaldırdım. Məhkəmələr Ramiz Mehdiyevin kürəkənindən çəkindiklərindən işi ədaləti araşdırmırlar. Lakin ondan qorxmayan bəzi hakimlər ədalətli qərarlar qəbul edirlər. Ölkə rəhbərliyinin sahibkarlığa verdiyi dəstək məni daha da həvəsləndirdiyindən mən həyatımı kənd təsərrüfatına həsr etmişəm. Ən böyük üzləşdiyim qanunsuzluq isə İlham Əliyevə satmadığım 61 hektar meyvə bağlarımı zəbt etməsidir. O, 2011-ci ildən 61 hektar meyvə bağımı zəbt edərək öz bağı kimi meyvələrini satır, pulunu özünə götürür. Bağlarımı hasarın içinə salıb. Məni və ailəmi ora buraxmır. Şabran rayon məhkəməsinin və Sumqayıt Apelyasiya Məhkəməsinin qərarları ilə bağların mənə qaytarılması qət edilsə də, İlham Əliyev qətnaməni icra etmir, bağlarımı qaytarmır. Qanun onun qarşısında acizdir”.

Mansur İbrahimovun Ali Məhkəmədən tutmuş bir çox məhkəmə instansiyalarında sabiq deputat İlham Əliyevə qarşı məhkəmə çəkişmələri var. Ötən ay Ali Məhkəmənin Mülki Kollegiyası sahibkar Mansur İbrahimovun “özgənin qanunsuz sahibliyindən əmlakın geri qaytarılması” barədə iddiasını təmin edib. Bununla da 26,67 hektar bağ sahəsi İlham Əliyevin rəhbərlik etdiyi “TurAZ” MMC-dən alınaraq Mansur İbrahimova qaytarılıb! Bununla da Ramiz Mehdiyevin kürəkəninin Şabranda uzun illər davam edən qanunsuzluğuna qismən də olsa son qoyulub! Sahibkar Mansur İbrahimov illər əvvəl keçmiş deputat İlham Əliyev və sahibkar Kərim Məmmədovun ailə üzvlərinin şərikli işlətdiyi “TurAZ” MMC-yə qarşı Şabran rayon məhkəməsinə iddia təqdim edib. İddiasında cavabdehlər İlham Əliyevlə Kərim Məmmədovun ona məxsus 26,67 hektar torpaq sahəsində qanunsuz olaraq sahibkarlıqla məşğul olduqlarını, torpağı və üzərindəki əmlakları onun sahibliyinə qaytarılmasını tələb edib. Şabran Rayon Məhkəməsi iddianı təmin etmişdi. Bundan sonra İlham Əliyev Sumqayıt Apelyasiya Məhkəməsinə üz tutmuşdu. Apelyasiya instansiyası İlham Əliyevin şikayətini əsassız saymışdı və 26.67 hektar torpağın Mansur İbrahimova qaytarılması qərarı vermişdi. Bu qərardan sonra da İlham Əliyev illər öncə qeyri-qanuni ələ keçirdiyi torpaqları sahibinə verməyə tələsmir.

“TurAZ” şirkəti hər il Mansur İbrahimova məxsus torpaqdakı fəaliyyətdən on milyonlarla manat qazanc əldə edir. Mansur İbrahimovun dediklərinə görə, onun əmlakı və şirkətdən ona çatan pay “TurAZ”ın şərikləri tərəfindən mənimsənilib.

İlham Əliyevin zəbt etdiyi torpaqlarda yerləşən göl bu gün qaynanası Qalina Mehdiyevaya 99 illiyinə icarəyə verilib. Qalina Mehdiyeva həmin göldən zəbt olunmuş torpaqlarda salınan bağlara pulla suvarma suyu satmaqla qazanır!

Ramiz Mehdiyevin özü də Gəndoba gəlib, zəbt olunan üzümlüklərə, meyvə bağlarına və kürəkəninin 12 min tonluq soyuducu anbarına baxış keçirib. İlham Əliyevin isə regiondakı biznes şəbəkəsi bununla məhdudlaşmır. Xaçmazda və ətraf rayonlarda da obyektləri var.

Xatırladaq ki, İlham Əliyev 2010-2020-ci illərdə deputat olub. O, 2020-ci ildə sərt karantin zamanı övladına toy etməsi ilə gündəmə gəlmişdi. Həmin ilin avqustun 22-də Abşeron Rayon Məhkəməsi İlham Əliyev və qudası Rövşən Mustafayevin 15 sutka müddətinə inzibati qaydada həbs olunması barədə qərar qəbul etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
504 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...