Taksi sürücüləri üçün narkotest tələbi - kimlər sənəd ala bilməyəcək?

Taksi sürücüləri üçün narkotest tələbi -
Ekspertlər hesab edir ki, keçirilən tədbirlərin ən vacibi sürücülərin sağlamlıq vəziyyətinin yoxlanılmasıdır, amma...

Taksi minik avtomobilləri ilə sərnişindaşımalarına buraxılış vəsiqəsinin alınması üçün hüquqi şəxslər və ya fərdi sahibkarlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) portal üzərindən elektron qaydada müraciət etməlidirlər.

E-xidmətə VÖEN-ə bağlı gücləndirilmiş elektron imza (SİMA, ASAN imza və s.) ilə daxil olmaq mümkündür. Bu prosedurları taksi sürücüləri keçə biləcəkmi? Çətinlik yoxdur? Diqqətçəkən məqamlardan biri də ərizəyə əlavə olunacaq sənədlər arasında sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatın da tələb edilməsidir. Bu arayışı konkret hansı tibb müəssisəsi verəcək? Həkimlər burada bazar açmayacaq ki? Ölkədə kifayət qədər narkotik istifadəçisi olan sürücünün olduğu da sirr deyil.

Onlar taksi sürmək hüququnu əldə edə bilmək üçün müalicəyə cəlb olunacaq, yoxsa birdəfəlik uzaqlaşdırılacaqlar? Digər bir maraqlı məqam da taksilərlə bağlı ağ və qırmızı rəng tələbidir. Bu hələ də dartışılır və konkretlik yoxdur. AYNA-dan bildirilib ki, bu tələb 1 iyul 2024-cü il tarixindən sonra ölkəyə gətirilən və ölkədə istehsal edilən taksilərə aiddir. Yəni 1 iyula qədər kim hansı rəngli maşınla qeydiyyatdan keçibsə, 5-10 il də həmin maşınla çalışa biləcəkmi?

Elməddin Muradlı - Turkic World

Nəqliyyat məsələləri üzrə mütəxəssis Elməddin Muradlı mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı keçirilən tədbirlərin ən vacibi sürücülərin sağlamlıq vəziyyətinin yoxlanılmasıdır: “Burada xüsusi önəm daşıyan məqam narkoloji və alkoqol yoxlamalarının həyata keçirilməsidir. Eyni zamanda sürücünün psixoloji vəziyyəti mütləq nəzərə alınmalıdır. Əgər psixoloji vəziyyəti normal deyilsə, ona sürücülük vəsiqəsi verilməməlidir. Çox təəssüflər olsun ki, ötən ildən başlayan bu prosesi izləyirik. Görürük ki, bəzi poliklinikalar, bəzi həkimlər yenə də bazar açıblar. Sağlamlıq arayışını çox rahat şəkildə satırlar. Düşünürəm ki, Korrupsiyaya qarşı mübarizə idarəsi, Baş Prokurorluq, digər hüquq-mühafizə orqanları bu məsələlərlə ciddi məşğul olmalıdırlar. Burada insanların həyat və sağlamlığından söhbət gedirsə, mütləq bunlar incələnməli, hər bir məsələ diqqətlə nəzərə alınmalıdır. Əks təqdirdə, görülən bu qədər işin, qəbul edilən bu qədər qaydaların heç bir əhəmiyyəti qalmayacaq. Rəng məsələsi isə AYNA tərəfindən də açıqlandı, 2024-cü il iyulun 1-dən bu qərar qüvvəyə minir. İndiyə qədər ölkədə mövcud olan, iyulun 1-dək ölkəyə gətirilən istənilən rəng avtomobilin 15 ili tamam olmayıbsa, taksi fəaliyyətinə cəlb etmək olar. Bu maşınlarda texniki parametrlər olmalıdır, ADS sistemi, kondisioner sistemi də olmalıdır. Bundan sonra heç kim sovetin köhnə istehsalı olan, kondisionersiz avtomobilini gətirib deyə bilməz ki, təzədir. Texniki parametrləri, kondisioneri, ADS sistemi və ili uyğun gələn maşınlar qeydiyyata alına bilər. İyulun 1-dən sonra həm də 8 il məsələsi qüvvəyə minəcək. 8 il müddətinə ölkəyə gətirilən yeni avtomobillər taksi kimi qeydə alınacaq. Köhnələr yenə də 15 il işləyə bilirlər. 15 ili tamam olmayıbsa, bu müddətdə taksi fəaliyyəti ilə məşğul ola bilərlər. Ancaq əvvəldə dediyim kimi, burada əsas məsələ tibbi müayinənin düzgün aparılmasıdır. Bu, başdansovdu aparılsa, həkimlər özbaşınalıq etsələr, heç bir əhəmiyyəti qalmayacaq. Yenə narkomanlar sükan arxasında qalacaq. Sənədlərin verilməsi məsələsinə gəlincə, sürücülər bu barədə məlumatlıdır. Onların bu işi rahat şəkildə həyata keçirə bilməsi üçün normal imkanlar yaradılıb. 101 "Qaynar xətti" ilə əlaqə saxlaya bilərlər, bilmədikləri məlumatları oradan soruşa bilərlər. Yəni AYNA demək olar ki, bütün şəraiti yaradıb ki, sürücülər elektron sistem üzərindən işləməyi öyrənsinlər. Ünsiyyəti minimuma endirirlər ki, digər neqativ hallar baş verməsin. Ona görə elektronlaşdırılıb ki, kiminləsə şəxsi görüşlər olmasın".

Avtomobil idxalı asanlaşa bilər: DGK-nin yeni xidməti

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Rəsmi qeydiyyat olmalıdır. Əgər onlar fiziki şəxslərdirsə, fiziki şəxs kimi VÖEN almalıdır. Əgər operatordursa, operator kimi qeydiyyatdan keçib VÖEN almalıdırlar. Təbii ki, bu fəaliyyət varsa, vergi ödəyicisi sayılır, elektron identifikasiya nömrəsi olmalıdır. Ola bilər müəyyən dövr çətinlik olsun, bəzi insanlar kompüterdən, rəqəmsal alətlərdən istifadə edə bilmirlər. Amma bu prosesi də keçməliyik. İkincisi, avtomobil nəqliyyatı haqqında qanunda tibb müəssisələri və avtoservislərlə müqavilə imzalanmalıdır. Həm nəqliyyat vasitəsinin texniki baxışı ilə bağlı, eyni zamanda həmin sürücünün sağlamlığı ilə bağlı arayışı təqdim etməlidir. Bu da tələb olunan sənədlər siyahısındadır. İndi tibb müəssisəsində ya da avtoservisdə qanunsuzluq ediləcək, onlara qanunsuz sənəd verəcək, o başqa məsələ. Ümid edirəm ki, buna ciddi nəzarət olacaq”.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb ki, bu ilin iyulun 1-dən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır. İyulun 1-dək müraciət edənlərə bu tələb tətbiq edilmir. Nümunə olaraq qeyd olunub ki, avtomobil 2012-ci il istehsalıdırsa və iyulun 1-dək icazə üçün müraciət edilibsə, bu zaman 3 illik icazə veriləcək və rəng tələbi tətbiq olunmayacaq. Agentlikdən o da bildirilib ki, 1 iyul 2024-cü ildən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır. Rəsmi məlumata görə, bu tələb 1 iyul 2024-cü ilədək müraciət edənlərə tətbiq edilmir. Nümunə: Avtomobiliniz 2012-ci il istehsallıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət etmisinizsə, 3 illik icazə alacaqsınız. Bu halda rəng tələbi tətbiq edilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
157 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...